İqlim dəyişikliyinin gedərək artan əhəmiyyəti Dünya üzərindəki bir çox ölkələri yaranan problemlərə qarşı daha ciddi mübarizə aparmağa və effektiv həll yolları tapmağa sövq edir. Əlbəttə ki bu qlobal problemin həlli üçün ölkələrin əməkdaşlıq edərək birgə fəaliyyət göstərməsi böyük önəm kəsb edir.
Bu yolda atılmış ən önəmli addımlara 1992-ci ildə İqlim Dəyişikliyi üzrə Birləşmiş Millətlər Təşkilatının Çərçivə Konvensiyasının (UNFCCC) sammitdə iştirak edən ölkələr tərəfindən qəbulu və 2015-ci ilin dekabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 21-ci konfransında Paris Razılaşmasının qəbulu aid edilə bilər. Birləşmiş Millətlər Təşkilatı tərəfindən hər il təşkil edilən və COP (Tərəflərin Konfransı) kimi tanınan İqlim Dəyişikliyi Sammitinin 2024-cü ilin Noyabr ayında Bakıda keçirilməsi isə Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizəyə öz töhfəsini verməyə hazır olduğunu göstərir.
Əsas məqsədi Paris Sazişinin tələbi olaraq dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq üzrə irəliləyişə nail olmaq olan bu tədbirdə Azərbaycan da öz qarşısına müəyyən hədəflər qoymuşdur. 2021-ci ilin noyabr ayında Qlazqo şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP26) baza ili ilə müqayisədə 2050-ci ilə qədər istixana qazı emissiyalarının 40%-ə qədər azaldılması missiyası Azərbaycan höküməti tərəfindən təyin edilən ən asas hədəflərdən biridir. Buna əlavə olaraq isə Azərbaycan işğaldan azad edilmiş ərazilərdə "xalis sıfır emissiya" zonası yaradılması niyyətini bəyan etmişdir. Bu da öz növbəsində işğaldan azad edilmiş ərazilərin yaşıl enerji zonasına çevrilməsinə töhfəsini verəcəkdir. İqtisadiyyat Nazirliyinin bəyanına əsasən, “Yaşıl” iqtisadiyyata keçid və “yaşıl” enerji təchizatçısına çevrilmək Azərbaycanın iqtisadi siyasətinin prioritetlərindəndir və Prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü il ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi bu istiqamətdə təşəbbüsləri stimullaşdıracaq.
Azərbaycanın bərpa olunan enerji mənbələrinin böyük inkişaf potensialına malik bir ölkə olması qarşıya qoyulan hədəflərə nail olmaq üçün ən önəmli amillərdən biridir. Ölkənin əla külək və günəş resursları və biokütlə, geotermal və su elektrik enerjisinin istehsalı üçün əhəmiyyətli potensialı var. Əsasən neft-qaz sektorunun inkişafı hesabına sürətlə böyüyən iqtisadiyyata malik olan və enerji istehsalının 90%dən artığı yanacaq mənşəli olan Azərbaycanın yaşıl enerjiyə keçid etməsi həm lokal, həm də qlobal perspektivdən iqlim dəyişikliyi ilə mübarizədə önəmli töhfə verə bilər.
Azərbaycanın yaşıl enerji potensialı
Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. Bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.
Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 8320,8 MVt, iri su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1687,8 MVt-dır ki, bu da ümumi gücün 20,3 %-ni təşkil edir.
Hidroenerji gücü 1301,8 MVt (35 ədəd stansiya, 24-ü kiçik su elektrik stansiyası), külək enerjisi gücü 66,4 MVt (8 stansiya, 3-ü hibrid), bioenerji gücü 37.7 MVt (2 stansiya, 1-i hibrid), günəş enerjisi gücü 281,9 MVt (13 stansiya, 3-ü hibrid) təşkil edir. 3 ədəd hibrid elektrik stansiyasında (Qobustan, Culfa və Qala Ekoloji Park) külək – 2,85 MVt, günəş – 3,8 MVt və bioenerji – 0.7 MVt əsaslı qurğular quraşdırılıb. Naxçıvan Muxtar Respublikasında ümumi gücü 39 MVt olan günəş elektrik stansiyaları istismar edilir. İri su elektrik stansiyaları daxil edilmədən bərpa olunan enerji mənbələri üzrə qoyuluş gücü 2023-cü ildə 529,3 MVt olmaqla ümumi elektrik enerjisi istehsalı gücünün 6,4 %-ni təşkil edib.
2023-cü il ərzində respublikada elektrik enerjisinin istehsalı 29,3 milyard kVt·st təşkil edib. Bu dövrdə elektrik enerjisinin istehsalı SES-lərdə 1757,2 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 359 mln. kVt·st olub. İl ərzində külək elektrik stansiyalarında 56,6 mln. kVt·st, günəş elektrik stansiyalarında 79,4 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 223 mln. kVt·st elektrik enerjisi istehsal edilib. Bərpa olunan enerji mənbələri hesabına istehsal olunmuş elektrik enerjisi ümumi istehsalın təqribən 7 %-ni təşkil edib.
Yaşıl enerji sahəsində layihələr və beynəlxalq əməkdaşlıqlar
2020-ci ildən Azərbaycan Masdar, ACWA Power, bp, Fortescue Future Industries, China Gezhouba Group Overseas Investment, Total Energies, Nobel Energy, A-Z Czech Engineering və Baltech şirkətləri ilə bərpa olunan enerji layihələri ilə bağlı əməkdaşlığa başlayıb. Belə ki, 2023-cü ilin 26 oktyabr tarixində BƏƏ-nin “Masdar” şirkəti ilə əməkdaşlıq çərçivəsində Xəzər regionunun və MDB məkanının ən böyük günəş elektrik stansiyası olan 230 MVt gücündə “Qaradağ Günəş Elektrik Stansiyası istifadəyə verilib. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib və ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Stansiyada hər il 500 milyon kVt·st elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min günəş paneli quraşdırılıb. “Qaradağ” Günəş Elektrik Stansiyasının açılış mərasimi çərçivəsində Azərbaycan Hökuməti və BƏƏ-nin “Masdar” şirkəti arasında ümumi gücü 1000 MVt olan “yaşıl enerji” layihələri üzrə üç investisiya müqaviləsi imzalanıb. İnvestisiya müqavilələri Biləsuvar rayonunda 445 MVt gücündə, Neftçala rayonunun Bankə qəsəbəsində 315 MVt gücündə günəş elektrik stansiyaları və Abşeron-Qaradağ rayonunda 240 MVt gücündə külək elektrik stansiyası layihələrinin icrasını nəzərdə tutur. Digər cari layihə isə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə əməkdaşlıq çərçivəsində tikilməsi nəzərdə tutulan 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasıdır. Layihə Abşeron-Xızı ərazisində Pirəkəşkül və Sitalçay yaxınlığında həyata keçirilir. İlkin hesablamalara görə, stansiya tərəfindən illik 1 milyard kVt·st elektrik enerjisi istehsal olunacaq, bu isə ildə 220 milyon kub metr təbii qaza qənaət etməyə, 400 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını almağa və 300 min evi elektrik enerjisi ilə təmin etməyə imkan verəcəkdir. 2022-ci il 15 dekabr tarixində Energetika Nazirliyi və Avstraliyanın Fortescue Future Industries (FFI) şirkəti arasında imzalanan Çərçivə Müqaviləsi Azərbaycanda bərpa olunan enerji və “yaşıl hidrogen”in istehsalı üzrə ümumi gücü 12 QVt-dək layihələrin araşdırılması və reallaşdırılmasını nəzərdə tutur. 17 dekabr 2022-ci il tarixində Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb.Sazişə əsasən, Xəzər dənizində istehsal olunacaq yaşıl enerjinin Avropaya ixracı nəzərdə tutulur. Asiya İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi çərçivəsində Böyükşor gölündə 100 kVt gücə malik fotovoltaik sistemin quraşdırılması, habelə günəş qurğularının quraşdırılmasında özəl sektorun iştirakının təşviqi məqsədi ilə biznes modellərinin formalaşdırılması, təlimlər vasitəsi ilə milli potensialın gücləndirilməsi nəzərdə tutulur. 1 iyun 2023-cü il tarixində Energetika Nazirliyi ilə Çinin “China Gezhouba Group Overseas Investment” şirkəti arasında Azərbaycanda 2 QVt gücündə bərpa olunan enerji layihələrinin həyata keçirilməsinə dair Anlaşma Memorandumu imzalanıb. Naxçıvanda bərpa olunan enerji layihələrinin həyata keçirilməsi ilə bağlı “Nobel Energy Management”, “TotalEnergies” və “A-Z Czech Engineering” şirkətləri ilə ümumi gücü 1000 MVt-dan çox olan yaşıl enerji layihələri ilə əlaqədar müqavilələr imzalanıb.
İşğaldan azad olunmuş ərazilərdə yaşıl enerji
Azərbaycan təmiz enerji mənbələrindən istifadə etmək, ekoloji təmiz texnologiyaları tətbiqinə əhəmiyyətli yer vermək və tullantıların təkrar emalını təşviq etməklə, hal-hazırda bərpa olunan enerji mənbələri üçün ən yüksək potensiala malik olan işğaldan azad olunmuş ərazilərdə xüsusi proqramlar hazırlayır. Belə ki, quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi imkanları mövcuddur. (Bəhman Huseynli). Müxtəlif tarixlərdə işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı monitorinqlər keçirilmiş və yaşıl texnologiyaların və enerji səmərəlilik tədbirlərinin tətbiqi səviyyəsinin Zəngilan rayonunun Ağalı kəndində 67.7%, Tərtər rayonunun Talış kəndində 44.6%, Şuşa şəhərində 29%, Laçın şəhərində 40%, Laçın rayonunun Zabux kəndində 44.6 %, Cəbrayıl şəhərində 33.8%, Zəngilan şəhərində 60%, Ağdam şəhərində 56.92%, Füzuli şəhərində 47.69% olduğu müəyyənləşdirilmişdir. Həmçinin, ilkin müşahidələr göstərir ki, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında günəş enerjisi layihələri üçün əlverişli potensial mövcuddur və bu texniki potensial 7200 MVt-dan artıq olaraq qiymətləndirilir. Eyni zamanda, ilkin araşdırmalara əsasən, Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVt həcmində texniki potensialının olması müəyyən edilmişdir. Bununla yanaşı, Tərtərçay, Həkəri çayı və bu çayların qollarında böyük hidroenerji potensialı mövcuddur.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 may 2021-ci il tarixli 2620 nömrəli Sərəncamı ilə beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi nəzərdə tutulmuşdur. Bu sərəncama görə Yaponiyanın TEPSCO şirkəti ilə əmədaşlığa başlanılmış və sərəncamın icarı istiqamətində konsepsiyalar hazırlanmışdır. Bundan başqa işğaldan azad edilmiş ərazilərin bərpası prosesinin mühüm tərkib hissəsi kimi enerji infrastrukturunun qurulması və enerji təhlükəsizliyinin təmin edilməsinə xüsusi əhəmiyyət verilir. Bu hədəfə uyğun olaraq elektrik enerjisinin istehsal güclərinin bərpası çərçivəsində Laçında, Kəlbəcərdə və Suqovuşanda bərpa edilən 20.2 MVt gücündə 4 su elektrik stansiyası artıq istismara verilmişdir.Eyni zamanda, Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində ümumi gücü Azərbaycan tərəfi üçün 140 MVt (100 MVt "Xudafərin", 40 MVt "Qız Qalası") olmaqla, iki su elektrik stansiyasının tikintisi hazırda davam etdirilir.Həmçinin, Laçın/Kəlbəcər ərazisində təxmini olaraq 100 MVt gücündə tikintisi planlaşdırılan külək elektrik stansiyası layihəsinin reallaşdırılması işğaldan azad edilmiş ərazilərdə “Yaşıl Enerji Zonası”nın yaradılmasına əlavə töhfə verəcəkdir. Bundan başqa, 3 iyun 2021-ci il tarixində Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə bp şirkəti arasında Zəngilan/Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə İcra Müqaviləsi imzalanmışdır.
Beləliklə yuxarıda qeyd edilən cari layihələri və azad olunmuş torpaqların potensialını nəzərə alaraq COP29-un Azərbaycanda keçirilməsi həm ölkədə yaşıl enerji layihələrinə uğurlu xarici investisiyaları cəlb edəcək, həm də BMT-nin dayanıqlı inkişaf məqsədlərinə nail olunmasına bir addım daha yaxınlaşdıracaq.
Nigar Daşdəmirova, Nigar Hacızadə, Ləman Əliyeva, Nərmin Dibirova,
UNEC-in Beynəlxalq iqtisadiyyat məktəbinin (ISE) Beynəlxalq ticarət və logistika ixtisasının IV kurs tələbələri.