A

muallim.edu.az

Müsahibimiz Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Magistratura Mərkəzinin  direktoru, iqtisad elmləri doktoru, professor Qabil Manafovdur.

  • Qabil müəllim, UNEC-də magistratura pilləsində hansı ixtisaslar fəaliyyət göstərir?
  • - UNEC-də magistratura pilləsində iqtisadiyyatın müxtəlif, o cümlədən ən perspektivli sahələri üçün yüksək ixtisaslı kadr hazırlığını həyata keçirən ixtisas və ixtisaslaşmalar toplanıb. Hazırda maliyyə, marketinq, menecment, biznesin idarə edilməsi, kompüter elmləri, ekologiya, turizm və otelçilik, mühasibat uçotu və audit, dövlət və bələdiyyə idarəetməsi, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi sahələri üzrə magistr hazırlayırıq. Bununla yanaşı, universitetimizdə yaxın gələcəkdə iqtisadi inkişafımızın bir sıra vacib istiqamətləri, o cümlədən strateji idarəetmə, elektron idarəetmə, innovasiyaların və layihələrin idarə edilməsi və s. yeni ixtisaslaşmalar üzrə magistr hazırlığının həyata keçirilməsi nəzərdə tutulur.Magistratura Mərkəzində əsas tədris dili Azərbaycan dili olsa da, bir çox ixtisaslar rus dilində də tədris olunur. “Beynəlxalq iqtisadi münasibətlər” və “Maliyyə menecmenti” ixtisaslaşmaları üzrə tədris ingilis dilində, “Beynəlxalq münasibətlər və diplomatiya” və “Biznesin təşkili və idarə edilməsi” ixtisasları üzrə Türkiyənin təhsil proqramlarına uyğun olaraq türk dilində aparılır.
  • - Magistrlərin dissertasiya işi necə təşkil olunub?
  • - Magistrlər universitetə daxil olan gündən başlayaraq, seçdikləri ixtisas və ixtisaslaşmaya uyğun olaraq ixtisas kafedraları tərəfindən təqdim olunan çoxsaylı mövzular arasından magistr dissertasiyası mövzusunu seçmək imkanına malikdir və ilk semestrdən başlayaraq universitetin və respublikanın ən təcrübəli alim və mütəxəssislərinin rəhbərliyi altında dissertasiya işi üzərində çalışırlar.- Hansı ölkələrlə magistr proqramlarını həyata keçirirsiniz?- Son dövrdə UNEC bir sıra xarici ölkələrin nüfuzlu ali məktəbləri ilə beynəlxalq əlaqələri genişləndirib. UNEC-lə Yunanıstan Respublikasının Qərbi Makedoniya Texniki Təhsil İnstitutu arasında bağlanan əməkdaşlıq memorandumuna əsasən magistr proqramı fəaliyyətə başlayıb. Bundan başqa, Rusiyanın nüfuzlu “Ali İqtisad Məktəbi” Milli Tədqiqat Universiteti (AİM-MTU) ilə bakalavriat və magistratura səviyyələrində rus dilində ikili diplom proqramları həyata keçirilir. UNEC hər il AİM-MTU Olimpiadasının keçirilməsinə ev sahibliyi edir. Olimpiadadan müvəffəqiyyətlə keçən magistrlər həmin ali məktəbdə ödənişsiz təhsil almaq imkanı əldə edirlər. Eləcə də Litvanın Mikolas Romeres Universiteti ilə maliyyə ixtisası üzrə birgə magistr proqramımız var. Türkiyənin nüfuzlu universitetləri ilə də bu sahədə əlaqələrimiz genişləndirilib.
  • - Magistrlərlə münasibət necə qurulub?
  • - Magistrlərimizlə universitetin rəhbərliyi və Magistratura Mərkəzi arasında əlaqə sıx əməkdaşlıq prinsipi əsasında qurulub. Magistrlərin tədris prosesinin təkmilləşdirilməsi, onun daim yaxşılaşdırılması ilə bağlı əsaslandırılmış təklif və tövsiyələri bizim üçün çox önəmlidir. Bu məqsədlə onlar universitetin rəhbərliyinə Magistratura Mərkəzində təşkil edilən görüşlərdə, həm “açıq qapı” və qəbul günləri, həm də müvafiq elektron ünvan vasitəsilə müraciət etmək, tez bir zamanda onun müvafiq dəstəyini görmək imkanına malikdirlər. Magistrlərlə hər gün görüşmək, onların təkliflərini dinləmək, problemlərinin həllinə dərhal kömək etmək isə bizim gündəlik işimizin əsas tərkib hissəsidir. Hər semestrdə magistrlər arasında “işçi məmnuniyyəti sorğusu anketi” vasitəsilə tədris prosesinin təşkili və onun keyfiyyətinin yüksəldilməsi, mühazirə və məşğələ dərslərinin keçirilməsinin xarakteri, dərs deyən müəllimlər və s. haqqında onların fikirləri, irad və təklifləri öyrənilir, müvafiq qərarlar qəbul edilir. Məhz belə sorğular nəticəsində magistraturada dərslərin axşam saatlarında keçirilməsi, “humanitar fənləri” və “ixtisas fənləri” bölümləri üzrə imtahanların test üsulu ilə aparılması, xarici dil fənləri sırasından rus dili və ingilis dili fənləri ilə bağlı magistrlərin seçiminin nəzərə alınması ilə bağlı qərarlar qəbul edilib.
  • - Hansı yeniliklər gözlənilir, prioritetləriniz nədir?
  • - Vacib məsələlərdən biri magistrlərin elmi-tədqiqat praktikası ilə bağlı mövcud təcrübənin təkmilləşdirilməsidir. Hazırda magistrlərin elmi-tədqiqat praktikası əsasən ixtisas kafedralarında təşkil edilir. Universitet rəhbərliyi magistrlərin bir qisminin elmi-tədqiqat təcrübəsinin müvafiq elmi-tədqiqat institutlarında və idarələrində, nazirlik, komitə və özəl şirkətlərin müvafiq elmi qurumlarında faydalı əməkdaşlıq mexanizmləri əsasında qurulması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir.
  • Avropanın qabaqcıl universitetləri ilə magistratura səviyyəsində mövcud əlaqələrin daha da genişləndirilməsi ilə yanaşı bağlanmış ikitərəfli müqavilələrdə magistrlərimizin iştirakı səviyyəsinin artırılması da prioritetlərimiz sırasındadır.
  • Elnarə ÖMƏROVA

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay