A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) uzun illər kafedra müdiri vəzifəsində çalışmış, görkəmli iqtisadçı alim, professor Kamil Şahbazov universitetdəki pedaqoji fəaliyyətini öz istəyi ilə yekunlaşdırıb. Bu münasibətlər universitetin rektoru Ədalət Muradov və professor-müəllim heyətinin iştirakı ilə professor Kamil Şahbazovla görüş keçirilib.

Görüşdə çıxış edən rektor prof. Ədalət Muradov Kamil Şahbazovun uzun müddətli elmi və pedaqoji fəaliyyətini yüksək qiymətləndirib: “Kamil müəllim ömrünün yarım əsrdən çoxunu İqtisad Universitetinə həsr edib. O, yüksək mədəniyyəti, zəngin dünyagörüşü və mütaliəyə olan sevgisi ilə əsl ziyalı nümunəsidir. Bu gün böyük bir ömrün, şərəfli bir müəllimlik yolunun böyük hörmətlə dəyərləndirildiyi gündür. Bu, hər kəsə nəsib olmayan şərəfli bir müəllimlik yoludur.”

Rektor həmçinin Kamil Şahbazovun universitet tarixindəki rolundan söz açıb: “İqtisad Universitetinin tarixində elə bir dövr var ki, həmin dövr bir qrup görkəmli iqtisadçı alimlərin adı ilə bağlıdır. Bu sırada xüsusi çəkisi olan alimlərdən biri də məhz Kamil Şahbazovdur. Biz belə professorlarımızın olması ilə qürur duyuruq”- deyə, bildirib.

Görüşdə professorlar Əlican Babayev, Qabil Manafov, Yadulla Həsənli, tələbələrlə iş üzrə prorektor dosent Sədaət Qəndilova, “İqtisadiyyat və texnoloji elmlər” kafedrasının müdiri, professor Yaşar Kəlbiyev, Magistratura Mərkəzinin rəhbəri, dosent Söhrab İsayev professor Kamil Şahbazovun yüksək mədəniyyətindən, idarəçilik bacarığından, kollektivə və tələbələrinə göstərdiyi diqqətdən söz açıblar. Çıxış edənlər Kamil Şahbazovun iqtisad elminə verdiyi töhfələri, onun rəhbərliyi ilə “İqtisadiyyatın idarə edilməsi” kafedrasının yaradıldığını, həmin kafedrada 3 elmlər doktoru və yüzlərlə elmlər namizədinin yetişdiyini xüsusi vurğulayıblar.

Qeyd olunub ki, professor Kamil Şahbazov bundan sonra magistrlərin elmi işlərinə rəhbərlik edərək gənc tədqiqatçıların yetişməsində iştirak edəcək. O, pedaqoji fəaliyyətini yekunlaşdırsa da zəngin təcrübəsini magistr və tədqiqatçılarla bölüşəcək. Çıxış edənlər Kamil Şahbazova uzun ömür, möhkəm cansağılığı və elmi fəaliyyətində uğurlar arzulayıblar.

Görüşdə universitetin ictimai-siyasi həyatında və elmi-pedaqoji sahədə göstərdiyi xidmətlərə görə professor Kamil Şahbazov rektor tərəfindən Fəxri Fərmanla təltif olunub.

TOP XƏBƏRLƏR