UNEC Kitabxana İnformasiya Mərkəzinin 2023-cü il “Heydər Əliyev İli”nə həsr edilmiş “Oxu Mədəniyyəti” layihəsi çərçivəsində dünya kitabxanalarında yer alan ümummilli lider Heydər Əliyevin irsi, həyat və fəaliyyətinə dair nəşrləri WorldCat-da araşdırılıb.
Araşdırma zamanı kataloqda ulu öndərə həsr olunan 900 nəşr müəyyən olunub. Bu nəşrlərə 710 çap kitabı, 73 elektron kitab, 8 mikroforma, 1 dissertasiya, 1 əlyazma, 1 brayl şriftli kitab, 130 məqalə, 84 tammətnli məqalə, 13 arxiv materialı, 1 onlayn video və s. daxildir. Nəşrlərin 470-i ingilis, 350-si azərbaycan, 130-u rus, 36-i alman, 45-i fransız, 25-i türk, 20-i italyan və digər dillərdədir.
Nəşrlər arasında M.deJong adlı müəllifin “Heydər Əliyevin möcüzəvi dönüşü: 1969-1996-cı illərdə, Azərbaycan SSR-də partiya liderindən müstəqil Azərbaycanın Prezidentinə qədər” (“De wonderbaarlijke comeback van Gejdar Aliev : van partijleider in de Azerbajdžaanse SSR tot president van onafhankelijk Azerbajdžan, 1969-1996”) (1995-ci il) adlı 55 səhifədən ibarət dissertasiyası da yer alıb. Dissertasiya Leiden Universitet Kitabxanasında saxlanılır.
Burada mövcud olan 8 mikroforma 1980-1981-ci illərdə Heydər Əliyevin müxtəlif tədbirlərdə məruzə və cıxışlarını özündə əks etdirir, və ABŞ-ın Harvard Universitetinin Kitabxanası, Konqress Kitabxanası və Kolumbiya Universiteti kitabxanalarının kolleksiyalarına daxildirlər.
Dünya kataloqunda əksini tapan 740 kitabdan 360-ı tarix və tarix elmlərinə, 37-si Biznes və iqtisadiyyat sahəsinə və digər sahələrə aiddir.
Diqqət çəkən digər bir nəşr, 2005-ci ildə Moskvada “Molodaya qvardiya” nəşriyyatında çap edilən “Гейдар Алиев / Gejdar Aliev” adlı brayl şriftli kitabının müəllifləri Viktor Andrianov və Hüseynbala Mirələmovdur. Bu nəşrin nüsxələri ABŞ, Fransa, Almaniya, Birləşmiş Krallıq, Kanada daxil olmaqla dünyanın 45 kitabxanasında saxlanılır.
https://www.worldcat.org/title/493530455?oclcNum=493530455
WorldCat-da bu mövzuda mövcud olan ən yeni nəşrlərdən biri 2022-ci ildə Bakıda “İzə” nəşriyyatında çapdan çıxan “Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” adlı kitabın müəllifi milli Məclisin komitə sədri Sadiq Qurbanov, redaktorları isə UNEC rektoru professor Ədalət Muradov və ADPU-nun rektoru professor Cəfər Cəfərovdur.
https://www.worldcat.org/title/1350946308?oclcNum=1350946308