UNEC-in nümayəndə heyəti universitetlərarası əlaqələri genişləndirmək və yeni tərəfdaşlıq imkanlarını dəyərləndirmək məqsədilə Özbəkistanın STARS Beynəlxalq Universitetinə işgüzar səfər həyata keçirib.
Səfər zamanı UNEC-in İnzibati və təşkilati məsələlər üzrə prorektoru dosent Şaiq Əsgərov, Mühəndislik fakültəsinin dekanı dosent Elçin Səmədov, “Biznesin idarə edilməsi” kafedrasının müdiri Sevər Məmmədova, UNEC Biznes Məktəbinin direktor müavini Dünya Mustafayeva, İnsan resursları şöbəsinin müdiri Nizami Qəhrəmanov və Ümumi şöbənin müdiri Mətanət Novruzova STARS Beynəlxalq Universitetinin rektoru Bəhram Qurbanovla görüş keçiriblər.
Görüş zamanı əslən azərbaycanlı olan universitetin yaradıcısı Bəhram Qurbanov UNEC ilə gələcək əməkdaşlıq istiqamətlərini müzakirə edib. O, iki ali təhsil müəssisəsi arasında tələbə və müəllim mübadiləsinin təşkili imkanlarını xüsusilə vurğulayaraq, bu prosesin həm akademik mühitin zənginləşməsinə, həm də tələbələrin beynəlxalq təcrübə qazanmasına mühüm töhfə olacağını bildirib.
Bununla yanaşı, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, müxtəlif sahələr üzrə qısa və orta müddətli təlim proqramlarının hazırlanması, mütəxəssis və akademik heyətin potensialının artırılması kimi istiqamətlər də tərəflər üçün prioritet əməkdaşlıq mövzuları kimi dəyərləndirilib. Hər iki universitetin bu sahələr üzrə mövcud imkanları və resursları nəzərdən keçirilib, gələcək addımların planlaşdırılması barədə fikir mübadiləsi aparılıb.