UNEC rektoru professor Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyətinin Özbəkistanın Daşkənd şəhərinə rəsmi səfəri davam edir.
Səfər zamanı UNEC rektoru, professor Ədalət Muradov, beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor Hüseyn Həsənov, Beynəlxalq əməkdaşlıq departamentinin direktoru Afət Ələkbərova və Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova Özbəkistan Respublikasının Dayanıqlı İnkişaf Mərkəzində olublar.
Özbəkistan Dayanıqlı İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri Marifcan Usmanovun iştirakı ilə keçirilən görüşdə UNEC nümayəndələrinə mərkəz barədə ətraflı məlumat verilib və əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Müzakirələrin sonunda UNEC-in Nizami Gəncəvi adına Davamlı İnkişaf və Yaşıl İqtisadiyyat Tədqiqat Mərkəzi və Özbəkistanın Dayanıqlı İnkişaf Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb.
İdarə Heyətinin sədri Marifcan Usmanov və UNEC-in beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Hüseyn Həsənovun imzaladığı memorandumda Azərbaycan, Özbəkistan və Türk Dövlətləri Təşkilatına üzv olan digər ölkələrdə qlobal və milli inkişaf məqsədlərinin tətbiqi vəziyyətinin öyrənilməsi üçün birgə elmi-praktik layihələrin təşkili, beynəlxalq konfrans və seminarların keçirilməsi, o cümlədən, davamlı inkişaf sahəsində milli məqsəd və vəzifələrə nail olmaq üçün təcrübə mübadiləsi və problemlərin həlli yollarının işlənib hazırlanması, ən aktual və maraqlı milli inkişaf məqsədləri üzrə beynəlxalq konfransların məruzələrinin, kollektiv monoqrafiyaların, analitik və digər məlumat materiallarının nəşri nəzərdə tutulub.