A

“Yaşıl” investisiyalar sosial yönümlü investisiya konsepsiyasının formalaşması və inkişafı zamanı yaranan istiqamətlərdən biridir.

Bu yanaşma XX əsrin ikinci yarısında aparıcı Qərb iqtisadiyyatları çərçivəsində, ilk növbədə ABŞ-da fəal şəkildə inkişaf etməyə başladı. Bu, təkcə yatırılmış vəsaitlərin gəlirlilik meyarlarını deyil, həm də layihənin ekoloji, etik və sosial məsələlərə mənfi təsirini minimuma endirmək üçün vəsait alanın ciddi tədbirlərə riayət etməsini əhatə etməyə başlayan layihələrə qarşı investorların standart tələblərinin genişləndirilməsinə cavab idi. Biznesin və iqtisadi fəaliyyətin ətraf mühitə və dolayısı ilə bütövlükdə sosial sferaya təsirinin əhəmiyyətinin artması belə bir təsirin məsuliyyətli olmasının vacibliyini və müxtəlif investisiya layihələrinin həyata keçirilməsi zamanı bütün amillər kompleksinin biznes tərəfindən nəzərə alınmasını başa düşməyə gətirib çıxardı.

Bu gün “yaşıl investisiyalar” anlayışı “yaşıl iqtisadiyyat”ın sahələrarası inkişafı üzrə qlobal tendensiya çərçivəsində birləşdirməyə imkan verən ekoloji cəhətdən neytral texnologiyalar və həllər əsasında həyata keçirilən layihə və təşəbbüslərə maliyyə resurslarının yerləşdirilməsi mexanizmini əhatə edir. Öz növbəsində “yaşıl iqtisadiyyatı” əsasını ətraf mühitə məsuliyyətli yanaşma, istehsalın intensiv modernizasiyasının tətbiqi və nəticə etibarilə yüksək əlavə dəyəri olan məhsul istehsalının həcminin artırılması təşkil edən iqtisadi və təsərrüfat fəaliyyətinin yeni mərhələsi kimi təsvir etmək olar.

Təsərrüfat subyektlərini “yaşıl” həllərə investisiya yatırmağa sövq edən bir çox amillər olsa da, elmi ədəbiyyatda onlar aşağıdakı qruplara ayrılır: 1) iqtisadi səbəblər (investisiyaların gəlirlilik səviyyəsi, uçotun keyfiyyəti və risklərin qiymətləndirilməsi, istehsalın inkişaf səviyyəsi, xarici təsirlərin daxililəşdirmə dərəcəsi); 2) qeyri-iqtisadi səbəblər (layihənin ətraf mühitə, elmə, dinə birbaşa və ya dolayı təsiri, etik və siyasi məsələlər); 3) vəsaitlərin yerləşdirilməsindən PR effekti (investorun ictimai nüfuzuna, biznes imicinə, marketinqinə təsir); 4) sahəvi qaydalara riayət edilməsi və uyğunluq (daxili normalar və məcəllələr, beynəlxalq konvensiyalar, məlumatların açıqlığının təmin edilməsi üçün standartlar və prinsiplər).

Sosial yönümlü investisiyalar sisteminə “yaşıl” borc maliyyələşdirmə, “yaşıl” özəl kapital və vençur investisiya fondları, “yaşıl” birja investisiya fondları, “yaşıl” pay investisiya fondları, “yaşıl” maliyyə-kredit təşkilatları və bank ekosistemləri, aktivlərin və əməliyyatların sığortası üzrə “yaşıl” xidmətlər, dövlət və özəl qurumlar arasında qarşılıqlı əməkdaşlığın “yaşıl” formatı, “yaşıl” bondlar (istiqrazlar) kimi məhsullar daxildir.

“Yaşıl” kreditləşmədən məqsədyönlü istifadə ətraf mühitə minimal antropogen təsir göstərən layihə və təşəbbüslərin, “yaşıl” layihələrin güzəştli faiz dərəcələri ilə (1-2%) həyata keçirilməsi ilə bağlıdır. Bir çox hallarda maliyyə resurslarının mənbələri kimi iri beynəlxalq bank strukturları və davamlı inkişaf sahəsində təşkilatlar çıxış edir.

“Yaşıl” fondlar xüsusi investorların vəsaitlərini toplayaraq maliyyə resurslarını potensialı rəqabətqabiliyyətli səmərəlilik və nəticə göstəricilərini əldə etməyə imkan verən ekoloji təşəbbüslərə yatırırlar. Bu cür investisiyaların spesifik xüsusiyyəti yatırılan vəsaitlərin yüksək etibarlılığı, eləcə də layihələrin miqyası ilə əlaqədar investisiyaların uzunmüddətliyi ilə bağlıdır.

Vençur investisiya fondları inkişafının ilkin mərhələsində olan “yaşıl” layihələrə, o cümlədən aşağı hazırlıq səviyyəsinə malik innovativ texnologiyalara maliyyə yatırımları həyata keçirir. Bu növ investisiyalar çox sayda risklərlə müşayiət olunur. Belə layihələrin təxminən 70-80%-nin uğurla həyata keçirilməyəcəyi ehtimal edilir, lakin qalan layihələrdən əldə olunan gəlir çəkilən zərərləri ödəyir.

“Yaşıl” və ya “ekoloji” investisiya fondları, adi fondlar kimi, qiymətli kağızlar birjasında ticarət olunur, lakin onların fərqi təbiətin mühafizəsi layihələri və ekoloji təşəbbüslərə ixtisaslaşmalarındadır. Adi birja fondları kimi, onlar da öz səhmlər portfellərini tərtib edir və yalnız fəaliyyətləri təbiətə zərər verməyən şirkətlərin qiymətli kağızlarını daxil edirlər.

“Yaşıl” pay investisiya fondları investorların idarəedici şirkətin nəzarəti altında olan fondun əmlakının müəyyən bir hissəsinin sahibləri olması ilə fərqlənirlər. Eyni zamanda investor başa düşməlidir ki, bu cür yatırımlar idarəedici şirkətin müflis ola və borcalanın əhəmiyyətli maliyyə itkilərinə məruz qala biləcəyi səbəbindən yüksək risk dərəcəsi ilə bağlıdır.

“Yaşıl” banklara yaşıl həllərin inkişafını sürətləndirmək məqsədilə özəl sektorla əməkdaşlıq edərək güzəştli maliyyələşdirmənin innovativ üsulları və bazarın inkişaf alətləri üzrə ixtisaslaşan banklar aiddir. Belə bankların investisiyalarının böyük hissəsi enerjiyə qənaət edən texnologiyaların, bərpa olunan enerji mənbələrinin inkişafına və iqlim dəyişikliyi ilə mübarizəyə yönəlir.

“Yaşıl” sığorta ekoloji risklərin kompleks qiymətləndirilməsini nəzərdə tutan investisiya layihələrinin sığortalanması üsullarını əhatə edir. Bu cür tədbirlər ekoloji layihələr üçün güzəştli şərtlərlə resurs təminatının stimullaşdırılmasına yönəlib.

Dövlət və özəl qurumlar arasında qarşılıqlı əməkdaşlığın “yaşıl” formatı irimiqyaslı “yaşıl” layihələrin həyata keçirilməsi çərçivəsində dövlət-özəl sektor tərəfdaşlığı ilə əlaqələndirilir. Burada dövlət özəl şirkətlərə əhəmiyyətli maliyyə dəstəyi göstərir ki, bu da onlara layihənin həyata keçirilməsi və onun sonrakı fəaliyyəti üçün zəmin yaratmağa imkan verir.

“Yaşıl” layihələrin maliyyələşdirilməsinin nisbətən yeni forması kimi adi istiqrazların, yəni sabit gəlirli borc qiymətli kağızların bir növü kimi “yaşıl” bondlar və ya istiqrazlar çıxış edir. Əvvəllər “yaşıl” bondların buraxılışı əsasən beynəlxalq banklar tərəfindən həyata keçirilirdi, lakin hazırda getdikcə daha çox özəl şirkətlər də onların buraxılışı ilə məşğul olmağa başlayır. “Yaşıl” istiqrazların fərqləndirici xüsusiyyəti emissiyadan əldə olunan bütün vəsaitlərin ekologiyanın dəstəklənməsi üzrə təşəbbüslərin inkişafına və reallaşdırılmasına yönəldilməsinə dair öhdəliyin mövcud olmasından ibarətdir. 

Yuxarıda göstərilən məlumatlar əsasında belə nəticəyə gəlmək olar ki, ekoloji layihələrin maliyyələşdirilməsi üçün alətlərin geniş spektri mövcuddur. Hazırda “yaşıl” özəl kapital fondları və “yaşıl” bondlar “yaşıl” investisiyaların ən perspektivli və effektiv üsullarından biri kimi tanınır. “Yaşıl” investisiyaların müxtəlif formaları fərqli metodlardan, maliyyələşmə mənbələrindən, investisiya strategiyalarından və təşkilati quruluşdan istifadə etsələr də, onları birləşdirən əsas amil “yaşıl” layihələrin həyata keçirilməsi və azkarbonlu iqtisadiyyata keçiddən ibarət olan ümumi məqsəddir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)

Maliyyə və mühasibat fakültəsinin “Mühasibat” ixtisasının

III kurs tələbəsi Mail Hacıyev

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay