“Həftənin kitabı” layihəsi bu buraxılışını “Dairəvi iqtisadiyyat” kitabına həsr edir.
Kitabın müəllifləri baş müəllimlər Cəbrayıl Vəliyev, Səkinə Babaşova, Elnur Hüseynzadə, Hüseynqulu Quliyev, dosentlər Samirə Şamxalova, Kəmalə Nəcəfova, Aytən Hüseynlidir.
Kitab oxucularına ekosistemin mühafizəsinə və sosial məsuliyyətə fokuslanan dairəvi iqtisadiyyat barədə geniş məlumat əldə etməyə imkan yaradır. Bu məqsədlə kitabda dairəvi iqtisadiyyatın əsas anlayışları, nəzəri və tətbiqi tərəfləri şərh olunur, onun müxtəlif sənaye sahələrində necə reallaşdırlmasına, sosial və ekoloji təsirlərinə, həmçinin iqtisadi səmərəliliyi necə artırmasına dair müxtəlif uğurlu nümunələr təqdim olunur. Kitabda resursların idarə edilməsi mexanizmləri, xammaldan səmərəli istifadə strategiyaları və eko-innovasiyaların dayanıqlı inkişafdakı rolu geniş işıqlandırılmışdır.
Qeyd edək ki, bu nəşr UNEC-in 95 illik yubileyinə həsr edilmiş İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların VII Beynəlxalq Elmi Konfransı çərçivəsində nəşr olunmuşdur.
404 səhifəlik “Dairəvi iqtisadiyyat” kitabı 2025-ci ildə “İqtisad Universiteti” nəşriyyatında çapdan çıxıb. Oxucu-istifadəçilər dərsliklə UNEC KİM-in 24/7 və bütün kitabxanalarında yaxından tanış ola bilərlər.