UNEC-in əməkdaşı, gənc doktorant və siyasi tədqiqatçı Nərgiz Hacıyeva Böyük Britaniyanın tanınmış York Universitetinin York Hüquq Məktəbi (York School of Law) tərəfindən təşkil olunan elmi konfransda iştirak edib.
Gənc tədqiqatçı konfransın “Əqli mülkiyyət hüquqlarının tənzimlənməsi və müasir tendensiyalar” adlı panelində "Qarabağda əqli mülkiyyətin siyasiləşdirilməsi və ya əskikliyi: müasir tendensiyalar və siyasi qeyri-stabillik" mövzusunda çıxış edib. N.Hacıyeva çıxış zamanı elmi tədqiqat işinin yeniliyi, aktuallığı, John Lokun əmək nəzəriyyəsi, Qarabağın işğalı dönəmində əqli mülkiyyət və mülkiyyət hüquqlarının pozulması, təbii resursların qanunsuz istismarı və s. haqqında ətraflı məlumat verib. Həmçinin, son vaxtlara qədər əqli mülkiyyət hüququnun yalnız iqtisadi və hüquqi amillərlə əlaqəli olduğu üçün siyasi sahədən uzaq saxlanıldığını, son geosiyasi proseslər və siyasi yüklü münaqişələr fonunda, əqli mülkiyyətin (IP) inkişafı və meylləri baxımından siyasi elmlərin üstünlük təşkil etdiyini vurğulayıb. N.Hacıyeva müasir beynəlxalq siyasətdə ƏM tendensiyalarını və sistemlərini siyasi elmlər nöqteyi-nəzərindən izah etmək və qavramaq, işğal zamanı Azərbaycanın Qarabağ bölgəsi və 7 rayonunda ƏM və ƏMH münaqişələrindən irəli gələn proseslərin müvafiq aspektlərinə nəzər yetirməyin vacibliyini, otuz ildən çox davam edən Qarabağ və ətraf rayonların Ermənistan tərəfindən işğalı səbəbindən Azərbaycanın öz əraziləri üzərində nəzarət məhdudiyyətləri ilə üzləşdiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
UNEC-in gənc tədqiqatçısının çıxışı konfrans iştirakçılarının böyük marağına səbəb olub. Tədqiqatçı panelin müzakirə mərhələsində iştirakçıların Qarabağda əqli mülkiyyət hüquqlarının gələcəkdə necə tənzimlənməsinə dair suallarını ətraflı cavablandırıb.
Qeyd edək ki, mövzu aktual olduğu üçün UNEC əməkdaşı Nərgiz Hacıyeva York Universiteti tərəfindən gənc doktorantlar üçün nəzərdə tutulmuş müvəffəqiyyət təqaüdünə layiq görülüb.