Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dizayn məktəbinin müəllimi Aynur Rzayevanın Şuşa ilinə həsr olunan “Xəzinə” adlı rəsm sərgisinın açılışı olub.
Muzey Mərkəzində təşkil olunan sərginin açılışında UNEC rektoru professor Ədalət Muradov, universitetin professor-müəllim heyəti, ölkənin tanınmış mədəniyyət və incəsənət xadimləri, ziyalılar və digər qonaqlar iştirak ediblər.
Sərginin açılışında çıxış edən rektor Ədalət Muradov gənc müəllim Aynur Rzayevanın rəsm əsərlərinin daha öncə İqtisadi Forumda nümayiş olunduğunu bildirərək, həmin əsərlərin forumda iştirak edən Nobel mükafatı laureatı Aziz Sancarın xüsusi marağına səbəb olduğunu deyib. Müəllif tərəfindən “Bürclərə and olsun ki” adlı əsərin alimə hədiyyə olunduğunu diqqətə çatdırıb. Rektor Aynur Rzayevanın yüksək pedaqoji keyfiyyətlərindən söz açaraq, onu təbrik edib, yeni-yeni yaradıcılıq uğurları arzulayıb.
Sərgidə iştirak edən tanınmış incəsənət xadimləri rəssamın yaradıcılığından, onun yaratdığı əsərlərin unikallığından söz açıblar, natürmort janrına bu cür fərqli yanaşmanın yeni olduğunu bildiriblər. Xalça mövzusunun silsilə əsərlərin kompozisiyasının dominantına çevrilməsi faktına ilk olaraq Aynur Rzayevanın yaradıcılığında rast gəlindiyini deyiblər.
“Xəzinə” adlı fərdi rəsm sərgisində xalqımızın milli mədəniyyətinin bir parçası olan Azərbaycanın məşhur xalçalarına müraciət olunub. Müəllifin ikisi Şuşa xalçası olmaqla, Şirvan, Quba, Şəki, Bakı, Şabran, Naxçıvan, Qazax, Gəncə xalçaları və natürmort janrını əks etdirən 30 əl işi nümayiş etdirilir.
Sərgi mayın 14-dək davam edəcək.
İTV
Mədəniyyət TV