UNEC-də Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi və UNEC Təhsil Texnologiyaları Mərkəzinin təşkilatçılığı ilə “Təhsildə müasir rəqəmsal texnologiyalar və süni intellekt” mövzusunda seminar keçirilib.
Seminar UNEC Təhsil Texnologiyaları Mərkəzinin rəhbəri, Ph.D. Könül Kərimovanın təqdimatı ilə baş tutub.
Seminar İsveçin “Psymet” və Macarıstanın “eDia” onlayn platformalarından istifadə edilməklə Bakı şəhərinin 12 inzibati rayonunu təmsil edən 36 ümumtəhsil məktəbi üzrə aparılan tədqiqatın nəticələrinə həsr olunub. Tədqiqatda 6, 8 və 9-cu sinif şagirdləri və onların valideynləri könüllü şəkildə iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin müdiri Rəna Hüseynova bu kimi elmi-praktik seminarların təhsil sahəsində innovativ yanaşmaların təşviqi və elmi nəticələrin geniş auditoriyaya çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Elm və innovasiya məsələləri üzrə prorektor, professor Rövnəq Rzayev çıxışında müasir təhsil sistemində rəqəmsal texnologiyalar və süni intellektin tətbiqinin vacibliyini vurğulayaraq, bu sahədə aparılan tədqiqatların tədris prosesinin keyfiyyətinin yüksəldilməsinə töhfə verdiyini qeyd edib.
Seminarda tədqiqatın metodoloji çərçivəsi, tətbiq olunmuş rəqəmsal qiymətləndirmə alətləri və əldə edilən nəticələrin analitik təhlili təqdim olunub. Eyni zamanda şagirdlərin koqnitiv və qeyri-koqnitiv bacarıqlarının ölçülməsi istiqamətində istifadə olunan müasir yanaşmalar izah edilib.
Təqdimat zamanı universitet–məktəb əməkdaşlığının genişləndirilməsi, rəqəmsal diaqnostik alətlərin ümumtəhsil müəssisələrində tətbiqi və süni intellekt texnologiyalarının qiymətləndirmə modellərinə inteqrasiyası məsələlərinə də xüsusi diqqət yetirilib.
Seminarda UNEC əməkdaşları, təhsil üzrə mütəxəssislər, məktəb və kollec nümayəndələri, eləcə də tədqiqatçılar iştirak ediblər. Tədbirin sonunda tədqiqatın həyata keçirildiyi təcrübə proqramında iştirak etmiş şəxslər Tədqiqat Mərkəzi adından sertifikatlarla təltif olunublar.