A

"İqtisadiyyat" qəzeti

“İnsan-kompüter interfeysləri” sahəsində təhsilverənlərin peşəkarlığının yüksəldilməsi və beynəlxalq təcrübənin öyrənilməsi” layihəsi uğurla davam etməkdədir.

Azərbaycan hökumətinin qarşıya qoyduğu və çox böyük müvəffəqiyyətlə həyata keçirdiyi mühüm prioritetlərdən biri ölkəmizdə davamlı sosial-iqtisadi inkişafın təmin edilməsidir. Bu, ölkə iqtisadiyyatının şaxələndirilmiş şəkildə hərtərəfli inkişafı ilə yanaşı, neft sektorundan əldə edilən gəlirlər hesabına qeyri-neft sektoruna böyük sərmayələrin yatırılması, beləliklə də, ölkə iqtisadiyyatının müxtəlif sahələrinin davamlı şəkildə inkişaf etdirilməsini nəzərdə tutur.

2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev BMT-nin Azərbaycan hökumətinə göstərdiyi dəstəyin əlaqələndirilməsi üçün əsas tərəfdaş kimi fəaliyyət göstərən Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasına dair fərman imzalamışdır. Məlum olduğu kimi, BMT-nin 70-ci Baş Assambleyasında Davamlı inkişaf üzrə Sammit çərçivəsində 2030-cu ilə qədər qəbul edilmiş “Davamlı inkişaf sahəsində Gündəlik”də davamlı inkişafın 17 qlobal məqsədi müəyyənləşdirilmişdir. Bunlardan 4-cü məqsəd təhsilə aid olub, “hər kəs üçün inklüziv və keyfiyyətli təhsili təmin etmək və ömür boyu təhsili təşviq etmək” kimi ifadə edilir. Həmin məqsəd müasir Azərbaycan təhsil sistemi qarşısında çox mühüm vəzifələr qoyur. Bu vəzifələr Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strategiyasında “Qüdrətli dövlət və yüksək rifah cəmiyyəti”nin qurulması hədəfində öz əksini tapmışdır.

Daim artan rəqabətə davam gətirə bilmək üçün iqtisadiyyatın uzunmüddətli inkişafı yaşadığımız dövrün tələblərinə uyğun müasir və güclü təhsilə söykənir. Məhz təhsil vasitəsilə insan kapitalının milli sərvətdə iştirak payı davamlı şəkildə artırılmalı, milli təhsil sistemi dünyanın texnologiya yarışına maksimal dərəcədə qoşulmalı və strateji dövrdə sosial və rəqəmsal vərdiş və bacarıqların harmoniyada inkişafına əsaslanan “ömürboyu təhsil”ə xüsusi önəm verilməlidir. Alimlər iddia edir ki, “biliklərin amortizasiyası” (dəyərinin azalması) 1,5 ildən sonra baş verir, bu səbəbdən onları daim yeniləmək və təkmilləşdirmək lazımdır.

Müasir çağırışlara cavab olaraq “Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2019-cu il tarixli qərarı ilə 2020-ci tədris ilindən mövcud ixtisasların sayı 175-dən 148-ə endirilib, o cümlədən 46 yeni ixtisas yaradılıb, 70-ə yaxın ixtisas isə birləşdirilib və ya ləğv edilib.Yeni təsnifat əsasında yaradılan ixtisasların 70 faizi Avropada qəbul olunmuş ixtisaslardır.

Müasir texnologiyalar əsri, müxtəlif çeşidli informasiya bolluğu gələcəkdə rəqabət qabiliyyətli məhsulların yaradılmasında iştirak edəcək mütəxəssislərin hazırlanması üçün yeni spesifik tələblər irəli sürür. Bu tələblərin icrası çərçivəsində prioritet kimi müəyyənləşdirilmiş üç istiqamət – “Ali təhsil müəssisələrinin professor-müəllim heyətinin beynəlxalq akademik mobilliyinin (xaricdən Azərbaycana və əksinə) təmin edilməsi”, “Təhsil müəssisələrinin elmi potensialının artırılması və elmi tədqiqat platformalarının istifadəsinin təmin edilməsi” və “İxtisaslar üzrə yeni və müasir tədris məzmununun hazırlanması və tətbiqi” kateqoriyaları üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan bir çox universitetlərdə 9 layihə həyata keçirilir.

“İxtisaslar üzrə yeni və müasir tədris məzmununun hazırlanması və tətbiqi” kateqoriyası üzrə Naxçıvan Universitetinin baş müəllimi Şamil Hümbətovun rəhbərliyi altında qalibi olduğu “İnsan-kompüter interfeysləri” sahəsində təhsilverənlərin peşəkarlığının yüksəldilməsi və beynəlxalq təcrübənin öyrənilməsi” qrant layihəsi öz işini uğurla davam etdirir. Respublikanın müxtəlif ali təhsil müəssisələrinin mütəxəssislərinin də qatıldığı bu layihənin eksperti sahə üzrə dünya şöhrətli alim - Türkiyənin Orta Şərq Texniki Universitetinin (ODTU) professoru Kürşat Çağıltaydır. 2021-ci ilin dekabr ayından start götürmüş bu layihənin icrası 2022-ci ilin oktyabr ayında yekunlaşacaqdır. Layihə müddətində nəzəri və praktiki təlimlər zamanı müəyyən meyarlar üzrə seçilmiş bir qrup müəllimin ODTU-da 2006-cı ildən fəaliyyət göstərən “İnsan-Kompüter Qarşılıqlı Əlaqələri” laboratoriyasına səfəri planlaşdırılır.

“İnsan-Kompüter Qarşılıqlı Əlaqələri” laboratoriyası interfeyslərin di­zay­nında dizaynerlərə dəstək, inter­feyslərin əlçatanlılığının və yararlı­lığının (usability) təmini, akademik tədqiqat məqsədləri üçün istifadə və digər universitetlər, dövlət və özəl sektorlarla əməkdaşlıq məqsədilə TUBİTAK layihəsi çərçivəsində prof. Kürşat Çağıltayın rəhbərliyi altında yaradılmışdır, ilk tədqiqat və tətbiq laboratoriyası olmaqla yarandığı gündən interfeyslərin yararlılığının qiymətləndirilməsi, yəni testlərlə göz hərəkətinin izlənməsi cihazı vasitəsilə daha etibarlı məlumatların əldə edilməsi və bütünlükdə insan-kompüter qarşılıqlı əlaqəsinin (HCI, human-computer interaction) öyrənilməsi üzrə akademik tədqiqatlara töhfə verməkdədir. Bu laboratoriya sayəsində sağlam eksperimental mühitlər yaratmaqla və göz izləmə cihazı vasitəsilə alınan məlumatlardan istifadə etməklə səmərəli işlər görülür. Xüsusilə məktəbyaşlı uşaqların təlimində, göz tənbəlliyi kimi görmə qüsuru olan uşaqların inkişafında klassik metodlarla yanaşı, müvafiq texnologiya tətbiq edilməklə kompüter və kompüter ekranına əlavə edilmiş mobil göz izləyicisi ilə təhsil proqramları hazırlanmış və bu proqramların istifadəyə yararlılığı sınaqdan keçirilmişdir. Məlumdur ki, beyin dalğaları bu gün tibb və mühəndislik tətbiqlərində geniş istifadə olunur. Bu sahədə mühəndislik işlərinin nisbətən azlığını nəzərə alıb, tədqiqatlarda elektroensefaloqramma sensoru ilə təsbit ediləcək beyin dalğalarının müvafiq nəzarət siqnallarına çevrilməsi və beləliklə, iflic olan xəstələrin həyatını asanlaşdırmaq üçün elektrik təkərli arabanın hərəkət etdirilməsi və dayandırılması məsələsi də öz həllini tapmışdır. Manipulyator - mouse və klaviatura ilə kompüterlərə verilən əmrləri göz hərəkətləri ilə yerinə yetirən texnologiya da bu laboratoriyanın məhsuludur. Hərb sənayesində, tibbdə və məişətdə çoxlu sayda tətbiqləri olan bu texnologiya hesabına adı çəkilən qurğulara ehtiyac qalmır, istifadəçi sadəcə ekrana baxaraq gözləri ilə bütün əmrləri verə bilir. Başqa sözlə, kompüterdə siçana və ya klaviaturaya toxunmaqla edilən hər hərəkəti istifadəçi yalnız gözləri ilə edə, virtual klaviaturanı açıb hərfləri yaza, internet saytını açdığı zaman müvafiq keçidlərə klikləməklə istədiyi səhifəyə keçə və kompüterdə bütün istifadə əməliyyatlarını yerinə yetirə bilir.

Nümunə olaraq sadalanan bu nailiyyətlərlə yanaşı, prof. Kürşat Çağıltayın “Teoriden Pratiğe. İnsan-Bilgisayar Etkileşimi ve Kullanılabilirlik Mühendisliği” kitabı Türkiyənin bir çox ali məktəblərində əsas dərs vəsaiti kimi istifadə olunur. Məhz Naxçıvan Universitetinin qazandığı layihə çərçivəsində bu kitabın yerli mütəxəssislər tərəfindən Azərbaycan dilinə tərcümə edilərək, 1000 nüsxədə çapı və sonda respublikanın ali məktəblərinə hədiyyə olunması nəzərdə tutulur.

Layihənin məqsədi sahə üzrə müasir çağırışlara cavab olaraq “İnsan-kompüter interfeysləri” fənnini tədris edəcək potensial müəllimləri seçmək və fənnin tədris proqramını və dərsliyini hazırlamaqdır.

HCI insanlar və kompüterlər arasında qarşılıqlı əlaqəyə, eləcə də kompüter interfeysinin dizaynına diqqət yetirən fənlərarası sahədir. Məlumdur ki, informasiya-kommunikasiya texnologiyalarının (IKT) sürətli inkişafı kompüter şəbəkələrinin hesablama gücünün və buraxıcılıq qabiliyyətinin yüksəldilməsi, informasiya sistemlərinin və əlavələrin funksionallığının genişləndirilməsi ilə sıx bağlıdır. Lakin texnoloji inkişafın effektlərinin dərinləşdirilmiş təhlili bir daha sübut edir ki, kompütelərdən istifadənin formalaşmış ekosistemində açar rolunu insan və kompüterin qarşılıqlı əlaqə vasitələri oynayır.

İKT-nin insanın və cəmiyyətin həyatına dərindən nüfuz etməsi və həyat tərzindəki sürətli dəyişikliklər bir sıra vacib məsələlər doğurur. Bu proseslərlə bağlı transformasiyalardan hansı təsirlər gözlənilməlidir? Bu cür texnologiyalar həyat keyfiyyətini nə dərəcədə yaxşılaşdırır, insanların münasibətlərinə necə təsir edir, onların istək, maraq və arzularının reallaşmasına necə töhfə verir? Bu suallar dinamik inkişaf edən çoxşaxəli tədqiqat sahəsi olan HCI müstəvisində cavablandırılır.

Bu gün İKT həyat tərzimizi köklü dəyişikdirməklə həm də özünü dəyişdirir. Əgər son onilliklərdə bu sahədə texnoloji sıçrayışlar edilibsə, texniki üsul və metodikalar modernləşdirilibsə, bu gün kompüterdən ümumi istifadənin formalaşmaqda olan ekosistemində insanlara və kompüterlərə məsafədən deyil, onlar arasında münasibətlərin inkişafı prizmasından baxış konsepsiyası ön plana çıxır. Bu gün HCI müxtəlif sektorlarda bir çox işlənmələrin ayrılmaz tərkib hissəsinə çevrilməkdədir. Əlverişli istifadə və dost interfeys getdikcə daha da təkmilləşən texnologiya ilə istehlakçıların qarşılıqlı əlaqəsinin əsas aspektlərinə çevrildiyindən texnologiyaların tətbiqinin səmərəliliyinin yüksəldilməsini təmin edən alətlər yaratmaq məqsədilə müxtəlif sahə mütəxəssisləri tərəfindən bu sahədə tədqiqatlara müraciət olunur. İnterfeyslərin təkmilləşdirilməsi baxımından artıq böyük irəliləyişlər əldə olunub - kompüterlərlə işləmək daha asan və rahat olub, onlar əvvəlkindən xeyli çox funksiya yerinə yetirirlər. Lakin HCI problemləri əhalinin ən çox müraciət və istifadə etdiyi bank sektorunda özünü göstərməkdədir. Banklar tərəfindən müştərilər arasında kağız daşıyıcılarda sənədlərin təqdim edilməsinin aradan qaldırılması məqsədilə internet və mobil bankçılıq xidmətlərinin müştərilər arasında təşviqi üzrə çoxsaylı tədbirlər həyata keçirilir. İstifadəçi interfeysinin müştərilər üçün əlverişli olması onların məsafədən bank xidmətlərindən məmnunluq səviyyəsinin müəyyənləşdirilməsində mühüm amillərdən biri hesab edilir. Bir tərəfdən, əhalinin bir qisminin nağdsız ödənişlərin həyata keçirilməsi qaydaları ilə bağlı yetərli məlumata malik olmaması və digər tərəfdən isə interfeyslərin infrastukturunda müəyyən çatışmazlıqlar nağdsız ödənişlərin həcminə və maliyyə inklüzivliyinə mənfi təsir göstərir.

HCI ilə bağlı problemlərin aradan qaldırılması üçün hansı istiqamətə yönəlmək lazımdır? Texnoloji həllər özlüyündə məqsəd deyil, onlar yalnız texnologiyanın inkişafı ilə insanların artan ehtiyaclarını həyata keçirmək üçün bir vasitədir. İnsanlarla texnologiya arasında münasibətlərin müvafiq keyfiyyəti ilə dəstəklənməyən tərəqqi çətin ki, yaradıcı təsirlərə səbəb olsun, ona görə də fərqli inkişaf məntiqi ilə yeni semantik sahələr axtarmaq lazımdır. Nəticədə keçmiş tədqiqat məsələləri tədricən öz aktuallığını itirir və sonrakı tədqiqatların köklü şəkildə yenidən nəzərdən keçirilməsi tələb olunur. Yeni istiqamətlər ilk növbədə, fərdin mahiyyətinə və istəklərinə, şəxsiyyətlərarası münasibətlərə, fərdi məkanın təhlükəsizliyinə və məxfiliyə yönəlir.

Aktual texnoloji həllərin optimallaşdırılması fərdlərin "məmnunluq" və dəyər sistemininin təbiətini öyrənmədən mümkün deyil. İKT-nin müasir nəsli əhəmiyyətli dərəcədə humanistləşib, HCI-nin tədqiqində sırf texniki aspektlər çərçivəsindən sosial, mənəvi-etik müstəviyə çıxmaq lazımdır. Xüsusi halda şəxsiyyətlərarası ünsiyyət və insanın özünü tanımaq, özünü ifadə etmək və öz gələcəyinə təsir etmək istəklərinin reallaşdırılması üçün rəqəmsal cihazlardan istifadənin yeni üsulları inkişaf etdirilməlidir.

Ölkəmiz bu gün çoxəsrlik tarixinin şərəfli mərhələsini yaşayır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı zəfərimiz Azərbaycanın və bütövlükdə regionlarımızın dayanıqlı inkişafı üçün yeni perspektivlər açır. İşğaldan azad olunmuş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin işlənməsi və reallaşdırılması, yaşıl enerji və müasir enerjiyə qənaət texnologiyalarından istifadə, təbii resursların istehsal proseslərinə cəlb olunmasında yüksək ekoloji standartların tətbiqi, yeni nəqliyyat dəhlizlərinin açılması kimi strateji məsələlərin elmi təminatı bu gün Azərbaycan iqtisadçılarının, bütünlükdə ölkə elminin gündəmində olan əsas mövzulardandır. Bütün bunlar da İKT-nin müasir tətbiqlərini yaratmadan, onu inkişaf etdirmədən və sahə üzrə mütəxəssislərin sayını artırmadan mümkün deyil.

Məhz sadalanan bu məsələlər baxımından haqqında danışılan layihənin çox böyük əhəmiyyəti vardır. Layihə ilkin mərhələdə mütəxəssis hazırlığı, eyni zamanda akademik mobillik vasitəsilə laboratoriyanın işi ilə yaxından tanış olmaq və yenilikləri ölkəmizə gətirmək məqsədi daşıyır. Bu layihənin müasir təhsil sistemində “İnsan-kompüter interfeysləri” fənni üzrə tədrisin dünya elminə inteqrasiya səviyyəsində təşkil edilməsinə, uyğun təyinatlı laboratoriyanı respublikamızın ali təhsil müəssisələrinin birində qurmaqla sahə üzrə peşəkar mütəxəssis hazırlığına, eyni zamanda müvafiq tədqiqat sahəsinin və beynəlxalq standartlar çərçivəsində insanların, o cümlədən məhdud imkanlı şəxslərin istifadəsi üçün hazırlanmış əlverişli alət və texnologiyaların inkişafına, həmçinin digər iqtisadi və sosial problemlərin həllinə öz töhfəsini verəcəyinə böyük ümid bəsləyirik.

Təranə Əliyeva, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC),
“Rəqəmsal texnologiyalar və 
tətbiqi informatika” kafedrasının
dosenti, ixtisas 
rəhbəri, layihə iştirakçısı

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay