2024-cü ildə Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29 keçiriləcəkdir. Azərbaycanın COP29-a ev sahibliyi etməsi və beynəlxalq ictimaiyyətdən dəstək alması bir daha ölkəmizə olan hörmət və etimadın göstəricisidir. Azərbaycan indiyədək bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib və onların öhdəsindən layiqincə gəlib. Lakin Prezident İlham Əliyevin də dediyi kimi COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Tədbir çərçivəsində Azərbaycan iki həftə ərzində növbəti dəfə dünyanın mərkəzi olacaq və təqribən 70-80 min xarici qonağı qarşılayacaqdır.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə    1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş  Zirvə Sammitində imzalanmış sazişdir.

COP (Conference of  Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir. Tərəflər Konfransı İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ali qərarverici orqandır. Burada tərəflər Konvensiyaya  üzv olan 198 ölkədən ibarətdir. Əgər tərəf olan ölkələrin fərqli qərarı olmazsa, COP hər il keçirilir. Hər il fərqli ölkənin ev sahibliyi etdiyi COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində, sonuncusu – 28-ci sessiyası (COP28) isə 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilib.  Azərbaycanın təşkilata sədrliyinə dair qərar da məhz Şərqi Avropa Qrupu ölkələrinin yekdil rəyi əsasında verilib. Ölkəmizin namizədliyi məsələsində beynəlxalq aləmin vahid mövqedən çıxış etməsi Azərbaycanın dünyada getdikcə güclənən mövqeyinin, artan nüfuzunun əyani sübutudur. Qeyd etmək lazımdır ki, COP29-a ev sahibliyi üçün Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini irəli sürmüşdülər. Azərbaycan Respublikası ilə Ermənistan arasında aparılmış birbaşa danışıqlar nəticəsində ötən il dekabrın 7-də verilmiş birgə bəyanatda Ermənistanın Azərbaycanın xeyrinə öz namizədliyini geri götürdüyü elan olunmuşdur. Bundan sonra Bolqarıstan da öz namizədliyi ilə bağlı eyni addımı atmışdır.

COP29 konfransına ev sahibliyi Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirilir. COP29 bir sıra istiqamətlərdə – Azərbaycanın iqtisadiyyatı, eyni zamanda, Azərbaycanın yaşıl enerji sahəsində həyata keçirdiyi fəaliyyətlərin təqdimatı baxımından da çox vacibdir.

Azərbaycan regionda yaşıl enerjinin inkişafına ən çox investisiya edən ölkələrdən biridir. Son illər bu sahəyə yönəlmiş sərmayələrin həcmi 1 milyard dollardan artıqdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə    2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.       Qeyd olunmadır ki, neft-qaz ölkəsi olan Azərbaycan yaşıl enerji növlərinin yaradılmasını və yaşıl enerjinin dünya bazarlarına nəqlini, hazırda enerji siyasətinin yeni prioritet istiqaməti kimi müəyyən edib. Bərpaolunan və yaşıl enerji əsasında istehsal edilən elektrik enerjisinin ixracı Azərbaycanın enerji strategiyasında yeni eranın başlanmasına səbəb olub. Azərbaycanın bərpaolunan enerji potensialı çox yüksəkdir. 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının Azərbaycanda 30 faizə çatdırılması gözlənilir.  

Bununla yanaşı, 2020-ci ildə 44 günlük müharibədən dərhal sonra Prezident İlham Əliyev ölkəmizin işğaldan azad edilmiş torpaqlarını – Qarabağ iqtisadi rayonu, Şərqi Zəngəzuru  və Naxçıvanı “yaşıl enerji bölgəsi” adlandırıb və bu istiqamətdə genişmiqyaslı işlərə başlanılıb. Daha sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nı təsdiqlənib. Azərbaycanın bütün bölgələrində, eləcə də Kəlbəcər və Ağdərə rayonlarında geotermal və Günəş enerjisi ehtiyatları, Laçın, Qubadlı və Zəngilan rayonlarında hidroenerji mənbələri, Şuşa, Xocavənd və Cəbrayıl rayonlarında külək enerjisi, Tərtər, Ağdam, Xocalı rayonlarında bioenerji ehtiyatlarının səmərəli istifadə edilməsi nəticəsində ölkəmizin ümumilikdə “Yaşıl enerji” istehsalçısına və istehlakçısına çevrilə bilər. Artıq Qarabağın və Şərqi Zəngəzurun hidroenerji potensialından fəal şəkildə istifadə edilir. 

COP iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biri sayılır. Azərbaycan müstəqillik illərində beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində özünə artıq yetərincə müsbət imic qazanıb..

Eyni zamanda, COP29 Azərbaycanın neft-qaz ölkəsi olmaqla yanaşı, yaşıl iqtisadiyyatın nə dərəcədə prioritet sahə kimi gördüyünü bütün dünyaya sübut  edir. COP29 Azərbaycanın potensialının və iqtisadi imkanlarının daha yaxından təqdim edilməsinə şərait yaradır. Bu da vacib amillərdən biridir. Çünki belə tədbirlər bir tərəfdən turizm, ticarət, logistika sektorunun dəstləklənməsi və inkişafına xidmət edir, digər tərəfdən isə ölkənin iqtisadi potensialı ilə daha yaxından tanış olmağa fürsət yaradır.

Son illər Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin daşımalarda Avrasiya üçün əhəmiyyəti kəskin şəkildə artıb. Şimal-Cənub və Şərq-Qərb istiqamətlərində nəqliyyat yollarının kəsişməsində yerləşən Azərbaycan çoxsaylı tədbirlər həyata keçirir. Dəniz ticarət limanlarının genişləndirilməsi, yeni gəmilərin sayının artırılması, dəmir yollarının modernləşdirilməsi istiqamətində görülən işlər, dəniz və quru yükdaşımalarının həcminin davamlı artması, Avropa və Asiyanın strateji qovşağında, Çin, Türkiyə, İran və Rusiya kimi iri bazarların kəsişməsində yerləşən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Avrasiyanın mühüm ticarət və logistika mərkəzidir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı (Bakı Limanı) 2019-cu ildə regionda ilk liman olaraq Avropa Dəniz Limanları Təşkilatının - "EcoPorts" (“Yaşıl Liman”) sertifikatına layiq görülüb.

Bakı limanının qlobal ticarətin artan tələblərinə cavab verən imkanlarının artması, yüklərin daşınmasında yüksək effektivliyə malik işçi komandalarının mövcudluğu, yüklərin həcminin artmasına və beynəlxalq müştərilərin Bakı limanına etimadının artmasına səbəbdir. Texnologiyaların inkişafı, rəqəmsallaşma və avtomatlaşdırma Bakı limanının inkişaf strategiyasının əsas sahələridir. Qeyd olunmalıdır ki, limanın konsepsiyası təkcə ticarətlə bağlı deyil, həm də ətraf mühitin və canlı təbiətin qorunması ilə bağlıdır. Limanın ətraf mühitə və ekosistemə təsirini azaltmaq üçün ekoloji davamlılıq siyasətləri də mövcuddur. Burada tullantı sularının təkrar emalı üçün zavodun tikintisi nəzərdə tutulur.  Bakı limanı bölgədəki digər limanlar üçün bir model olmaq, karbon emissiyalarını azaldaraq yaşıl siyasətlərin, yaşıl prosedurların və əməliyyat proseslərinin aparıcı müdafiəçisi olmağı hədəfləyib.

Limanın sularında hər il Afrikadan limana köç edən 200 flaminqo da daxil olmaqla 40-dan çox quş növü yaşayır. Bundan əlavə, limanda 60 mindən çox ağac və bitki əkilməklə yaşıllıq sahələri genişləndirilir, həmçinin 2025-ci ilə qədər Ələt ərazisində daha 100 min ağacın əkilməyi planlaşdırılır.

Yuxarıda söylənilənlər göstərir ki, strateji inkişaf planları ilə Bakı limanı ticarət və logistika sahəsində regionda aparıcı rolunu daha da möhkəmləndirmək əzmindədir.

Beləliklə,  Azərbaycan apardığı məqsədyönlü iş, böyük zəhmət və bu sahədə qazandığı uğurlar sayəsində İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a ev sahibliyi etməyə tam layiqdir və bu tədbir Azərbaycanın nüfuzunun bundan sonra daha da artmasına və ölkə reallıqlarının dünya ictimaiyyətinə birbaşa və asan çatdırılmasına böyük təkan verəcəkdir. Həmçinin, COP29 kimi qlobal tədbirin Bakıda keçirilməsi bütün sahələrdə olduğu kimi beynəlxalq ticarət və logistika sahəsində də dünyanın müxtəlif ölkələrindən olan şirkətlərlə əməkdaşlığı artırmağa xidmət edəcəkdir.

Nazim Yusifzadə,

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)

Biznes və menecment fakültəsinin 2-ci kurs tələbəsi

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay