“Həftənin kitabı” bu həftə oxuculara “Səninlə fəxr edirik, Azərbaycan əsgəri” kitab-albomunu təqdim edir.
Kitab-albomun tərtibçi-redaktoru əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbanidir.
Kitab-albom Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşəbbüsü və təşkilatçılığı ilə “Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” devizi altında 2019-cü ildə keçirilən Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasına həsr edilib. Kitab-albomda Azərbaycan Dövlət İqtisad Universitetinin hər zaman Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uğurlu daxili və xarici siyasətini, erməni işğalı ilə barışmayan prezident-xalq-ordu birliyini dəstəklənməsi, bu istiqamətdə aksiya çərçivəsində keçirilən tədbirlər, eləcə də UNEC-in akademik heyətinin təəssüratları geniş yer alıb.
Qeyd edək ki, kitab-albom 26 iyun – Silahlı Qüvvələr günü münasibətilə cəbhəboyu bölgələrdəki hərbi hissələrdə keçirilən tədbirlərdə əsgər və zabitlərimizə hədiyyə edilib.
Kitab-albomda Azərbaycan İnformasiya Agentliyinin, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin, Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin, “Azərbaycan Ordusu” qəzeti redaksiyasının, Azərbaycan Dövlət İqtisad Universitetinin və müəllifin şəxsi arxivinin materiallarından istifadə edilib.
“Səninlə fəxr edirik, Azərbaycan əsgəri” kitab-albomu “APOSTROFF” nəşriyyatında 2019-cu ildə çapdan çıxıb, 252 səhifədir. Oxucu-istifadəçilər UNEC-in 24/7 Kitabxanasından, eləcə də bütün tədris binalarında olan UNEC kitabxanalarından əldə edə bilərlər.