A

AzEdu.az 

Növbəti müsahibimiz Azərbaycan Dövlət İqtisas Universitetinin (UNEC) SABAH qruplarının məzunu Günel Rüstəmlilərdir. 

Belə ki, o, UNEC-ə 640 balla daxil olaraq 2022-ci ildə 98.02 ortalama balla məzun olub. Təhsilini Böyük Britaniyanın “Exeter” Universitetində “Social Data Science” üzrə davam etdirəcək. 

Müsahibəni təqdim edirik: 

- Özünüzü oxucularımıza təqdim edərdiniz? 

  • Mən, Rüstəmlilər Günel 13 may 2001-ci ildə Sumqayıt şəhərində anadan olmuşam. 2007-ci ildə Sumqayıt şəhər 11 saylı tam orta məktəbə daxil olaraq 2018-ci ildə orta məktəbi qırmızı attestatla bitirmişəm. Universitetə qəbul imtahanında 640 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit ixtisasına qəbul olunmuşam. İkinci kursdan etibarən təhsilimi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılan SABAH qruplarında davam etdirmişəm. 2022-ci ildə 98.02 ortalama və qırmızı diplomla universiteti bitirmişəm. Universitetdə oxuduğum müddət ərzində daim fəal olmağa, aktiv universitet həyatı keçirməyə çalışmışam. Ölkəmizdə baş tutan bir çox beynəlxalq yarışda könüllü kimi iştirak etmişəm. İxtisasımı dərindən öyrənmək üçün kurslara qatılmışam. Hazırda Qafqazın ən böyük sənayə parklarından olan Sumqayıt Texnologiyalar Parkında Auditor vəzifəsində çalışıram.

- Təhsil aldığınız universitetin sizə nə kimi faydaları olub ?

- UNEC-in mənim qəlbimdə hər zaman başqa bir yeri var. Universitetə hazırlaşarkən hər zaman deyirdim ki, mən bakalavr təhsilimi UNEC-də alacam, ora daxil olmaq mənim məqsədim idi. Əgər yenidən seçim şansım olsa, yenə UNEC, yenə SABAH ailəsini seçərdim.

- Universitetə böyük sevginiz yaranıb...

 - UNEC-də xüsusilə, SABAH qruplarında yüksək səviyyəli və keyfiyyətli təhsil verilir. Müəllimlər və tələbələr arasında dostluq münasibəti, dekanımızın valideyn nəvazişi ilə daim bizə dəstək olması mənə UNEC-i sevdirən əsas amillərdən biri idi. Ən xırda çətinliyimiz olanda onu rəhbərliklə və ya müəllimlərimizlə bölüşməkdən çəkinmirdik. Mən ilk maliyyə və mühasibat biliklərimi burda aldım, burada nəinki akademik fəaliyyətimi genişləndirdim, eləcə də universitetim mənə fədakarlığın və zəhmətkeşliyin vacibliyini aşıladı. Təhsil almaqla kifayətlənməyib, həmçinin sosial çevrəmi böyütdüm, yeni insanlarla tanış oldum. Həmyaşıdlarımla ünsiyyət mənim mədəni anlayışımı zənginləşdirməklə yanaşı , həm də komandada işləmək uğur qazanmağıma yol açdı.

 - Tələbəlik illərinizi necə xatırlayacaqsız? 

  • Geriyə dönüb tələbəlik illərimə baxanda üzümdə hər zaman gülümsəmə yaranır. Məktəb illərində sinif yoldaşlarıma bağlı idim, düşünürdüm ki, onlardan ayrılmaq mənə çətin olacaq, amma qrup yoldaşlarım mənə bunun əksini sübut etdi. Baxmayaraq ki, təhsilimizin 2 ili distant şəkildə oldu, biz qrup yoldaşlarımızla bir ailə kimi idik. Hər zaman çevrəm mənə deyirdi ki, sənin necə mehriban səmimi qrup yoldaşların var. Universitetdə qrup rəhbəri idim, hər zaman çalışırdım ki, qrup yoldaşlarım üçün ən yaxşısını edim, bəlkə də elə buna görə mənə “old but gold starosta” deyirlər. Yuxusuz gecələri, imtahanlardan əvvəl saatlarla kitabxanada imtahan hazırlıqlarını birgə yaşayırdıq. Aramızda bölgü edərək, qruplar şəklində dərs danışardıq, həmçinin gəncliyimizi unutmayaraq dərslərdən sonra müxtəlif maraqlı fəaliyyətlərlə məşğul olardıq. Düşünürəm ki, həyatda heç kimi əbəs yerə tanımırıq, mən də əminəm ki qrup yoldaşlarımın hər biri yaxşı mənada mənim həyatıma təsir ediblər, onlarla oxumaq mənim üçün əvəzolunmaz təcrübə idi.

 - Xaricdə yerləşən başqa ali təhsil müəssisələrinə müraciət etmişdiniz?

- Bəli. 

- Hansılar idi?

 - Estoniyanın “Tartu” universitetindən İnnovasiya və Texnologiya ixtisası üzrə təhsil haqqından azad olmaqla qəbul almışdım, eləcə də digər ölkərin də ali təhsil müəssisələrinə də müraciət etmişdim və qəbul almışdım.

- Bəs niyə məhz “Exeter” Universitetində təhsil almağı seçdiniz?

- İngiltərə bir çox sahələrdə elmin beşiyi hesab edilir. Xüsusilə də elm sahələrində aparılan araşdırmaları, araşdırma institutları və mərkəzləri, elm adamları ilə önəmli nüfuza sahibdirlər. Daha sonra məhz təklif olunan dərs proqramı və fakültənin akademik heyəti baxımından bu universitetlər arasında qərarım “Exeter” oldu.

 - Qəbul olduğunuzu biləndə hansı hisləri keçirdiniz?

- Bu hisləri sözlərlə ifadə eləmək o qədər çətindir ki... Düşünün ki, illərdir, hər ad günündə tortu üfürəndə və yaxud digər situasiyalarda eyni arzunu arzulayırsız. Və sizə qəbul olduğunuz barədə bir bildiriş gəlir, öncə donub qaldım və inana bilmədim ki, mənim xəyalım həyata keçib. Tez ailəmlə və dostlarımla bölüşdüm, onların gözündə o sevinci, qürur hissini görəndə həqiqətən anladım ki mən bacardım. 

- Bəs vətəninizdən uzaq, yad bir ölkəyə öyrəşmək sizin üçün çətin olmayacaq?

- Əlbəttə, ilk zamanlar çətin olacaq, vətəndən, ailədən uzaqda yeni bir başlanğıc etmək bəzən insanı qorxudur. Mənim də qorxularım var, amma bunların həyatımın unudulmaz xatirələri olacağını bilirəm. Yeni ölkəyə köçmək, fərqli mədəniyyətlərdən olan insanlarla tanış olmaq, öz ölkəmi orada layiqincə təmsil etmək məni o qədər həyəcanlandırır ki. 

- Təhsilinizə çox önəm verdiyiniz ortadadır. Bu sizə ailənizdən aşılanıb yoxsa, məhz özünüz daim inkişafda olmağı seçmisiniz?

- Ailəm məni hər qərarımda dəstəkləyib, daim yanımda olub. Həm öz gələcəyim üçün, həmçinin də onları qürurlandırmaq üçün daim inkişafda olmağı seçmişəm.

- Oxumaqdan, daima nələrsə öyrənməkdə heç usandığınız olubmu?

-Bezmək yox, bəzən ruhdan düşdüyüm olub. Amma burada tək önəmlisi həqiqətən hədəfində nə qədər qərarlı olduğundur. Yorğun, stressli olduğum zamanlar məqsədlərimi, xəyallarımı xatırlamağımla yenidən ayağa qalxıram. Bəzən hansısa məlumatları öyrənərkən insanlarda bunu mən harda istifadə edəcəm düşüncəsi olur, amma öyrəndiyimiz ən kiçik məlumatlar belə bəzən həyatımızın ən çətin anında köməyimizə çatır. Buna görə də, daim öyrənmək, inkişaf etmək həyatımızın bir parçası olmalıdır.

- Böyük Biritaniyada təhsilinizi bitirdikdən sonra orada yaşamağı düşünürsüz? 

- Orda oxuduğum müddət ərzində vətənimdən ayrı qalmaq mənim üçün çətin olacaq. Təhsili bitirib ölkəmə qayıdaraq orada öyrəndiklərimi burada tətbiq etmək istəyirəm. Avropa ölkərinə baxarkən insanların xoşbəxt olduğunu, həyatda məyusluqlarının olmadığını görürük, elə məhz buna görə də “Social data Science” sahəsini seçdim ki, araşdırmalar edərək mən də öz ölkəmdəki insanların həyatlarına toxunum və ölkəmizi onlar üçün daha yaxşı məmləkətə çevirim.

 - Uğur qazanmaq, vətən üçün faydalı bir gənc olmaq üçün həmyaşıdlarınıza nə kimi tövsiyələriniz var? 

- Gənclərə ilk tövsiyəm o olardı ki, daim xəyallarının ardınca getsinlər. Xaricdə təqaüdlə təhsil almaq mənim xəyalım idi. Bəli, bu yolda bəzən çox çətinliklərlə üzləşəcəklər, bəzən ruhdan düşdüyüm, hər şeyi sorğuladığım günlərim də oldu. Amma bunlara baxmayaraq yenə də bu yoldan dönmədim. Əgər bunu həqiqətən istəyirsizsə, əmin olun ki olacaq. Hətta sizə belə bir şey etiraf edim, mən daim xaricdə təhsil səhifələrini izləyirdim, orada tələbələrin uğurlarını paylaşanda, müsahibələrini oxuyanda onlara həsəd aparırdım və bir gün məni də paylaşmaqlarını arzulayırdım. Və budur burdayam. Həmyaşıdlarıma onu demək istəyirəm ki, həyatda hədəfləri, məqsədləri, xəyalları olsun və bunları həyata keçirmək üçün əllərindən gələni əsirgəməsinlər. Daim öz üzərlərində işləsinlər, yeni nəsə öyrənməkdən çəkinməsinlər və gəncliklərini yaşamağı unutmasınlar. Xoşbəxt gələcək inşa etmək biz gənclərin əlindədir.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay