A

Qəbul imtahanlarında yüksək bal toplayaraq, UNEC-ə qəbul olan tələbələrimizi tanıyaq.

Beynəlxalq İqtisadiyyat Məktəbinə (ISE) bu il ən yüksək nəticə ilə (666 bal) “Maliyyə” ixtisası üzrə  Banuçiçək Şəkizadə qəbul olub. O, orta təhsilini Bakı şəhəri, 70 nömrəli məktəb liseydə alıb.

-Banuçiçək, sizi təbrik edirik. Ölkəmizdə brend fakültə kimi tanınan ISE-yə qəbul olmusunuz. Universitet seçimində sizin üçün önəmli olan nə idi?

- “Maliyyə” ixtisası üzrə ölkəmizdə ən yaxşı təhsil verən universiteti seçmək istəyirdim. Araşdırmalarımın nəticəsi və yaxınlarımın məsləhəti ilə UNEC-in ölkəmizdə, eləcə də regionda bu ixtisas üzrə ən aparıcı universitet olduğu qənaətinə gəldim. Əlbəttə ki, 600 və daha yüksək bal toplayanlar üçün xüsusi təqaüd imkanı, ikili diplom, UDİD proqramları da seçimimə təsir edən amillərdən idi. Bununla yanaşı, məni ən çox cəlb edən hazırda təhsil aldığım Beynəlxalq İqtisadiyyat Məktəbi oldu. Fakültəmizdə yüksək bal toplayan tələbələr təhsil alırlar. Onlarla bilik uğrunda sağlam rəqabət aparmaq mənim daha çox çalışmağım üçün böyük motivasiya olacaq.

- İxtisasınızla bağlı gələcək planlarınız nədir?

- Müəyyən hədəflərim, istəklərim təbii ki, var. Hazırda qarşımda uzun bir təhsil yolu dayanır. Praktiki biliklərimi artırmaq üçün UNEC-lə əməkdaşlıq edən nüfuzlu şirkətlərin təcrübə və təqaüd proqramlarına qatılmağı düşünürəm. Hədəfim ixtisasım üzrə peşəkar mütəxəssis olmaq, uğurlu karyera qurmaqdır.

- Tələbəlik dövrü həm də sosial fəaliyyətlərlə zəngin olur. Sizin bu istiqamətdə hər hansı planlarınız varmı?

- Sahibsiz heyvanlara dəstək layihələrinə qoşulmağı çox sevirəm. Gələcəkdə onlara daha çox qayğı göstərməklə bağlı bəzi planlarım var.

- Abituriyentlərə nə tövsiyə edərdiniz?

- İmtahanda uğurlu nəticə əldə etmək üçün qarşıya məqsəd qoysunlar və həmin məqsədə gedən yolda səmərəli çalışsınlar. Səmərəli fəaliyyət üçün isə hansı məqamlarda çətinlik çəkdiklərini müəyyənləşdirməlidirlər. Fikrimcə, onlar sadəcə müəllimlərə arxalanmamalı, tək başına çalışmağı öyrənməlidirlər.

TOP XƏBƏRLƏR