UNEC tələbələri Rusiya Federasiyasının nüfuzlu ali məktəbinin magistratura pilləsi üçün şanslarını sınayıblar.
Rusiyanın “Ali İqtisad Məktəbi” Milli Tədqiqat Universiteti (AİM-MTU) UNEC-də olimpiada keçirib. Üç gün davam edən olimpiada AİM-in magistraturasında təhsil almaq istəyən xarici ölkə (əsasən MDB və Baltikyanı ölkələr) vətəndaşları olan tələbə və məzunlar arasında, eyni vaxtda 12 ölkənin 36 şəhərində keçirilib. Qalib və mükafatçılar AİM-in magistraturasına imtahansız qəbul olunmaqla, ödənişsiz və təqaüdlü təhsil almaq hüququ qazanacaqlar.
7399 nəfərin iştirak etdiyi olimpiadaya Azərbaycandan 79 tələbə qatılıb. Onlardan 65-i UNEC-in tələbəsidir. Olimpiada əsasən iqtisadiyyat, menecment, maliyyə, dünya iqtisadiyyatı, biznes-informatika, riyaziyyat, dövlət idarəetməsi, elektronika, psixologiya istiqamətlərini əhatə edib.
Olimpiadanın təşkil edilməsi üçün Bakıya gələn AİM-in MDB və Baltikyanı ölkələrlə əməkdaşlıq şöbəsinin rəhbəri Kiril Yuryeviç Kisel hər il keçirilən bilik yarışında UNEC tələbələrinin fəal iştirak etdiyini bildirib. UNEC tələbələrin qalibiyyətə çox iddialı olduqlarını qeyd edən K.Y.Kisel onların bu əzmini yüksək qiymətləndirib.
Qeyd edək ki, “Ali İqtisad Məktəbi” Milli Tədqiqat Universiteti olimpiadanın nəticələrini iyun ayında açıqlayacaq.