UNEC-in Mühəndislik fakültəsinin “Mühəndislik və tətbiqi elmlər” kafedrasında “Gil mineralları: kiçik hissəciklərin böyük rolu” mövzusunda elmi seminar keçirilib.
Seminarı giriş sözü ilə açan kafedra müdiri, dosent Tural Nağıyev kafedrada elmi seminarların mütəmadi keçirilməsinin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, bu cür tədbirlər professor-müəllim heyəti, doktorant və tələbələrin elmi fəaliyyətinin daha səmərəli təşkilinə, eləcə də UNEC tədqiqatçılarının digər ali təhsil və elmi-tədqiqat müəssisələrinin nümayəndələri ilə əməkdaşlığının genişlənməsinə mühüm töhfə verir.
Seminarın məruzəçisi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti-nin tədqiqatçı müəllimi, eyni zamanda UNEC-in “Kompozit Materiallar” Elmi Tədqiqat Mərkəzinin ictimai əsaslarla tədqiqatçısı, geologiya üzrə fəlsəfə doktoru Elşən Abdullayev olub. Məruzəçi müxtəlif mənbələrdən əldə edilmiş gil mineralları üzərində apardığı elmi tədqiqatlar, tətbiq olunan metodologiyalar və əldə edilmiş nəticələr barədə ətraflı məlumat verib.
Çıxış zamanı gil minerallarının fiziki-kimyəvi xüsusiyyətləri, sənaye və mühəndislik sahələrində tətbiq imkanları, eləcə də multidissiplinar yanaşmanın əhəmiyyəti xüsusi diqqətə çatdırılıb.
Seminar interaktiv müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb və geniş elmi fikir mübadiləsi aparılıb.