A

Azərbaycan və Malayziya ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, yeni beynəlxalq tərəfdaşlıqların qurulması istiqamətində fəaliyyətini davam etdirən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nümayəndə heyəti Malayziyaya rəsmi-işgüzar səfər həyata keçirib.

Səfər çərçivəsində nümayəndə heyəti Nilai Universitetini ziyarət edərək təhsil, elm və innovasiya sahələrində mümkün əməkdaşlıq istiqamətlərini müzakirə edib.

Tədbirdə Nilai Universitetin təmsilçisi Dr. Song Kuok Thong moderator qismində çıxış edərək, iştirakçılara universitetin strukturu, təhsil modeli və beynəlxalq tərəfdaşlıqları barədə ətraflı məlumat verib.

Daha sonra universitetin prorektoru Prof. DATO Dr. Azhar İsmail UNEC nümayəndələrini salamlayaraq Nilai Universitetinin təhsil proqramları, tədqiqat fəaliyyəti, elmi nəşrləri və innovasiya strategiyası ilə bağlı geniş təqdimatla çıxış edib.

Görüşdə UNEC-in rektoru Prof. Ədalət Muradov da çıxış edərək sürətlə rəqəmsallaşan dünyada süni intellektin təhsildə tətbiqi, idarəetmədə rəqəmsal transformasiya və universitetlərin bu prosesdəki rolu barədə fikirlərini bölüşüb. Hər iki tərəf bu istiqamətlərin gələcək əməkdaşlıq üçün yeni imkanlar yaratdığını qeyd edib. Təqdimatlardan sonra universitetlər arasında əməkdaşlıq perspektivləri, təhsil proqramlarının inkişafı, müəllim və tələbə mobilliyi, eləcə də rəqəmsal iqtisadiyyat və süni intellekt sahəsində birgə layihələr üzrə əldə olunan imkanlar müzakirə edilib.

Görüşün sonunda UNEC və Nilai Universiteti arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb.

İmzalanma mərasimindən sonra UNEC nümayəndələri üçün Nilai Universitetində infotur təşkil edilib. Heyətə universitetin fiziki və texniki infrastrukturu, laboratoriyaları, sosial proqramları və tələbələr üçün yaradılan mühit barədə məlumat verilib.

TOP XƏBƏRLƏR