UNEC-in “İqtisadiyyat və idarəetmə” fakültəsində “İqtisadiyyat” kafedrasının təşkilatçılığı ilə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası çərçivəsində tədbir keçirilib.
Tədbirin məqsədi YUNESKO-nun “Təhsil hamı üçün” prinsipinin təbliği, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi istiqamətində əhalinin müxtəlif qrupları arasında hüquqi maarifləndirmə işinin gücləndirilməsi olub.
Tədbiri giriş sözü ilə “İqtisadiyyat” kafedrasının müdiri Suqra Hümbətova açaraq mövzunun aktuallığını vurğulayıb və insan hüquqlarının qorunması ilə bağlı maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb.
Daha sonra kafedranın baş müəllimi Aytən İbadova mövzu ilə bağlı geniş məruzə ilə çıxış edib. O, çıxışında təhsildə inklüzivlik, bərabərlik, holistik inkişaf və ömürboyu təhsil kimi vacib məsələlərə toxunaraq bu prinsiplərin cəmiyyətin inkişafında mühüm rol oynadığını qeyd edib.