A

UNEC-də Tələbə Gənclər Təşkilatı və Biznes və Menecment fakültəsinin təşkilatçılığı ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailə üzvləri ilə görüş keçirilib.

Tədbirdə şəhid polkovnik İlqar Mirzəyevin, baş leytenant Samir Əliyevin, Əbdülməcid Axundovun və Cəbrayıl Dövlətzadənin ailə üzvləri və UNEC-in müəllim-tələbə heyəti  iştirak edib.

Görüşdə Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, qəhrəmanlarımıza həsr olunan videoçarx nümayiş olunub.

Sonra Ticarət və gömrük işinin təşkili kafedrasının dosenti Pikəxanım Xudiyeva, Biznesin idarəedilməsi kafedrasının baş müəllimi Hicran Muradova Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan möhtəşəm qələbənin tarixi ədalətin bərpası olduğunu deyiblər. Şanlı ordumuzun göstərdiyi şücaətin əsl qəhrəmanlıq nümunəsi olduğunu, haqq-ədalət uğrunda gedən mübarizədə onlarla UNEC tələbəsi və məzunlarının qəhrəmanlıqla döyüşdüyünü bildiriblər. Adları Vətən tariximizə qızıl hərflərlə yazılan bu qəhrəmanların gənclərimizə örnək olduğunu diqqətə çatdırıblar.

Sonra polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev, baş leytenant Samir ƏIiyevin nənəsi Cəmilə xanım, anası Sevda xanım, nişanlısı Nərmin xanım, Əbdülməcid Axundovun anası Ceyran Axundova, Cəbrayıl Dövlətzadənin anası Məleykə xanım şəhidlərimizin vətən sevgisindən, döyüşlərdə göstərdikləri şücaətlərdən danışıblar, onlarla qurur duyduqlarını deyiblər.

Görüşdə tələbələr qəhrəmanlarımızın əziz xatirəsini daim uca tutacaqlarını, onların vətənin müdafiəsi uğrunda müqəddəs amallarını şərəflə davam etdirəcəklərini bildiriblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay