A

UNEC Kitabxana-İnformasiya Mərkəzində “Kitabxanaçıların peşəkar inkişafında süni intellekt” mövzusunda təlim keçirilib.

Təlimin əsas məqsədi kitabxana əməkdaşlarının rəqəmsal bacarıqlarının artırılması, süni intellekt alətlərinin informasiya xidmətlərinə inteqrasiyası və innovativ yanaşmaların tətbiqi istiqamətində biliklərinin genişləndirilməsi olub.

UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru Adilə Abdullayeva təlimin açılışında süni intellekt texnologiyalarının müasir informasiya mühitində artan rolundan bəhs edib. O, çıxışında Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın əhəmiyyətini vurğulayaraq, ölkədə rəqəmsal transformasiyanın sürətləndirilməsi, elektron hökumət sistemlərinin inkişafı, süni intellekt və innovasiya sahəsində fəaliyyətin təkmilləşdirilməsi istiqamətində qəbul olunan rəsmi sənədlərin bu sahənin inkişafında mühüm rol oynadığını qeyd edib. O, həmçinin bu rəsmi sənədlərdən irəli gələn vəzifələrə uyğun olaraq kitabxana işində də süni intellekt alətlərinin tətbiqinin vacibliyini diqqətə çatdırıb. Bu istiqamətdə təlimlərin təşkilinin kitabxanaçıların peşəkar inkişafına, bilik və bacarıqlarının artırılmasına, müasir informasiya xidmətlərinin daha effektiv təşkilinə mühüm töhfə verdiyini bildirib.

Təlim generativ süni intellekt və yaradıcı texnologiyalar üzrə mütəxəssis Ümid Salay tərəfindən aparılıb. Təlim zamanı iştirakçılara süni intellekt texnologiyalarının müasir imkanları, generativ süni intellekt alətlərinin funksiyaları və onların kitabxana-informasiya xidmətlərində, elmi tədqiqat prosesində və məlumatların emalında tətbiqi barədə geniş məlumat təqdim olunub. müzakirə edilib.

Təlim çərçivəsində iştirakçılar müxtəlif praktik nümunələrlə tanış olub, süni intellekt alətlərinin real iş prosesində tətbiqi imkanlarını öyrəniblər. İnteraktiv formatda keçirilən müzakirələr zamanı iştirakçılar mövzu ilə bağlı suallarını səsləndirib, fikir və təkliflərini bölüşüblər.

Sonda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb və süni intellekt texnologiyalarının kitabxana sahəsində tətbiq perspektivləri barədə müzakirələr keçirilib.

TOP XƏBƏRLƏR