Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) nümayəndə heyəti Macarıstanın Budapeşt şəhərində Budapeşt İqtisadiyyat və Biznes Universiteti, Budapeşt Metropoliten Universiteti və Wekerle Universiteti ilə işgüzar görüşlər keçirib.
Görüşlərin məqsədi ali təhsil müəssisələri arasında akademik əməkdaşlığı genişləndirmək, tələbə və müəllim mobilliyi, birgə layihələr və perspektiv akademik təşəbbüslər üzrə əməkdaşlıq imkanlarını müəyyənləşdirmək olub.
Görüşlər zamanı universitetlərin beynəlxalq əməkdaşlıq strategiyasını, əcnəbi tələbə cəlbi, birgə konfransların təşkili, beynəlxalq təhsil sərgilərində tərəfdaşlıq, akademik mübadilə proqramları, məzunlarla əlaqələrin gücləndirilməsi və karyera yönümlü təşəbbüslər barədə geniş fikir mübadiləsi aparılıb. Həmçinin tərəflər gələcək əməkdaşlıq layihələrinin icrası üçün uyğun platformaların yaradılması imkanlarını müzakirə ediblər.
UNEC adından görüşlərdə Beynəlxalq əlaqələr üzrə prorektor i.f.d. Hüseyn Həsənov, Maliyyə və Təminat Departamentinin direktoru və baş mühasib Seymur Nəcəfov, Beynəlxalq Əməkdaşlıq Departamentinin Xarici Əlaqələr şöbəsinin müdiri Rauf Məmmədov, Elmmetrika şöbəsinin müdiri Şəfa Əlizadə və rektorun referenti Günel Əhmədova iştirak ediblər.
Tərəfdaş universitetlərdən görüşlərdə Budapeşt Biznes Universiteti – Beynəlxalq layihələr üzrə menecer Marianna Kovács-Gergely, Budapeşt Metropoliten Universiteti – Beynəlxalq Mobillik Proqramları üzrə rəhbər Fatima Weininger-Hollósi və koordinator Elizaveta Belaila, Wekerle Universiteti – Beynəlxalq əlaqələr üzrə direktor Patayné Malomsoki Éva və Beynəlxalq əlaqələr üzrə prorektor Dr. Li Aisi iştirak ediblər.
Görüşlərin yekununda tərəflər əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və növbəti işçi görüşlərinin keçirilməsi barədə razılığa gəliblər. UNEC beynəlxalq tərəfdaşlıq şəbəkəsini gücləndirmək və rəqabətədavamlı təhsil modelini daha geniş auditoriyaya təqdim etmək istiqamətində fəaliyyətini davam etdirəcək.