A

UNEC-in “Dizayn” kafedrasının müəllimi, tanınmış rəssam Əli Əliyevin “Azərbaycan naxışları” adlı fərdi rəsm sərgisi açılıb.

Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda təşkil olunan sərgi Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə keçirilib. Fərdi sərgidə rəssamın 80-dək sənət əsəri yer alıb.

Sərginin açılışında tanınmış incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, UNEC-in professor-müəllim heyəti, tələbələr və digər qonaqlar iştirak edib.

Sərgi barədə məlumat verən Ə.Əliyev bildirib ki, onun işləri əsasən natürmort-mənzərə janrında iriölçülü kompozisiyalardır. Bu kompozisiyalar əsasən milli məişət üslubunda, etnoqrafik səpkidə, real və özünəməxsus janrdadır. Vurğulayıb ki, o, qrafika, qrafiki dizayn, illüstrasiya, kitab-jurnal tərtibatı janrlarında, eləcə də müxtəlif monumental dizayn və tərtibat sahələrində çalışır. Əsərləri bəzi dövlət idarələri və şəxsi kolleksiyalarda saxlanılır.

Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov rəssamın yaradıcılığından və sərginin əhəmiyyətindən söz açıb. Qeyd edib ki, rəssamın yaradıcılığı olduqca zəngindir: “Bu gün Əli Əliyevin sayca ikinci olan bu fərdi sərgisində maraqlı əsərlər yer alır. Bu əsərlərin içində təbiət mövzusunda natürmortlar da var. Rəssamın burada nümayiş olunan rəngkarlıq janrında olan əsərləri onun yaradıcılıq və sənətə olan bağlılığını əyani şəkildə göstərir”.

Sərgidə Əməkdar incəsənət xadimləri Ziyadxan Əliyev, Rafiq Kərimov və Bakı İncəsənət Mərkəzinin rəhbəri Rafael Gülməmmədov çıxış edərək rəssamın yaradıcılığından bəhs edib, ona yeni yaradıcılıq uğurları arzulayıblar.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Sərgi bir həftə ziyarətçilər üçün açıq olacaq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay