Əcnəbi tələbələri Azərbaycana cəlb edən əsas səbəblərdən biri də onun neftlə zəngin olmasıdır.
2022-2023-cü tədris ilində Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrində 110 ölkədən 8 900-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alır.
Maraqlıdır, Azərbaycandakı təhsil nə ilə əcnəbiləri özünə cəlb edib?
Əcnəbi tələbələrin təhsil aldığı universitetlərdən biri də UNEC-dir (Azərbaycan Dövlət İqtisadiyyat Universiteti).
Erasmus+ və Non-Erasmus mübadilə proqramları çərçivəsində UNEC-də təhsil alan tələbələrlə söhbətləşib onların təəssüratlarını öyrəndik.
Budapeştdə doğulub boya-başa çatan 21 yaşlı Peter Muranyi "Budapest University of Technology and Economics"də təhsil aldığı müddətdə "Erasmus" proqramına müraciət edib: "Düzü, müxtəlif ölkələrdə seçim imkanım olduğu halda mən təhsilimi Azərbaycanda davam etdirməyi qərara aldım. Ölkənizi seçməyimin səbəblərindən biri həm Azərbaycanın mənim ana vətənimdən bir o qədər də uzaq məsafədə yerləşməməsi, həm də türkdilli ölkələr və türk xalqlarının mədəniyyətini çox sevməyimdir. Türkiyədə olduğum üçün Azərbaycan mənə maraqlı gəlirdi. Düşünürdüm ki, görəsən Azərbaycan necədir? Bu səbəbdən seçdiyim ölkələr sırasında mən Azərbaycanı ilk yerdə qərarlaşdırdım".
Macar tələbə Peter Muranyi
O iki həftə öncə Azərbaycana gəlib və hazırda təhsilini "Biznes Administrasiyası" fakültəsində davam etdirir.
Həmsöhbətimiz bildirir ki, Azərbaycanda təhsil almağın fərqli perspektivləri var: "Məsələn, Macarıstan neftlə zəngin ölkə deyil. Amma Azərbaycan neft, enerji resursları ilə zəngin ölkə olduğundan burada hər hansı mövzuda araşdırma aparıb işləmək daha asan və maraqlıdır".
O bildirir ki, seçimi olarsa, ona təklif verilərsə, təhsilindən sonra Azərbaycana qayıdıb burada işləyə bilər.
Söhbət əsnasında Peter Bakıya heyranlığını da gizlətməyib: "Düzü, ilk dəfə Bakıya gələndə çox təəccübləndim. Şəhərin mərkəzi Budapeştlə sanki eyni idi. Bundan başqa, şəhərin arxitekturası da məni xoş mənada təəccübləndirdi".
Rusiyadan gələn 20 yaşlı Solomiya Manquşeva Rusiya İqtisadiyyat Universitetində "İqtisadiyyat və Hüquq" fakültəsində təhsil aldığı müddətdə tələbə-mübadilə proqramı ilə Azərbaycana gəlib, hazırda UNEC-də "Beynəlxalq Loqistika" üzrə təhsil alır:
Rusiyalı tələbə Solomiya Manquşeva
"Düzünə qalsa, hazırda Rusiyada vəziyyət bir qədər gərgindir, bundan başqa da, atam burada neft şirkətində işləyir. Bu səbəbdən də təhsilimin bir müddətini Azərbaycanda almağı qərara aldım. Əvvəllər işlədiyim "Halliburton"şirkət artıq Rusiyada fəaliyyət göstərmir, lakin bu şirkətin Bakıda ofisi var. Rusiyada təhsilimi tamamladıqdan sonra Bakıya gəlib həmin şirkətdə çalışmağı düşünürəm. Bura gəlib işləmək istəyimin səbəbi isə odur ki, Azərbaycan neftlə zəngin olduğundan iş imkanı daha yüksəkdir".
Solomiya Bakı və bakılıları çox sevdiyini də əlavə edib: "Ümumiyyətlə, Bakını sevirəm. Bakı, buranın əhalisi mənim üçün çox istiqanlıdır. Bir mənada özümü ölkəmdəki kimi hiss edirəm. Bundan başqa, şəhərin arxitekturası çox gözəldir. Rusiyanın arxitekturası isə tamamilə qəribədir. Bir sözlə, özümü burada rahat hiss edirəm".
Filip Quilat isə İsveçrədə doğulub, Berlində yaşayıb. Hazırda "biznes iqtisadiyyatı" üzrə bakalavr təhsili alır. Onun Azərbaycanı seçməyinin səbəbi isə fərqlidir: "Ümumiyyətlə səyahət etməyi sevirəm. Bu səbəbdən də çox fərqli bir ölkədə, Azərbaycandayam. Azərbaycanı seməyimin digər səbəbkarı isə Bakıda yaşayan qohumlarımdır. Onlar mənə təklif etdilər ki, təhsil üçün Azərbaycana gəlim. Bir şərq ölkəsi kimi Azərbaycan mənim üçün cazibədardır".
İsveçrəli tələbə Filip Quilat
Artıq bir aydır ki, Azərbaycanda olan həmsöhbətimiz burada təhsilini davam etdirmək niyyətindədir: "Təhsilimi tamamladıqdan sonra Azərbaycanda yaşayıb-işləmək necə olar, bu haqda da düşünürəm".
"Ölkə iqtisadiyyatının son illərdə necə sürətlə inkişaf etməsi də məni heyrətlənidirir", - deyə o, əlavə edib.
Ölkəmizin fərqliliyi və üstünlüyündən danışan tələbə bildirir ki, Azərbaycanda nəsə etmək, nəyəsə nail olmaq başqa ölkələrlə müqayisədə daha asandır.
Doktorantura təhsili alan türkiyəli tələbə Yağmur Can "Erasmus" proqramı ilə Azərbaycana üz tutub:
"Azərbaycana gəlmək şansımın olduğunu biləndə bir qədər həyəcanlandım. "Avropamı, Azərbaycanmı?" deyə, çox düşündüm, seçim etməkdə çətinlik çəkdim. Bakalavr təhsili alarkən də bir dəfə "Erasmus" proqramına müraciət etmişdim. Altı ay Varşavada yaşamışdım. Qərar vermək üçün sosial şəbəkələr vasitəsilə Azərbaycanla bağlı araşdırmalar etdim, qardaş ölkə ilə daha yaxından tanış oldum. Bura gəldikdə isə bir daha əmin oldum ki, biz bir millət, iki dövlətik".
Türkiyəli tələbə Yağmur Can
Yağmur dissertasiyasını da burada yazmağı düşünür: "Öncə bura mənə Türkiyəni xatırlatdı, amma indi yaxşı mənada iki ölkə arasında müəyyən fərqliliyin olduğunu görürəm. Yeni sözlər, xüsusən də rus dilində sözlər öyrənirəm. Çünki burada ingilis dili ilə müqayisədə daha çox rus dilində danışırlar. Hətta Azərbaycanda qalmağla bağlı qərar versəm, rus dilini daha akademik səviyyədə öyrənəcəyəm".
Yağmur Can həmçinin Heydər Əliyevin 100 illiyi ilə əlaqədar proqramda çıxış edəcək, hətta məqalə də yazacaq.
Qeyd edək ki, "ERASMUS" və digər mübadilə proqramları çərçivəsində tələbələr Avropa ölkələrinin ali təhsil müəssisələrində bir və ya iki semestrlik təqaüdlü təhsil almaq imkanı qazanırlar. Belə olan halda bütün xərclər də həmin mübadilə proqramları tərəfindən ödənilir.