A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Türkiyənin Ali Təhsil Şurasının nümayəndələrinin görüşü keçirilib.

Görüşün məqsədi Azərbaycan və Türkiyə arasında ali təhsil sahəsində mövcud əlaqələrlə bağlı fikir mübadiləsi aparmaq, gələcək əməkdaşlıqları müzakirə etmək olub.

UNEC-in rektoru professor Ədalət Muradov rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında qonaqlara məlumat verib. Rektor vurğulayıb ki, 44 günlük Vətən müharibəsində qazanılan, bizə qürur yaşadan Zəfər Azərbaycanla Türkiyənin birgə qələbəsidir: “Biz bu qüruru Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan-Türkiyə birliyinə, canını Vətən yolunda fəda edən şəhidlərimizə borcluyuq”.

Rektor qeyd edib ki, torpaqlarımızın işğaldan azad olunması Azərbaycan tarixində yeni səhifə açdı: “Bu səhifəni elm-təhsil sahəsində də açmağa borcluyuq. Bu istiqamətdə qardaş Türkiyə ilə birgə fəaliyyət daha da uğurlu olacaq. Bunun üçün Azərbaycan və Türkiyə arasında təhsil sahəsində qurulan əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirməliyik. Çalışmalıyıq ki, bu əlaqələr bir istiqamətli olmasın. azərbaycanlı tələbələr Türkiyədə, türkiyəli tələbələr Azərbaycanda təhsil alsınlar”.

Təhsil nazirinin müavini Muxtar Məmmədov bildirib ki, son həftəni Azərbaycanda Türkiyə günləri hesab etmək olar. “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının ölkəmizdə keçirilməsi çox müsbət haldır. Bu, ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülən “Bir millət, iki dövlət” ideyasının təzahürüdür. Muxtar Məmmədov diqqətə çatdırıb ki, Təhsil Nazirliyi Azərbaycan və Türkiyə universitetləri arasında əməkdaşlığı dəstəkləyir. Universitetlərimiz arasında ikili diplom proqramları icra olunur, əməkdaşlıq əlaqələri qurulub, memorandumlar imzalanıb: “Türkiyə universitetlərində 20 mindən çox Azərbaycan vətəndaşı təhsil alır, eyni zamanda, türkiyəli tələbələr Azərbaycanda oxuyurlar. Çalışmalıyıq ki, bu əməkdaşlıq əlaqələri tələbələrlə məhdudlaşmasın. Universitetlər arasında müəllim mübadiləsinə də üstünlük verilsin. Birgə elmi jurnallar çap olunsun, dərsliklər hazırlansın”.

Türkiyənin Ali Təhsil Şurasının sədr müavini Safa Kapıcıoğlu vurğulayıb ki, Azərbaycan və Türkiyə elmi ictimaiyyəti arasında akademik əlaqələr inkişaf etdirilməlidir.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Qazi Universitetinin rektoru Musa Yıldız, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Ege Universitetinin rektoru Necdet Budak, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, Sakarya Universitetinin rektoru Fatih Savasan çıxışlarında Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında qurulan əməkdaşlıq əlaqələrinin əhəmiyyətindən bəhs ediblər. Bu istiqamətdə görüləcək işlərə töhfə vermək üçün fikir və təkliflərini diqqətə çatdırıblar.

Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Türkiyə Respublikası Ali Təhsil Şurasının hazırladığı videoçarxlar nümayiş olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay