A

veteninfo.az

Müstəqillik dövründə Abşeronun zəngin neft sərvətlərinin mənimsənilməsi zəminində Azərbaycanın getdikcə artan güclü sənaye potensialı bütövlükdə sonralar onun iqtisadiyyatının geniş istiqamətli inkişafının möhkən əsaslarını yaratdı. O dövrlərdən bu günə qədər respublikanın iqtisadi inkişafının başlıca istiqamətini neft sənayesi və onunla bilavasitə əlaqədə yaranmış müxtəlif istehsal sahələri müəyyən etmişdir. Bu illər ərzində respublikada geniş inkişaf tapmış yeni sahələr yaransa da, bu güclü neft kompleksi bütün dövrlərdə olduğu kimi, Azərbaycan iqtisadiyyatının bu gün də aparıcı istiqaməti kimi onun ictimai-siyasi və sosial-iqtisadi həyatında ciddi rol oynayır. Xüsusilə Azərbaycanın neft sənayesi ölkənin həyatında dövlət müstəqilliyi əldə etdikdən sonra olduğu qədər zəruri və əhəmiyyətli olmamışdır. Belə ki, müstəqillik əldə etdikdən sonra Azərbaycan neftini dünya bazarlarına çıxarmaq imkanı əldə etdi. Azərbaycanın müstəqillik qazanması ona beynəlxalq hüququn subyekti olması üçün şərait yaratmışdır. Keyfiyyətcə yeni şərait bütün fəaliyyət sahələrində onun müstəqil siyasət yeridilməsini sürətləndirdi, dünya ölkələri ilə bərabərhüquqlu əməkdaşlıq əsasında münasibətlər qurmağa ona şərait yaratdı.

H.Əliyevin Azərbaycan KPMK birinci katibi vəzifəsinə seçilməsilə 1969-cu ildən respublikanın xalq təsərrüfatının digər sahələrində olduğu kimi, neft sənayesinin  inkişafında da yeni mərhələ başladı. Belə ki, nöqsanların aradan qaldırılmasına və sənayenin ayrı-ayrı sahələrinin inkişaf sürətinin xeyli artırılmasına yönəldilmiş yeni tədbirlər proqramı öz bəhrəsini verdi.

Azərbaycan KPMK-nin dekabr 1970-ci il tarixli plenumunda respublikanın rəhbəri H.Əliyev məruzəsində ötən illərdə respublikanın neft sənayesinin işinin dərin təhlili verilmiş, respublika sənayesinin bu qabaqcıl sahəsində uzunmüddətli geriliyin və yaranmış gərgin vəziyyətin əsl səbəbləri açılıb göstərilmişdi. 1971-ci ildə respublika neftçiləri ölkədə ilk dəfə olaraq neft hasilatında bir milyardlıq həddə nail olmuşdular.

Zənnimizcə, 1980-ci illərdə və 1990-cı illərin əvvəllərində Azərbaycan neft sənayesinin düşdüyü vəziyyət bütövlükdə sovet təsərrüfat sisteminin əsassızlığının məntiqi nəticəsi idi. Tarix göstərdi ki, müəyyən iqtisadi orqanizmi vətənpərvərlik və təşəbbüskarlıq prinsipləri ilə yalnız qısa zaman kəsiyində idarə edib yaşatmaq mümkündür. İnkişafın fasiləsizliyini, sabitliyini təmin etmək üçün iqtisadi münasibətlərin dünya təcrübəsində sınaqdan çıxmış yeni formasının, bazar iqtisadiyyatı prinsiplərinin və beynəlxalq iqteqrasiyaya əsaslanan açıq iqtisadi siyasətin həyata keçirilməsi zəruri idi. Lakin bu keçidin özünün də müvəqqəti xarakterli müəyyən fəsadlar törədəcəyi labüd həqiqət idi.

Bazar münasibətlərinə keçid prosesinin doğurduğu çətinliklər respublika iqtisadiyyatının aparıcı sahəsi olan neft sənayesində də özünü göstərmişdir. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, 1990-cı və sonrakı illərdə kəşfiyyat-qazma işləri demək olar dayanmış, neft və qazçıxarma idarələri yeni ehtiyatlar əldə etməmişlər. Respublikanın Dövlət Neft Şirkətinin (SOCAR) maliyyə çətinliyi ilə əlaqədar yeni kəşfiyyat quyularının qazılması müvəqqəti olaraq dayandırılmışdır.

İndi artıq həmin tənəzzül dövrü də arxada qalmışdır. Bu da təsadüfü deyildir. Son yüz il ərzində Azərbaycanın neftçiləri, neft mütəxəssisləri, mühəndisləri, alimləri tərəfindən toplanmış zəngin bilik və təcrübə yaradılmış güclü maddi və elmi-nəzəri baza, kadr potensialı, milli-tarixi neft ənənələri sənayemizin bu aparıcı sahəsinin yenidən inkişaf yoluna qədəm qoymasına, Azərbaycanın dünyada "Neft Akademiyası” kimi yüksək adının qorunub saxlanmasına imkan vermişdir.

Yeni neft və qaz yataqlarının istismara verilməsi ilə beynəlxalq satış bazarlarından daha çox mənfəət gətirmək üçün neft ixracı problemi diqqəti xüsusi cəlb etməkdə idi. Neft hasil edən ölkələr öz daxili ehtiyaclarını ödəməklə yanaşı, bu məhsulun artıq qalan hissəsinin beynəlxalq satış bazarlarına çıxarmaq məqsədi ilə ucuz başa gələn nəqliyyat yolları axtarırdılar. Lakin neft hasil edən ölkələrin hamısı beynəlxalq su yollarına çatmaq üçün hər şeydən əvvəl yaxın və uzun məsafələri qət edən kəmərlər və dəmir yolları çəkməli idilər.

Artıq neftin və qazın böyük miqdarda nəql edilməsi üçün Azərbaycanda nəqliyyat növləri inkişaf etdirilmişdir. Respublikada neftin nəqli ilə yanaşı onun qəbulunu, saxlanılmasını həyata keçirən limanlar, anbar təsərrüfatları sistemləri də formalaşmışdır.

Azərbaycanın müstəqil neft ixracı siyasətinin həyata keçirilməsi üçün nəqliyyat infrastrukturunun hər bir növünün əlaqəli inkişaf səviyyəsi təmin edilmişdir. Belə ki, xam neftin Şimal istiqamətində daşınması üçün Bakı-Maxaçqala dəmir yolundan, Azərbaycan neftinin Qara Dəniz limanlarına nəql olunmasında Bakı-Batumi dəmir yolundan istifadə olunur. Bakı-Subsa, Bakı-Novorossiysk və Bakı-Tbilisi-Ceyhan boru kəmərləri ilə xam neftin nəqli həyata keçirilir.

Qeyd etmək lazımdır ki, yeni minillikdə iqtisadi inkişafa təkan verəcək strateji "Bakı-Tbilisi-Ceyhan” neft kəmərinin istifadəyə verilməsi ilə Xəzər neftinin nəqlində Qərb şirkətlərinin gəlirlərinin artırılması ilə yanaşı, onların dünya neft strategiyasında rolunu artırdı və şirkətlərin rolunu genişləndirdi.

Azərbaycan neft sənayesinin inkişafında, onun infrastrukturunun genişlənməsində, xam neftin dünya bazarlarına çıxarılmasının təkmilləşdirilməsində Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin əhəmiyyəti olduqca böyükdür. Yeri gəlmişkən bildirməliyik ki, Azərbaycandan neftin böyük həcmdə fasiləsiz və təhlükəsiz nəqli üçün respublikada çox variantlı ixrac sistemi formalaşdırılmışdır. Bu sistemdə dəmir yolu, boru kəmərləri, gəmi nəqliyyatı əlaqəli şəkildə fəaliyyət göstərir.

Fərəhlə qeyd etmək istərdik ki, bu gün Azərbaycan dünyanın son dərəcə güclü neft-qaz istehsalı mərkəzlərindən birinə çevrilmişdir. Bunu aşağıdakı rəqəmlərdən də görmək mümkündür.

Türkiyənin Ceyhan limanından 2006-cı ildən 2018-ci ilin sonunadək 370 milyon tondan çox Azərbaycan nefti ixrac olunub.

SOCAR-ın məlumatında deyilir ki, Azərbaycan nefti Ceyhan limanına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə nəql edilir. 2018-ci ilin 9 ayında BTC vasitəsilə təqribən 25 milyon tondan çox (189 milyon barrel) xam neft ixrac olunub və həmin neft Ceyhan limanında 243 tankerə yüklənib. 1768 km uzunluğa malik BTC boru kəməri 2008-ci ilin iyunundan istismardadır və həmin vaxtdan 2018-ci ilin oktyabr ayına qədər boru kəməri ilə ümumilikdə 408 milyon tondan çox (təxminən 3,1 milyard barrel) xam neft nəql olunub Ceyhan limanında 4001 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Hazırda BTC boru kəməri Azərbaycandan əsasən "Azəri-Çıraq-Günəşli” nefti və "Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, boru kəməri vasitəsilə digər ölkələrin xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

Son 15 ildə sənaye potensialı 2,6 dəfə 2018-ci ildə sənaye istehsalı 2 fazi artıb. Valyuta ehtiyatları 24 dəfə artaraq 45 milyard dollara çatıb.

Bütün bunlar Azərbaycanın dünya təsərrüfat sisteminə daha sıx iqtisadi qovuşması deməkdir.

Bununla da ölkə malik olduğu müxtəlif sərvət zənginliklərindən səmərəli istifadə etməklə bərabər, həm də beynəlxalq əmək bölgüsünün yaratdığı üstünlüklərdən də xeyli bəhrələnmişdir. Azərbaycanın xarici şirkətlərlə neft yataqlarının birgə işləməsindən əldə edilən mənfəət neftinin satışından daxil olan valyuta vəsaitlərindən və digər gəlirlərindən səmərəli istifadə öncül sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsi təmin edilmişdir. Belə ki, "Azərbaycan Respublikasının Dövlət Neft Fondunun yaradılması haqqında” ölkə prezidentinin vaxtilə imzaladığı fərmanda neftdən gələn gəlirlərin Azərbaycan Respublikasının sosial-iqtisadi tərəqqisinin istiqamətləndirilməsinin dövlət siyasətinin başlıca məqsədi olması xüsusilə qeyd edilir. 

Ümummilli lider Heydər Əliyevin fəaliyyəti Azərbaycanın sərvətlərindən, xüsusən onun neft ehtiyatlarından ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatının böyük mənafelərini güdən məhz uzaqgörən siyasətin ən parlaq nümunəsidr.

Müstəqil Azərbaycanın taleyində müstəsna əhəmiyyət kəsb edən neft strategiyasının bütün çətinliklərə baxmayaraq uğurla reallaşdırılması və onun böyük müdrikliklə müəyyən olunmuş uzun müddətli başlıca məqsədlərinin ardıcıl mərhələlərlə müvəffəqiyyətlə icra olunması nəticəsində ölkə iqtisadiyyatının bu aparıcı sahəsi artıq özünün daima yüksələn xətlə artım məcrasına düşmüşdür ki, bu da respublikanın sosial-iqtisadi inkişafında ən mühüm dəyişikliklərin yaranmasına səbəb olmuşdur.

Belə ki, son 15 ildə Azərbaycanın uğurlu sosial-iqtisadi göstəriciləri yüksələn templə artmışdır ki, bunu aşağıdakı göstəricilər bir daha sübut edir: ümumi daxili məhsul 3,3 dəfə artıb; valyuta ehtiyatları 24 dəfə artaraq 45 milyard dollara yüksəlib; ölkə iqtisadiyyatına 250 milyard dollar sərmayə qoyulub; qeyri-neft sektoru 2,8 dəfə yüksəlib; sənaye potensialı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artıb; 100 mindən çox müəssisə yaradılıb; işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib; sahibkarlara verilən kreditlərin məbləği 2 milyard manatı ötüb; ixrac ümumilikdə 4,7 dəfə artıb; 292 sahibkarlıq subyektinə 332 investisiya təşviqi sənədi verilib; Sumqayıt və Mingəçevirdəsənaye parkları açılıb; Neftçala, Masallı, Hacıqabul, Sabirabadda sənaye mərhələləri yaradılıb; 17 aqropark fəaliyyətə başlayıb; maaşlar 7, pensiyalar 9 dəfə artıb; 3272 məktəb əsaslı təmir edilib və ya yenidən tikilib; 640 tibb müəssisəsi tikilib və yenidən qurulub; bölgələrdə 44 olimpiya mərkəzi yaradılıb; məcburi köçkünlər üçün 102 qəsəbə salınıb; 290 minədək məcburi köçkün yeni mənzillərlə təmin edilib; şəhid ailələrinə, müharibə ailələrinə 6654 mənzil verilib; müharibə ailələrinə 6144 avtomobil təqdim olunub; 15 "ASAN xidmət” yaradılıb; 31 yeni elektrik stansiyası tikilib; 15 min kilometr avtomobil yolu salınıb; əhalinin təbii qaz ilə təminatı 95 faizə çatıb; içməli su təminatı 70 faizdir; dörd böyük su anbarı tikilib; 2 milyon yeni iş yeri açılıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)
"Biznesin idarə edilməsi” kafedrasının müdiri
i.e.n., dos. Məhəmməd Ələkbər oğlu Əliyev

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay