A

azpolitika.info

"İyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş dövlətin təhlükəsizliyi və gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır".

Bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "Menecment" kafedrasının rəhbəri, professor Kamil Şahbazov Şuşa Bəyannaməsinin əhəmiyyətini "AzPolitika.info"ya şərh edərkən bildirib.

Professor Kamil Şahbazovun sözlərinə görə, Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasındakı dərin əməkdaşlıq əlaqələrini ən yüksək müttəfiqlik səviyyəsinə qaldırıb: "İki qardaş ölkənin əlaqələri, müttəfiqliyi həmişə yüksək səviyyədə olub. Amma Şuşa Bəyannaməsi bu müttəfiqliyi, bu əlaqələri ən üst səviyyəyə qaldırdı. Bu sənəd tarixi əlaqələri ittifaq səviyyəsinə yüksəldib. Təsadüfi deyil ki, imzalanmış Bəyannamədə də tarixə əsaslanılır.

Belə ki, Şuşa Bəyannaməsində xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamlarından istifadə olunur. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” fikirlərinə istinad olunması Türkiyə və Azərbaycanın qan qardaşlığının əbədiliyini, keçmişdə olduğu kimi, gələcəkdə də davam edəcəyini, daha da inkişaf etdiriləcəyini göstərir"

Professor Kamil Şahbazovun sözlərinə görə, Şuşa Bəyannaməsində müdafiə sahəsində əməkdaşlığın və qarşılıqlı hərbi yardım məsələlərinin öz əksini tapması iki müttəfiq dövlətin hər zaman bir yerdə olacağının, bir-birinin təhlükəsizliyini təmin edəcəyinin bütün dünyaya bəyan edilməsidir: "Bunu möhtərəm Prezidentimiz İlham Əliyev cənabları da açıq şəkildə söylədi: “Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik, necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq!”

Həmçinin qardaş Türkiyə dövlətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan da Şuşa Bəyannaməsi imzalandıqdan sonrakı çıxışında "Qarabağın və Azərbaycan torpaqlarının bir daha belə bir fəlakət yaşamaması üçün lazımi tədbirləri birlikdə görəcəyik" deyərək, bölgədə təhlükəsizliyini təmin olunması istiqamətində addımlar atılacağına dair pis niyyətli yaxın-uzaq çevrələrə xəbərdarlıq etdi!"

Professor Kamil Şahbazov Şuşa Bəyannaməsinin iki ölkənin iqtisadiyyatının inkişafı baxımından da əhəmiyyətli olduğunu vurguladı: "Bu bəyannamə yalnlız Türkiyə və Azərbaycan arasında deyil, regionun bütün dövlətləri arasında iqtisadi, ticari əlaqələri genişləndirməyə imkan verən tarixi bir sənəddir.

Bu günə qədər olan iqtisadi münasibətlərin daha da dərinləşdirilməsi, tikinti, turizm, istehsal-emal sahələrində yeni gerçəkliklərin tələblərinə uyğun əlaqələrin qurulması, imkanların birləşdirilməsi, qarşlıqlı investisiyaların artırılması post-pandemiya dövrü sürətli qalxınmaya şərait yaradacaq.

Şuşa Bəyannaməsinə əsasən Türkiyə və Azərbaycan müdafiə sənayesi texnologiyalarının inkişaf etdirilməsində bir-birinə kömək edəcəklər, eyni zamanda, istehsal texnologiyalarını paylaşaraq mövcud olmayan sənaye sahələrini yaradacaqlar. Bu da ölkəmizdə məşğulluğun təmin olunmasına böyük töhvə verə bilər. Azərbaycanın Türkiyə kimi müdafiə sənayesi inkişaf etmiş bir ölkə ilə əməkdaşlıq qurması isə yalnız yeni iş yerlərinin yaradılması baxımından deyil, həm də ixracı artıracaq yeni məhsullar istehsalını təşkil etmək, müasir texnologiyaların ölkəyə cəlb edilməsi baxımından da çox əhəmiyyətlidir.

Ümumiyyətlə, Türkiyə ilə iqtisadi əlaqələrin dərinləşdirilməsi, bütün sahələr üzrə əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin iqtisadiyyatının inkişafı baxımından böyük önəm daşıyır".

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay