Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin tələbələri üçün cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə (ƏL/TMM) sahəsində ictimai maarifləndirməni gücləndirmək məqsədilə xüsusi məlumatlandırma sessiyası təşkil olunub.
Tədbirin əsas məqsədi gəncləri ƏL/TMM sahəsində beynəlxalq standartlar, milli qanunvericilik və Maliyyə Monitorinqi Xidmətinin fəaliyyəti barədə məlumatlandırmaq olub.
İnteraktiv təqdimat formatında baş tutan tədbirdə giriş sözü ilə çıxış edən ƏL/TMM üzrə ekspert Fuad Əliyev və Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev tədbir iştirakçılarını salamlayaraq, maarifləndirici sessiyanın məqsəd və əhəmiyyətini vurğulayıblar.
Daha sonra nəzəri hissədə “Maliyyə” və “Mühasibat” ixtisasları üzrə təhsil alan tələbələrə ƏL/TMM anlayışı, beynəlxalq standartlar və milli qanunvericilik, Maliyyə Monitorinqi Xidmətinin fəaliyyəti və beynəlxalq əməkdaşlığı barədə ətraflı məlumat verilib. Təlim zamanı maliyyə monitorinqi orqanlarının fəaliyyəti ilə bağlı xüsusi videoçarx nümayiş etdirilib, bu isə iştirakçıların mövzuya daha yaxından bələd olmasına imkan yaradıb.
Sessiyanın ən maraqlı hissələrindən biri Maliyyə Monitorinqi Xidmətinin hazırladığı Elektron Tədris Platformasının təqdimatı olub. Tədbir iştirakçıları platformaya canlı daxil olaraq, onun əsas modulları və təqdim olunan tədris resursları ilə tanış olublar. Təqdimat zamanı tələbələr platformadan istifadə qaydaları və təqdim olunan materiallarla bağlı suallarını ünvanlayıblar.
Tədbirin yekununda maarifləndirici resurslardan fəal istifadə etməyin və davamlı öyrənmənin vacibliyi vurğulanıb. Bu cür sessiyalar, gənclərin maliyyə təhlükəsizliyi və şəffaflıq prinsipləri barədə biliklərinin artırılmasına və onların bu sahədə bacarıqlarının təkmilləşdirilməsinə mühüm töhfə verir.