Elm və təhsilin inteqrasiyası, elmin populyarlaşdırılması qloballaşan dünyada müasir dövrün əsas tələblərindəndir. Elmi kadr potensialının inkişafını sürətləndirmək və gənclərin elmə marağını artırmaq, onların inteqrasiyası ilə bağlı zəruri informasiya tələbatını təmin etmək məqsədilə daim ciddi islahatların aparılmasına ehtiyac var. Hazırda dünyada elmə böyük maraq var, onun auditoriyası çox genişdir. Cəmiyyətin elm və təhsil, onların inteqrasiyası sahəsində zəruri informasiya ilə təminatına böyük tələbat vardır ki, bu da elm və texnikanın dinamik inkişafı ilə bağlıdır. Bu baxımdan elmin təbliği yetərli qədər böyük əhəmiyyət kəsb edən məsələdir. Ona görə də işlər yüksək səviyyədə təşkil olunmalı və elmin ictimai əhəmiyyəti daim diqqət mərkəzində saxlanılmalıdır.
ELMİN TƏBLİĞATINI TƏŞKİL ETMƏKLƏ GƏNC NƏSLİN ELMƏ MARAĞINI ARTIRMAQ
Elmin populyarlaşdırılmasının və təbliğinin vacibliyini nəzərə alaraq Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşəbbüsü ilə "Elm gözəldir: Məktəbdən elmə" adlı layihəyə start verilib. Layihənin əsas məqsədi məktəblilərin intellektual potensialının və dünyagörüşünün inkişafına təkan vermək məqsədilə elmi biliklərin kütləvi təbliğini həyata keçirmək, elmin təbliğatını təşkil etməklə gənc nəslin elmə marağını artırmaqdan ibarətdir.
Layihə çərçivəsində UNEC-in müəllimləri ölkə üzrə məktəblərə və liseylərə səfər edərək, gənc nəslə elm və təhsil sahəsindəki ən son yenilikləri, elmi kəşfləri və uğurları tanıdırlar. Aparılacaq müzakirələr gənc nəslin elmə marağının artırılmasına, elmə yeni, gənc mütəxəssislərin cəlb edilməsinə təkan verəcək.
Bu layihə Bakı və Sumqayıt şəhərlərində yerləşən orta məktəbləri, Lənkəran, Mingəçevir, Gəncə və Naxçıvan şəhərlərində yerləşən ali təhsil müəssisələrini və məktəbləri əhatə edir.
"ELMİN POPULYARLAŞDIRILMASINDA YENİ YANAŞMALAR QAÇILMAZDIR"
UNEC-in Elm və innovasiya məsələləri üzrə prorektoru, professor Rövnəq Rzayevin sözlərinə görə, UNEC rektoru, professor Ədalət Muradovun imzaladığı müvafiq əmrlə 2024-cü ilin dekabr ayından 2025-ci ilin mart ayınadək "Elm gözəldir: Məktəbdən Elmə" və UNEC Elmin Populyarlaşdırılması Mərkəzinin təşəbbüsü ilə "Elmin Populyarlaşdırılması" layihələrinin icrası davam etməkdədir. Cəmiyyətdə fərqli maraq qruplarının sürətlə artması elmin Populyarlaşdırılmasında yeni yanaşmaları qaçılmaz edir. Elmin populyarlaşdırılması cəmiyyətin ümumi məlumatlılıq səviyyəsini artırır, adi biliklərin intellekləşməsini təmin edir, kütləvi və fərdi vətəndaş şüurunun reallığı adekvat qəbul etməsində faydalı olur: "Elmin cəlbediciliyini artırmaq, gənc nəslin elmə marağını artırmaq məqsədilə bu günlərdə start verilən "Elmin Populyarlaşdırılması" layihəsi çərçivəsində UNEC ilk tədbirini Lənkəran Dövlət Universitetində keçirib. Mən, UNEC rektorunun müşaviri, dosent Elşən Bağırzadə, UNEC Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri, dosent Etibar Əliyevin elmi bilikləri, nailiyyətləri, yeni elmi istiqamətləri təbliğ etmək, elmə marağı artırmaq məqsədilə etdiyimiz çıxışlar tələbələr tərəfindən böyük maraqla qarşılandı. Dünyada və ölkədə elmin populyarlaşdırılması vəziyyəti də müzakirə edilib və sonda iştirakçıları maraqlandıran suallar cavablandırıldı. Layihə çərçivəsində növbəti tədbirlər Mingəçevir Dövlət Universitetində, sonra Gəncə və Naxçıvanda yerləşən universitetlərdə təşkil olunancaq. "Elm gözəldir: Məktəbdən elmə" layihəsi çərçivəsində gənc nəslə elm və təhsil sahəsindəki ən son yenilikləri, elmi kəşfləri və uğurları tanıtmaq üçün UNEC-in Mühəndislik fakültəsinin dosenti Ramil Sadıqov, İqtisadiyyat və idarəetmə fakültəsinin dosenti Afaq Hacıyeva Bakı şəhəri, 291 saylı Ekologiya liseyində şagirdlərlə görüşüblər. UNEC nümayəndələri şagirdlərə elmin əhəmiyyəti, universitetin təhsil imkanları barədə ətraflı təqdimatla çıxış edib, şagirdlərə gələcək təhsil seçimləri ilə bağlı geniş məlumat veriblər. Sözügedən təqdimatlar şagirdlərin marağına səbəb olub".
"ZİYALILAR ŞAGİRDLƏRƏ ELMİN GÖZƏLLİYİNDƏN SÖZ AÇACAQLAR"
Rövnəq Rzayev bildirib ki, "Elm gözəldir: Məktəbdən Elmə" layihəsi çərçivəsində həmçinin ölkənin tanınmış alim və ziyalıları ilə görüşlər təşkil olunacaq: "Ziyalılar yuxarı sinif şagirdlərinə elmin gözəlliyindən söz açacaqlar ki, onlar gələcəkdə elm sahəsini seçməklə bağlı düşünə bilsinlər".
Hər zaman ilklərə imza atan UNEC-in irəli sürdüyü bu təşəbbüs ölkənin elm və təhsil adamları, alim və ziyalılar tərəfindən böyük maraqla qarşılanıb.
"BU LAYİHƏ ELMİMİZƏ VƏ TƏHSİLİMİZƏ YENİ UĞURLAR GƏTİRƏCƏK"
Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov deyir ki, UNEC-in təşəbbüsü ilə həyata keçirilən "Elm gözəldir: Məktəbdən elmə" adlı layihə çox maraqlı və dövrümüz üçün böyük əhəmiyyət kəsb edən bir layihədir: "Son illər UNEC-in rektoru, hörmətli Ədalət müəllim bir neçə inkişafyönümlü təşəbbüslər irəli sürüb və uğurlu nəticələr qazanıb. Əminəm ki, bu layihə də elmimizə və təhsilimizə yeni uğurlar gətirəcəkdir".
"AKADEMİK FORMADA TƏBLİĞATI ÇƏTİN OLAN MƏSƏLƏ POPULYAR DİLDƏ DAHA ASAN MƏNİMSƏNİLİR"
Millət vəkili Hikmət Babaoğlunun sözlərinə görə, o, çox sevinir ki, Azərbaycan universitetləri içərisində hazırda elmin inkişafı ilə bağlı fundamental addımlar atan, elmi nəaliyyətlər əldə edən, reytinq sıralamasında mövqelərini hər il yüksəldən universitetlər var. Bu universitetlərdən biri də daim yeniliklərə imza atan Azərbaycan Dövlət İqtisad Universitetidir. Qətiyyətlə demək olar ki, son illərdə UNEC-də özünəməxsus yeni bir ənənə yaranıb. Bu da elmin təbliği ilə bağlıdır: "Son illərdə UNEC-də həm təlim-tədris, həm də proqram yenilənməsi və müasir elmi istiqamətlərin tətbiqi elmin populyar vasitələrlə təbliği istiqamətində mühüm işlər görülüb. Hazırda sadalanan istimətdə işlər davam etdirilir. "Elmin Populyarlaşdırılması" layihəsini elmin təbliği istiqamətində görülən işlərin, həyata keçirilən layihələrin davamı hesab oluna bilər. Hazırda gənclər arasında populyar olan və elmi faydalılıq əmsalı az olan sahələr üzrə istiqamətlər mövcuddur. Ona görə də gənclərdə yeni təffəkür formalaşdırmaq üçün elmi populyar şəkildə yenidən təqdim etmək lazımdır. Akademik kontekstdə hər hansı bir sahəni öyrənən zaman müəyyən çətinliklər yaranır. Amma populyar kontekstə eyni məzmun təqdim olunanda burada pedaqoji ustalıqdan istifadə olunur. Yəni akademik formada təbliğatı çətin olan məsələ populyar dildə daha asan mənimsənilir və daha asan öyrənilir. Nəticə etibarilə bu da elmin inkişafına xidmət edir. Sadəcə metod fərqli olur. Eyni zamanda səmərəli və faydalılığı ilə seçilir. Ona görə də mən hesab edirəm ki, gəncləri elmə cəlb etmək üçün yeni və səmərəli metodlardan istifadənin Azərbaycan Dövlət İqtisad Universitetində tətbiqi tamamilə yeni bir məlhələdir. Bu, gənclərin elmə marağının artmasına və eyni zamanda Azərbaycanda elmin inkişafına öz töhfəsini verəcəkdir".
GƏNC NƏSLİN İNTELLEKTUAL İNKİŞAFINA XÜSUSİ TƏKAN
Millət vəkili Ceyhun Məmmədov bildirib ki, elm və elmi biliklərin cəmiyyətdə təbliği hər zaman aktual mövzulardan olub. Elmin təbliği yetəri qədər böyük əhəmiyyət kəsb edən məsələdir. Bu gün Azərbaycan təhsilinin qarşısında duran ən vacib məsələlərdən biri elmin populyarlaşdırılması və gənc nəslin elmə marağının artırılması, intellektual səviyyəsinin yüksəldilməsidir. Bu istiqamətdə ən uğurlu addımları atan ali təhsil müəssisələrindən biri də Azərbaycan Dövlət İqtisad Universitetidir. UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin həyata keçirdiyi "Elmin Populyarlaşdırılması" layihəsi xüsusi önəm və əhəmiyyət daşıyır. Bu kimi layihələr gənc nəslin intellektual potensialının və dünya görüşünün inkişafına xüsusi təkan verəcək. Onların elmi biliklərinin kütləvi təbliğinin həyata keçirilməsi üçün şərait yaradacaq: "Bu layihə elmin təbliğini təşkil etməklə gənc nəslin elmə marağını artırmağa öz töhfəsini verəcək. Bu baxımdan bu gün bu addımların atılması xüsusi önəm və əhəmiyyət daşıyır. "Elmin Populyarlaşdırılması" layihəsinin gənclərdə elmə marağın artırılması və elmin populyarlaşdırılması baxımından uğurlu olacağına əminəm. İnanıram ki, nəzərdə tutulan məqsədə, hədəfə nail olunacaq".