UNEC-in nümayəndə heyəti universitetlərarası əlaqələri genişləndirmək və yeni tərəfdaşlıq imkanlarını dəyərləndirmək məqsədilə Özbəkistanın Daşkənd Tekstil və Yüngül Sənaye İnstitutu, Profi Universiteti və Daşkənd Beynəlxalq Universitetinə işgüzar səfər edib.
Səfər çərçivəsində UNEC-in İnzibati və təşkilati məsələlər üzrə prorektoru dos. Şaiq Əsgərov, Mühəndislik fakültəsinin dekanı dos. Elçin Səmədov, İnsan resursları şöbəsinin müdiri Nizami Qəhrəmanov, “Biznesin idarə edilməsi” kafedrasının müdiri Sevər Məmmədova, UNEC Biznes Məktəbinin direktor müavini Dünya Mustafayeva və Ümumi şöbənin müdiri Mətanət Novruzova, eləcə də Daşkənd Beynəlxalq Universitetinin professoru İsgəndər Yuldaşov, Profi Universitetinin rektoru Şomarov Qayrat və Daşkənd Tekstil və Yüngül Sənaye İnstitutunun prorektoru dos. Nasimov Bəxtiyar ilə görüşlər keçiriblər.
Görüşlər zamanı universitetlər arasında akademik əməkdaşlıq, tələbə-müəllim mübadiləsi, beynəlxalq proqramlar və birgə layihələrin həyata keçirilməsi istiqamətləri üzrə fikir mübadiləsi aparılıb. UNEC nümayəndələrinə qarşı tərəfin fəaliyyəti, beynəlxalq əlaqələri və strateji prioritetləri haqqında məlumat verilib. Eyni zamanda tərəfdaş universitetlər UNEC-in son illərdə əldə etdiyi nailiyyətlər, reallaşdırdığı layihələr və inkişaf hədəfləri barədə məlumatlandırılıb.
Tərəflər birgə elmi-tədqiqat fəaliyyəti, təhsil proqramlarının inkişafı və tələbə mübadiləsi sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər. Görüşlərin sonunda tərəflər gələcək əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirərək birgə layihələrin təşkili və beynəlmiləlləşmə prosesində qarşılıqlı dəstəyin davam etdirilməsi barədə razılığa gəliblər.