Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nümayəndə heyəti Türkiyədə işgüzar səfərdədir.
Tələbələrlə iş üzrə mərkəzin direktoru Xalidə Yusifova, İnklüziv təhsil mərkəzinin direktoru Sevinc Məhsimova və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova İstanbul Aydın Universitetində olublar.
UNEC-in nümayəndə heyəti İstanbul Universitetinin Sosial bölümlər fakültəsinin dekanı və Əngəlli tələbələrlə iş mərkəzinin rəhbəri ilə görüşüb. Görüşdə hər iki universitet arasında mümkün əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb. Müəllim-tələbə mübadiləsi, birgə tədbirlər və konfransların təşkili, inklüziv təhsillə bağlı layihələrin reallaşdırılması, birgə elmi məqalələrin və kitabların çap olunması və s. istiqamətlərdə əməkdaşlıqla bağlı razılıq əldə olunub.
Səfər çərçivəsində UNEC nümayəndələri universitetin kitabxanası ilə də tanış olublar. UNEC və İstanbul Aydın Universitetinin elektron kitabxana resurslarına əlçatanlığın, eləcə də elmi araşdırmalar və tədris materiallarına ortaq çıxışın təmin olunması ilə bağlı ilkin razılaşmalar olub.
UNEC-in nümayəndələri İstanbul Aydın Universitetinin təhsil infrastrukturu, tələbələr üçün yaradılan şərait və müxtəlif sosial layihələrlə də tanış olublar.