UNEC-in müəllimləri Polşada “Dəvət olunmuş mühazirəçi” proqramında iştirak ediblər
17-28 noyabr 2025-ci il tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Tətbiqi iqtisadiyyat” kafedrasının ixtisas rəhbəri dosent Lalə Həmidova və baş müəllim Esmira Əhmədova Polşanın Katovitse şəhərində yerləşən Silesiya Akademiyasında “Visiting Lecturer” (“Dəvət olunmuş mühazirəçi”) proqramında iştirak ediblər.
Proqram UNEC-in Qadın Tədqiqatçılar Şurası ilə Silesiya Akademiyası arasında qurulan uğurlu elmi əməkdaşlıq çərçivəsində həyata keçirilib. Proqram müddətində UNEC müəllimləri “Marketinq tədqiqatları” fənnini tədris edərək 16 saat mühazirə, 24 saat məşğələ və 25 saat layihə işinə rəhbərlik ediblər.
Kursun sonunda UNEC müəllimləri Silesiya Akademiyasının rektoru ilə görüşüb və onlara proqramda iştirakla bağlı sertifikatlar təqdim olunub.
Bundan əlavə, 28 noyabr 2025-ci il tarixində dosent Lalə Həmidova və baş müəllim Esmira Əhmədova Opole Tətbiqi Elmlər Akademiyasında keçirilən “Qloballaşan dünyada həyat səviyyəsinin yaxşılaşdırılmasının müasir problemləri” mövzusunda 10-cu Beynəlxalq Elmi və Praktik Konfransda elmi məruzələrlə çıxış ediblər.