Ədalət Muradov: "Hədəfimiz dünyanın ən yaxşı 500 universitetləri sırasına daxil olmaqdır".
İyunun 19-da Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 yaşı tamam olur. Ölkəmizin ali təhsil sferasında mühüm yeri olan bu universitet zamanında xeyli inkişafa, xeyli qalmaqala imza atıb. Son illər isə UNEC həm daxildə, həm də xaricdə Azərbaycan təhsilinin brendinə çevrilib. Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradov UNEC-in 95 illik yubileyi münasibətilə AzEdu.az-a geniş müsahibə verib.
AzEdu.az saytı rektorla müsahibənin 2-ci hissəsini təqdim edir:
Özbəkistan və Qazaxıstanda UNEC-in filialı açılacaq
- UNEC Özbəkistanda öz təmçilsini açmaq gücündədirmi?
- Özbəkistanda Daşkənd Dövlət İqtisad Universiteti ilə bizim ikili diplom proqramımız var. Keçən ilin noyabr ayında bu əməkdaşlıq sənədi imzalanıb. Bu il həmin proqram üzrə tələbə qəbul prosesi həyata keçiriləcək. Açıq etiraf edim ki, bu xəbəri indiyə qədər ictimailəşdirməmişdim və ilk dəfə olaraq sizinlə bölüşürəm. Özbəkistanda universitetimizin filialının açılması ilə bağlı layihəmiz var. Bunun üzərində təxminən üç ildir ki, işlər aparılır. Demək olar ki, artıq yolun yarısından çoxu qət olunub.
Eyni zamanda, universitetimizin filialının Qazaxıstanda açılması məsələsi də gündəmdədir. Bu məsələ ilə bağlı isə artıq bir ildir ki, müzakirələr aparılır. Qazaxıstanda fəaliyyət göstərən bir universitet (adını hələlik açıqlamağı tez hesab edirəm) bizə bu təşəbbüslə müraciət edib. Həmin ali məktəb universitetimizin Qazaxıstanda filialının açılmasını təklif edir və maddi-texniki bazanı da tam şəkildə, ödənişsiz olaraq təqdim etməyə hazır olduqlarını bildirirlər.
Mayın 22-də nümayəndə heyətimizi yenidən Qazaxıstana göndərəcəyik. Səfər çərçivəsində həmin universitetlə hazırlıq işlərinin müzakirəsi davam etdiriləcək. Düşünürəm ki, Azərbaycan təhsilinin ixracı həm universitetimizin rəqabət qabiliyyətini, həm də ümumilikdə Azərbaycan ali təhsilinin keyfiyyətini göstərən əsas amillərdəndir.
Sizə bir məlumatı da deyim. 2018-ci ildən Yunanıstanın Qərbi Makedoniya Universiteti ilə ortaq diplom magistr proqramımız fəaliyyət göstərir. Bu, magistratura səviyyəsində olan və 90 kreditlik proqramdır. Onun 30 kreditini bizim müəllimlərimiz Yunanıstana gedərək orada tədris edirlər. Proqramı başa vuran tələbələrə hər iki rektorun imzası ilə diplom təqdim olunur. Yunanıstanda həyata keçirdiyimiz bu layihə bizim üçün çox uğurludur. Keçən ilin noyabr ayında 76 tələbəmizə diplom təqdim etdik. Deməliyəm ki, bu layihəyə başlamaq üçün universitetimiz öncədən Yunanıstanda akkreditasiyadan keçmişdir. Nəzərə alsaq ki, Yunanıstan Avropa İttifaqının üzvüdür, bu onu göstərir ki, orada təkcə UNEC deyil, Azərbaycan təhsili ön plana çıxır və Avropa İttifaqı ərazisində tanınır. Artıq Yunanıstan UNEC-i Avropa standartlarına cavab verən universitet kimi qəbul edib. Hətta Yunanıstanın ikinci ən böyük universiteti olan Patras Universitetinin rektoru bizə müraciət edərək, ortaq diplom proqramının həyata keçirilməsini təklif edib. Bu istiqamətdə artıq qarşılıqlı imzalar atılıb. Hesab edirəm ki, UNEC-in xaricdə filialının açılması çox müsbət haldır və bunun üçün kifayət qədər potensialımız var. Bu potensial isə bizim nəyə qadir olduğumuzun əyani göstəricisidir.
Ali təhsilin rəqəmsallaşdırılması sahəsində UNEC təkcə Azərbaycanda deyil, bütün regionda liderdir. Universitetimizin uğurlarını niyə xaricə çıxarmayaq ki?! Üstəlik, nəzərə alsaq ki, bu proses üçün dövlət tərəfindən hər hansı bir investisiyaya ehtiyac yoxdur. Xarici ölkədə təhsil alan tələbələr həmin ölkələrdə təhsil haqqı ödəyir. Məsələn, bu gün Qazaxıstanda vəziyyət belədir. Eyni zamanda, Yunanıstan üçün də biz heç bir vəsait xərcləmirik. İnşallah, Özbəkistanda da bu cür olacaq. Düşünürəm ki, heç bir maliyyə xərci çəkmədən xarici ölkələrdə mütəxəssis hazırlığını həyata keçirə bilirik. Məlumat üçün qeyd edim ki, Özbəkistan tərəfindən bizə müraciət olunub və UNEC-in rəqəmsal universitet modeli əsasında Özbəkistanda fəaliyyət göstərən universitetlərdən birinin rəqəmsallaşdırılması təklifi verilib. Bununla yanaşı, Rusiya Federasiyasının ərazisində də universitetimizin filialı fəaliyyət göstərir. Rusiyada xarici ali məktəbə yeganə lisenziya məhz UNEC-ə verilib. 2016-cı ildə bu lisenziyanı almışıq. UNEC-in Dərbənd filialında təhsil Rusiyanın Plexanov adına Dövlət İqtisad Universitetinin tədris proqramı və Rusiya Federasiyasının qanunvericiliyi əsasında həyata keçirilir. Həmin filialda həm Rusiya vətəndaşları, həm də digər ölkələrin, o cümlədən Azərbaycan vətəndaşları da təhsil alırlar.
UNEC xaricdə təhsil almış gəncləri işə qəbul etməyə hazırdır
-Dövlət Proqramının xəttilə bir çox tələbələrimiz xaricə gedib təhsilini davam etdirirlər. Kifayət qədər gənclər tanıyırıq ki, müqaviləyə əsasən geri qayıdırlar və işsiz qalırlar. UNEC-in həmçinin beynəlxalq əlaqələri var. Sizcə, həmin tələbələrlə necə iş qurula bilər ? Nə etmək lazımdır?
- Hər zaman demişik, bu gün də qeyd edirəm ki, xaricdə təhsil almış və özünü, həyatını akademik sahədə görən gəncləri böyük məmnuniyyətlə UNEC-də akademik işə qəbul etməyə hazırıq. Əgər müvafiq potensiala malikdirsə və həqiqətən də özünü akademik sahədə reallaşdırmaq istəyirsə UNEC-in qapısı açıqdır. Bizim hazırda Dövlət Proqramı çərçivəsində xaricə göndərdiyimiz 31 doktorantımız var. Göndərilən doktorantlardan artıq üç nəfəri elmi işini müdaifə edərək, geri qayıdıblar. Onları xaricə göndərdiyimiz zaman hər biri ilə müqavilə imzalamışdıq ki, geri qayıtdıqdan sonra 5 il müddətində universitetimizdə akademik fəaliyyətlə məşğul ola bilsinlər.
Burada ən ciddi problem odur ki, doktorantlar məzun olandan sonra daha çox inzibati işə yönəlirlər. Əsas iş yeri olaraq inzibati işi seçirlər və mühüm arqument kimi də akademik işdə əmək haqlarının az olduğu qeyd edilir. Məsələnin həlli yollarından biri Dövlət Proqramı ilə xaricdə doktorantura təhsili almış və akademik və elmi fəaliyyətlə məşğul olan gənclərin əmək haqlarına müəyyən əlavələrin nəzərdə tutulmasıdır. İkinci bir məsələ isə budur ki, əgər biz həmin şəxsləri akademik sahəyə cəlb etmək məqsədilə xaricə göndərmişiksə, onları sonradan inzibati vəzifələrə cəlb etməzdən əvvəl mütləq onları xaricə göndərən universitetin rəyini almaq lazımdır.
- Bu gün cəmiyyətdə belə bir fikir var ki, magistratura təhsil vermir. Sadəcə olaraq bakalavrda öyrənilən materialı təkrarlamış olur. Bu məsələ UNEC-də necədir?
- Bu ciddi müzakirə mövzusudur. Şübhəsiz ki, magistratura təhsilinin keyfiyyətini 10 il əvvəllə müqayisə etsək, böyük dəyişikliklərin olduğunu görərik. Lakin burada hələ böyük işlərin görülməsinə ehtiyac var. Hazırda Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə ixtisaslaşmalara yenidən baxılır və bu, doğrudur. Yəqin ki, yeni ixtisaslaşmalar gəlməlidir. Fundamental problemlərdən biri odur ki, bizdə həm elm (Ms), həm də biznes (MBA) üzrə magistratura təhsili mövcuddur. MBA-nin məzunları doktoranturaya daxul ola bilmirlər. Dünyada bunun həlli yolu nədir? Ms üzrə magistraturanı bitirən şəxs doktoranturaya (PhD) daxil ola bilir, amma MBA-nı bitirənlər biznes idarəçiliyi üzrə doktoranturaya - DBA-ya gedirlər. Doğrudur, MBA-nı bitirənlər üçün PhD-yə qəbul olunma imkanı yaratmaq məqsədilə biz dissertasiya yazmalarına şərait yaradırıq. Bu da tələbələrə seçim imkanı verir. Lakin bu, birbaşa olaraq keyfiyyətə təsir göstərir.
Bu problemlərin həlli üçün təhsilin keyfiyyətini artırmaq məqsədilə əmək bazarı ilə əməkdaşlıq formatına aydınlıq gətirilməlidir. Magistraturada təhsilin təşkili ilə bağlı universitetlərin sərbəstliyini artırmaq xüsusilə vacibdir.
UNEC Xocalıda Maliyyə-İqtisad Kolleci aça bilər
- UNEC nəzdində Maliyyə-İqtisad Kollecinin vaxtilə Xocalıda filialı olub və 1992-ci ilə qədər fəaliyyət göstərib. Yubley yaşınızda Maliyyə-İqtisad Kollecinin yenidən Xocalıda fəaliyyəti gözləniləndirmi?
- Doğrudur, bizim universitetin nəzdində 3 kollec var. Ümumiyyətlə, ilk növbədə kollec anlayışının mahiyyətinə varmaq lazımdır. Biz texnikumların adını dəyişdik və kollec qoyduq. Xaricdə kollec ali təhsildir. Bu fikirlə razıyam ki, kollecdə təhsilin keyfiyyətinin artırılmasına ciddi ehtiyac var. Orta məktəbdən gələn tələbələrlə kollec məzunları arasında fərq görünür. Düzdür, tələbə sayının artırılmasında böyük rol oynayır. Amma keyfiyyətin artırılması baxımdan bunu demək tezdir. Düşünürük ki, kollec modelini Qərb modelinə uyğunlaşdırmaq lazımdır. Belə olduğu halda bugünkü kolleclərə ehtiyac qalmır. Kolleclərə 9-cu sinif bazasından qəbul olunan şagirdlərin təhsilinin təşkili ilə bağlı yeni model üzərində çalışırıq. Ən qısa vaxt ərzində biz bu müzakirələri tamamladıqdan sonra məlumat verəcəyik. Yanaşmamız ondan ibarətdir ki, 9-cu sinifdən sonra kollecə gələn şagirdləri biz özümüzün gələcək tələbə bazamız kimi formalaşdıraq. Hətta düşünürük ki, biz bununla həm də repetitorluq problemininin həllinə töhvə vermiş olarıq.
Bəli, Xocalıda Maliyyə-İqtisad Kollecimiz fəaliyyət göstərib. Biz təşəbbüs irəli sürmüşük ki, UNEC-in Maliyyə-İqtisad Kollecinin Xocalıda yerləşən həmin filialı bərpa olunsun. Bu addım təkcə Xocalı üçün deyil, düşünürəm ki, ümumilikdə Qarabağ bölgəsi üçün də əhəmiyyətli və faydalı ola bilər. Hələlik bu təşəbbüs müvafiq dəstəklə qarşılanmayıb, lakin biz səylərimizi davam etdiririk. Əminəm ki, Xocalıda Maliyyə-İqtisad Kollecinin vaxtilə mövcud olmuş filialının yenidən fəaliyyətə başlaması olduqca vacibdir.
- Eyni sualı region filialları ilə əlaqəli də vermək istərdik. Zaqatala və Dərbənd filialları Bakı ilə müqayisədə harada udur, harada uduzur? Bunun əsas səbəblərini nələrdə görürsünüz?
- Zaqatala və Dərbənd filiallarını müqayisə etmək düzgün olmaz. Niyə? Çünki Zaqataladakı tədris planı UNEC-in tədris planıdır, amma Dərbənddə tətbiq olunan tədris planı Plexanov adına Rusiya Dövlət İqtisad Universitetinə aiddir. Mən düşünmürəm ki, Zaqatalada tələbələrin təhsil səviyyəsi UNEC-in əsas kampusundakı səviyyədən kəskin fərqlənir. Lakin şübhəsiz ki, müəyyən fərqlərin olması istisna deyil. Ən azından, elmi dərəcəsi olan professor-müəllim heyətinin sayına baxsaq, Bakıda bu göstərici daha yüksəkdir.
Eyni zamanda qeyd etməliyəm ki, UNEC-in Zaqatala filialında təqribən bir ay əvvəl istifadəyə verdiyimiz müasir yataqxana Bakıda belə yoxdur. Çox möhtəşəm şəraitə malik yataqxanası var və bu, artıq Zaqatala filialının üstünlüklərindən biridir. Bundan əlavə, filialda olduqca yaxşı şəraitə malik idman zalı da yaradılıb. Bütün bunlar Zaqatala filialının həm də potensialını göstərir və biz Zaqatal filialın genişləndirilməsi üzərində düşünürük. Həmin bölgənin inkişafı ilə uzlaşan yeni ixtisasların açılmasını planlayırıq. Eləcə də, UNEC-in Zaqatala filialında biznes təhsilinə, o cümlədən MBA proqramının açılması region baxımdan olduqca faydalıdır. Bizim baxışımıza görə, UNEC-in cənub və şimal bölgələrində də yeni filialların açılması məqsədəuyğundur. Hətta şimal bölgəsində filialın yaradılması ilə bağlı azərbaycanlı bir biznesmendən konkret təklif də almışıq.
- UNEC-in belə bir bazası varsa, sizcə, bu gün niyə UNEC məktəblərini görə bilmirik?
- Bu haqda heç vaxt düşünməmişəm. Yaxın vaxtlarda bunu real görmürəm. Gələcəkdə isə belə məktəblərin açılması istisna edilməməlidir.
- Bəs işğaldan azad edilmiş ərazilərimizdə necə, gələcəkdə UNEC-in filiallarının yaradılmasını düşünürsünüzmü?
- Əgər tövsiyə olunursa, biz böyük məmnuniyyətlə Qarabağ və Şərqi Zəngəzurda UNEC-in filiallarını açmaq istərdik. Belə bir qərar verilərsə, icra etməyə hazırıq.
Azərbaycan universitetlərinin formalaşmasının əsası SSRİ dövrünə təsadüf edir. Müstəqillikdən sonra gördük ki, bu 70 ildə təhsil sistemindəki göstəricilər əslində bizi yanıldıb. Rüşvət, tanışlıqla şişirdilmiş qiymətlərin yazılması, imtahanda savadın deyil, pulun keçməsinin neqativ effektləri hələ də davam edir (Qırmızı diplomla konservatoriyanı bitirməsinə baxmayaraq, pianinoda ifa edə bilməyən müəllimlər də bunun göstəricisidir).
Artıq universitetlərimizdə neqativlər yoxdur
-Təbii ki, 70 ilin formalaşdırdığı sistemi birdən-birə kəsib atmaq çətin olardı. Amma 34 il müddət keçib. İlk gəldiyinizdəki reallıq və hazırkı vəziyyəti müqayisə edə bilərsinizmi? Bunun qarşısını ala bildinizmi və biz neçə ildən sonra neqativ effektlərin tamamilə getdiyini görəcəyik?
- Mənə elə gəlir ki, artıq bizim universitetlərimizdə sadaladığınız neqativlər yoxdur. İstisna etmirəm ki, bir sıra hallarda tələbələrə verilmiş qiymət onun bilik səviyyəsinə adekvat deyil. Amma bu hallar da artıq kütləvi və sistem xarakter daşımır. Çünki neqativ meyllər tədricən aradan qaldırıldıqca, həmin proseslərə neqativ üsullarla müdaxilə imkanları da xeyli azalır. Ümumiyyətlə, universitet quruculuğu zamanı qərarların hansısa neqativ hallara aradan qaldırılmasına fokuslanmaqla verilməsi doğru yanaşma deyil. Məsələn, əgər hər hansı bir dekandan narazılıq varsa, bu səbəbdən bütün fakültələr üzrə işi yalnız həmin şəxsin davranışına əsasən planlaşdırmaq düzgün olmaz. Burada əsas məsələ real vəziyyəti obyektiv şəkildə qiymətləndirmək və qərarları ümumi inkişaf strategiyasına uyğun şəkildə qəbul etməkdir.
Hesab edirəm ki, bugünkü reallıqla 34 il əvvəlki vəziyyəti müqayisə etsək, arada olduqca ciddi və köklü fərqlərin olduğunu açıq şəkildə görmək mümkündür. Təhsil sistemimiz artıq müasir dövrün tələblərinə uyğun şəkildə dəyişir və inkişaf edir.
- Bu gün birmənalı şəkildə demək olar ki, Azərbaycan universitetlərində rüşvət halları aradan qaldırılıb. Bizim üçün maraqlıdır ki, hələ də zənglər gəlirmi?
- Tam səmimi etiraf edim ki, müəyyən hallarda zənglər olur. Amma bu, o demək deyil ki, zəng edən şəxs mütləq şəkildə istəyinə nail olur. Xeyr. Əsas fərq də məhz buradadır. Cəmiyyət gördükcə ki, bu proseslərdə başqa yollarla uğur qazanmaq mümkün deyil, artıq övladlarını düzgün istiqamətə yönləndirməyə başlayırlar.
Məsələn, bizim tələbə və valideynlərin ən böyük narahatlıq mövzularından biri indi məhz ingilis dili ilə bağlıdır. Tam məsuliyyətlə qeyd edirəm ki, bu sahədə istənilən zəng və ya müraciət olsa belə, heç bir müdaxilə edilməyib. Çünki hər bir tələbə və məzun ingilis dilini mütləq şəkildə bilməlidir. Artıq valideynlər də anlayır ki, əgər mən bu gün ona müəyyən formada yardım etsəm belə, onun övladı gedib “British Council” tərəfindən təşkil olunan imtahandan keçə bilməyəcək. Bu da reallığı qəbul etməyə əsas yaradır. O ki qaldı qırmızı diplom məsələsinə. Ümumiyyətlə, diplomun rəngi əmək bazarı üçün hər hansı bir ciddi göstərici deyil. Bəs sual olunur: bu tətbiq davam etsinmi, yoxsa dayandırılsın? Xarici ölkələrdə qırmızı diplom anlayışı yoxdur, lakin orada “fəxri məzun” anlayışı mövcuddur. Mən düşünürəm ki, bu ənənə tələbələr arasında motivasiya yaradırsa və onları daha yaxşı oxumağa sövq edirsə, davam etməsinin heç bir ziyanı yoxdur. Tələbə istəyir ki, sübut etsin – “mən fərqli oldum”. Niyə də olmasın ki?! UNEC-in Elmi Şurasının qəbul etdiyi qərara əsasən, hər kursda ən yüksək bal toplamış 15 tələbəyə ikinci “əlaçı” təqaüdü verilir. Məsələn, ən yüksək təqaüd məbləği 175 manatdırsa, biz bu göstəriciyə görə ən yüksək nəticə göstərmiş 60 tələbəyə də ikinci təqaüd formasında bu dəstəyi göstəririk. Bu da əlavə stimullaşdırıcı amildir.
- Universitet sadəcə yeni biliklərin əldə edilməsi deyil, eyni zamanda həyatımızın ən gözəl illərinə çevrilməlidir. Tələbələr qayğıdan uzaq, gələcəyə ümidlə baxması üçün tək yüksək təhsil səviyyəsi kifayət etmir. Bu baxımdan gənclərin cəmiyyətdə sağlam, güvənilir mövqe əldə etməsi üçün başqa hansı addımlar atılır? Onların sosial fəaliyyətləri də universitetiniz üçün əsas prioritetdirmi?
- Bu universitet quruculuğunda olan fundamental suallardan, problemlərdən biridir. Universitet həm də şəxsiyyət yetişdirməlidir. Şəxsiyyəti isə təhsil proqramlarıyla yetişdirmək qeyri-mümkün deyil. Şəxsiyyəti ali məktəblərdə yetişdirə biləcək yeganə qüvvə mədəniyyətdir. Biz son nəticədə universitet olaraq millətin gələcəyini formalaşdırmaq missiyasını daşıyırıq. Bizim istəyimiz yalnız əmək bazarın tələbinə uyğun mühasib, maliyyəçi və s. hazırlamaq deyil. Bu bizim bəlkə də 10-cu missiyamızdır. Dəyərlərə sahib olan şəxsiyyətləri formalaşdırmaq əsas məsələdir. Kütləvi informasiya vasitəsi ictimai fikri formalaşdırır, amma ali təhsil isə ictimai mədəniyyəti, ictimai şüuru formalaşdırır. Bunu yalnız və yalnız mədəniyyətin təhsilə inteqrasiyası ilə mümkün etmək olar.
UNEC məzununa 500-600 manatlıq iş təklif edilməsi uğur deyil
-Dövlət Məşğulluq Xidmətinin universitetlərlə birlikdə hazırladığı Məzunların iş reytinqinə baxdıqda UNEC-in göstəricilərinin digər univerisitetlərlə müqayisədə daha yaxşı olduğunu görürük. Tələbələr məzun olduqdan sonrakı ilk 2 ildə əsasən sahələrinə uyğun müxtəlif banklarda fəaliyyət göstərirlər. Bu göstəriciləri daha yaxşı etmək üçün hansı işlər görülür?
- Kapitalbank, Beynəlxalq bankda, ümumiyyətlə bu sektorda işləyənlərin böyük əksəriyyəti bizim məzunlardır. Tələbələrimizin işlə təmin olunması üçün karyera yarmarkası təşkil edirik. Əmək bazarının nümayəndələri ilə tələbələrin görüşləri keçirilir. Universitet olaraq qarşıya qoyduğumuz əsas hədəf o olmalı deyil ki, nəyin bahasına olursa olsun məzunumuz işlə təmin edilsin. Burada önəm kəsb edən məzunlarımızın hansı əmək haqqı ilə işə qəbul edilməsidir. Mənim universitetimin məzununa verilən əmək haqqı ali məktəbdə hazırlanmış insan kapitalına verilmiş dəyərdir. Əgər UNEC məzununa 500-600 manatlıq iş təklif edilirsə, mən bunu uğur saymıram. Uğur odur ki, UNEC məzununa ən yüksək maaşlı iş təklif olunsun.
- Xarici tələbələrin UNEC-ə marağını artırmaq üçün hansı təşəbbüslər planlaşdırılır?
- Hazırda UNEC-də 988 xarici tələbə var. Ümumiyyətlə beynəlxalq tələblərdə göstərilir ki, ali məktəblərdə təhsil alan tələbələrin minimum 5%-i xaricilər olmalıdır. Düşünürəm ki, bizim kimi böyük və köklü universtetdə xarici tələbənin sayı minimum 3000-ə çatmalıdır.
Xarici tələbələrlə bağlı hazırda fokuslandığımız ölkə Çindir. Bundan əlavə, Ərəb ölkələri və Cənub-Şərqi Asiya da bizim üçün cəlbedicidir. İyunun əvvəlində Çinə səfərimiz nəzərdə tutulur. Burada 7 universitetlə müqavilə imzalayacağıq. Eyni zamanda Çində də bizim tələbə qəbuluyla bağlı ofisimizin açılışı olacaq.
- UNEC-in 100 illiyinə qədərki dövrdə, yəni gələcək beş il üçün əsas elmi və akademik prioritetlər nələrdir?
- Bəli, universitetin 100 illiyinə 5 il qalıb. Əminik ki, UNEC 100 illiyində artıq tamamilə fərqli bir universitet olacaq. Hədəfimiz dünyanın ən yaxşı 500 universitetləri sırasına daxil olmaqdır. Düşünürəm ki, ali məktəbimiz tədqiqat baxımdan dünyada tanınan universitetlərdən biri olacaq. Bura təkcə bilik və bacarıq mərkəzi deyil, həmçinin dəyərlərə sahib vətəndaşlar yetişdirən mərkəzə çevriləcək.
Cənab Prezident İlham Əliyev məni rektor təyin etdiyi zaman qarşıma qoyduğu vəzifəni sözbəsöz təkrar etmək istəyirəm: “Azərbaycan Dövlət İqtisad Universiteti dünya səviyyəli universitet olmalıdır”. İnanıram ki, biz bu hədəfə xeyli yaxınlaşmışıq. 100-cü ilində əminəm ki, Azərbaycan Dövlət İqtisad Universiteti cənab Prezidentə hesabat verəcək ki, Sizin tapşırığınız icra olundu və möhtərəm cənab Prezident Azərbaycan Dövlət İqtisad Universiteti tam hüquqlu dünya səviyyəli bir universitetdir.