A

Dayanıqlı inkişaf üzrə hesabat şirkətlərin və təşkilatların rəsmi şəkildə dərc etdiyi sənədlərdir.

Bu sənədlərdə onlar geniş istifadəçi dairəsinə dayanıqlı inkişaf sahəsindəki fəaliyyətləri haqqında məlumat təqdim edir və fəaliyyətlərinin xarakterinin cəmiyyətin mühüm sahələrinə təsirini izah edirlər. İstifadəçilər arasında səhmdarlar, investorlar, tərəfdaşlar, kreditorlar, istehlakçılar, rəqiblər, dövlət orqanları, qeyri-kommersiya təşkilatları, kütləvi informasiya vasitələri və digər əlaqəli tərəflər yer alır.

Məlumatın balanslılığı və tamlığı prinsiplərinə uyğun olaraq hesabat müvafiq təşkilatın dayanıqlı inkişafla bağlı fəaliyyətinin nəticələrinin balanslı və əsaslandırılmış mənzərəsini təqdim etməlidir. Hesabatda həm müsbət, həm də mənfi tendensiyalar təqdim edilməlidir ki, bu da şirkəti tamamilə “şəffaf” edir.

GRI (Global Reporting Initiative) standartları göstəricilərin hesablanması üçün vahid metodologiyalardan istifadə edərək şirkətlərin fəaliyyətinin ciddi təhlil edilməsinə yönəlmiş ilk qlobal dayanıqlı inkişaf üzrə hesabat standartlarıdır. GRI standartlarını rəhbər tutaraq ölçüsündən, sahə istiqamətindən və yerləşməsindən asılı olmayaraq dünyada bütün təşkilatlar maliyyə hesabatı ilə yanaşı dayanıqlı inkişaf sahəsindəki fəaliyyətlərinin nəticələrini açıqlaya və obyektiv qiymətləndirmə üçün təqdim edə bilərlər. Bu hesabatların spesifikası ondan ibarətdir ki, onlar yalnız mücərrəd və “quru” rəqəmlərdən ibarət deyil, eyni zamanda təşkilatın ətraf mühitin vəziyyətinə olan narahatlığını və ekoloji problemlərin həllinə dəstək verməyə hazır olduğunu ortaya qoyurlar. Bütün bunlar sənaye tullantılarının dinamikasının izlənməsi və ətraf mühitə vurulan ziyanın kompensasiyası üçün çəkilən xərclərin monitorinqi vasitəsilə həyata keçirilir.

Dayanıqlı inkişaf üzrə hesabatların hazırlanmasında şirkət rəhbərləri müxtəlif məqsədlər güdürlər. İlk növbədə bu hesabatların təqdim edilməsi məsuliyyətli biznes idarəçiliyi taktikasının qəbul edilməsi – təşkilatın istehsalat prosesində təbii resursların optimal yerləşməsinin əsas aspektlərinin aydınlaşdırılması, problemlərin operativ şəkildə aşkar edilməsi və şirkətin risklərinin aradan qaldırılması, gələcək nəsillərin potensialının təhlükəyə atılmaması üçün ekoloji fəaliyyətin strategiyasının müəyyənləşdirilməsi ilə bağlıdır.

Təşkilatlar dayanıqlı inkişaf sahəsindəki göstəricilərini monitorinq və “zəif” tərəflərin aşkar edilməsi yolu ilə yaxşılaşdıra bilərlər. Bu isə onlara cəmiyyətə, iqtisadiyyata və dayanıqlı gələcəyə müsbət təsir etmək üçün ekoloji məsuliyyət səviyyələrini artırmağa kömək edir.

Qeyd olunanlarla yanaşı olaraq bu metodikanın qəbul edilməsi ilə təşkilatlar ətraf mühitə hörmətlə yanaşdıqlarını və ona qayğı göstərdiklərini nümayiş etdirirlər. Bütün bunlar təşkilatların imicini və müsbət reputasiyasını formalaşdıraraq, etimad qazanmasına və investorlar ilə biznes tərəfdaşları üçün cəlbedici olmasına imkan yaradır. Belə bir yanaşma qlobal açıq bazardakı sərt rəqabət şəraitində son dərəcə vacibdir.

Beləliklə, təşkilatlar tərəfindən ekoloji risklər və onların ətraf mühitə təsiri barədə məlumatların açıqlanması səmərəli praktiki tədbirlərə doğru atılan ilk və mühüm addımdır. Məlumat bazası düzgün istiqamətdə hərəkət etməyə yön verən bir vektor funksiyasını yerinə yetirir. Dayanıqlı inkişaf sahəsində təşkilatın vəziyyətini başa düşmədən şirkəti uğurlu inkişaf yoluna çıxarmaq üçün səmərəli qərar qəbul etmək mümkün deyil. Buna görə də təşkilatların açıq olma səviyyəsini yüksək saxlamaq və qeyri-maliyyə hesabatlarının açıqlanmasını təşviq etmək son dərəcə vacibdir ki, həm iqtisadiyyatımız, həm də cəmiyyətimiz dayanıqlı və rifah içində olsun.

Qeyri-maliyyə hesabatlılığının inkişaf tendensiyalarına gəldikdə isə hazırda yeni bir dövrün başlanğıcını müşahidə edirik. Bu dövr qeyri-maliyyə hesabatlılığının metodikalarının təkmilləşdirilməsi, dərc olunan göstəricilərin keyfiyyətinin artırılması və şirkətlərin Birləşmiş Millətlər Təşkilatının dayanıqlı inkişaf məqsədlərinə nail olması üzrə real töhfələrinin nümayiş etdirilməsi ilə əlaqələndirilir. Bu da bugünkü reallıqlarda sadəcə iqtisadi cəhətdən səmərəli olmağın, sabit gəlir əldə etməyin və yüksək keyfiyyətli məhsul və ya xidmətə malik olmağın kifayət etməməsi ilə izah olunur. Təşkilatın uğuru istehsal edilən məhsulun bütün həyat dövrü mərhələlərində dayanıqlı inkişaf kursunun saxlanılması, habelə hər il qeyri-maliyyə hesabatlarının açıqlanmasında açıq və şəffaf olması ilə də müəyyən edilir.

GRI standartlarına uyğun olaraq hesabatlar hazırlayan təşkilatlar ətraf mühitin qorunmasına və ümumilikdə cəmiyyətin yaxşılaşmasına böyük töhfələr verirlər. Bununla yanaşı onlar iqtisadi cəhətdən də uğur qazanır və maraqlı tərəflərin tələblərini ödəyirlər. Dayanıqlı inkişaf üzrə hesabatlılıq sahəsində təşkilatların inkişafı nəticəsində insan cəmiyyəti xarici mühiti dəyişə, çirklənməni minimuma endirərək atmosferin və yaşayış mühitinin təmizliyini təmin edə bilər.

Son illərdə dayanıqlı inkişaf mövzusu xüsusilə aktualdır və elmi dairələrdə mərkəzi yer tutur. Bu səbəbdən şirkətlərin şəffaflıq və məsuliyyət tələbləri zəifləməyəcək, əksinə daha da sərtləşəcək. Çünki müasir dövrün bir çox problemlərinin həllində biznes sektoru əsas iştirakçı kimi qəbul olunur. Məlumat açıqlığı və fəaliyyətin şəffaflığı yalnız yaxşı reputasiya əlaməti deyil, həm də korporativ mədəniyyətin zəruri elementi halına gəlir. Onsuz şirkətlərin bazarda güclü mövqe tutması getdikcə daha çətin olacaq.

Mail Hacıyev
Maliyyə və mühasibat fakültəsinin 
III kurs tələbəsi

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay