UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamentində (ÜFTTD) professor-müəllim heyəti üçün “Emosional tükənmə” mövzusunda seminar keçirilib.
Tədbiri giriş sözü ilə açan ÜFTTD-nin direktoru, dosent Gülnarə Rzayeva bu cür maarifləndirici seminarların sağlam və səmərəli iş mühitinin formalaşdırılmasında mühüm rol oynadığını bildirib. O, peşəkar fəaliyyət zamanı psixoloji dayanıqlığın qorunmasının vacibliyini vurğulayıb.
UNEC Psixoloji Xidmət Mərkəzinin rəhbəri dosent Şəfahət Abdullayeva emosional tükənmənin mahiyyəti, yaranma səbəbləri və əsas əlamətləri barədə ətraflı məlumat verib. Bildirilib ki, uzunmüddətli stress, yüksək məsuliyyət və davamlı emosional gərginlik xüsusilə pedaqoji fəaliyyətdə çalışan şəxslərdə motivasiya azalmasına və peşəkar yorğunluğa gətirib çıxara bilər.
Tədbir çərçivəsində emosional tükənmənin qarşısının alınması üsulları, stressin idarə olunması mexanizmləri və özünəqayğı vərdişlərinin formalaşdırılması ilə bağlı praktiki tövsiyələr təqdim olunub.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.