A

"Azərbaycan müəllimi"

TED dünya miqyasında milyonlarla izləyicisi olan layihədir. Bu layihə artıq beş ildir Azərbaycanda da mövcuddur. TEDx layihəsi isə TED tərəfindən 2009-cu ildə yaradılıb. TEDx layihəsinin yaradılmasında məqsəd insanların öz ölkələrində uğur qazanan şəxslərlə yerli tədbirlər keçirməsini təklif etməkdir. Bu təklif müxtəlif dövlət, qeyri-dövlət, habelə ali məktəblərə olunur. TEDx tədbirləri gənc nəslə həm mənəvi, həm də ruhdan düşməmək üçün psixoloji dəstəkdir desək, yanılmarıq. Yəni gənclər oxumağın, mübarizənin, əzmkarlığın arxasınca şansın da gələcəyinə inanmalıdırlar. Daha dəqiqi, buna ürəkdən inanmalı, perspektivlərinə dair qurduqları xəyalların ardınca getməlidirlər. Dekabrın 15-də tələbə gənclər üçün elə bu məqsədlə TEDxUNEC konfransı keçirildi.

Konfransda TEDx qaydalarına uyğun olaraq, spikerlər, yəni konfransda çıxışlar üçün seçilən tanınmışlar, öz fikir və ideyalarını 15 dəqiqə ərzində auditoriyaya çatdırdılar.İlk çıxışçı Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı oldu. “Təhsilin gələcəyi-gələcəyin təhsili” mövzusunda çıxış edən rektor təhsilin mahiyyəti, vacibliyi, bütün ziyalı, elm və ədəbiyyat adamlarının təhsilə xidmətinin faydalarından danışdı. Onun “hər şey insanın özündən asılıdır. İnsan öyrənmək istəməlidir ki, onu öyrətmək istəyənlər yaransın” fikri auditoriya tərəfindən alqışlarla qarşılandı. O, həmçinin bildirdi ki, Azərbaycan tələbəsi, gənci təkcə bu günün adamı deyil: “Azərbaycan gənci özü ilə yanaşı, ölkəsinin də gələcəyini müəyyən edən adamdır”.Yazıçı Çingiz Abdullayev “Kitab və açıq düşüncə” mövzusundakı çıxışında kitabın insan həyatındakı rolundan danışdı. O hesab edir ki, dini kitablar daxil, insan çoxlu sayda kitab oxumalıdır. Bu, onun dünyagörüşü, biliyini formalaşdırır. “Dünyada baş verən bütün faciələrin kökündə cahillik durur. Cahilliyə aparan yol oxumamaqdan, savadsızlıqdan keçir”, - deyə yazıçı bildirdi. Çingiz Abdullayev fikirlərinə onu da əlavə etdi ki, özü, ölkəsi, həm də dünya üçün faydalı olmaq istəyən adam kitaba, elmə meyilli olmalıdır: “Mənim kitablarımı oxumayın, amma kitab oxuyun, ixtisasınıza, peşənizə, gələcəyinizə aid kitab. Bu sizə fayda verməyə bilməz”.Daha sonra yazıçı qadınların təhsil almasının vacibliyi məsələsinə toxundu: “O cəmiyyətlər məhvə məhkumdur ki, orada azyaşlı qızları təhsildən yayındırır, erkən nikaha cəlb edirlər. Millətlərin gələcəyi qadınların nə qədər savadlı olmasına bağlıdır. Harada qadınlar daha çox təhsilli, savadlı, dünyəvidir, orada cəmiyyət ancaq inkişaf edir, irəli gedir”. Yazıçı hesab edir ki, indi bu fikir kütləvi şəkildə qəbul olunmur, amma millətlərin gələcəyini qadınların necə olması müəyyən edir.Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayev isə “Kardiocərrahın ürəyindən keçənlər” mövzusunda çıxışında özünün karyera tarixçəsini danışdı. Ucqar dağ kəndindən olan uşağın necə tanınan cərrah olmasından söz açdı. Onun fikrincə, insanın kim olacağı barədə mütləq uşaqlıq xəyalları olmalıdır: “Məqsədinə çatana qədər o xəyalı gerçək etməyin mübarizəsini aparmaq lazımdır. Hətta xəyalın reallaşanda belə, “hələ o hədd deyil” deməlisən. Bu səni həmişə inkişafa aparacaq. Oxumağı, öyrənməyi tərgitməyə qoymayacaq”. Kamran Musayev bu günə qədər Azərbaycanda 13 min ürək-damar əməliyyatı reallaşdıran cərrahdır. Azərbaycan reallığında bu, böyük göstəricidir. Həm də yaxın çevrəsini nəzərə almasaq, 13 min adamın ona inanması, özünü əmanət etməsi deməkdir. Bu, təkcə peşəkarlıqla deyil, həm də insanlarla ünsiyyət qurmağı bacarmaq qabiliyyətidir. Cərrah-kardioloq hesab edir ki, yaxşı peşəkar olmaq hələ işin yarısıdır. İşin tamamı insanların sənə inamı olanda baş verir.Qaldı tədbirin mahiyyəti məsələsinə, TEDxUNEC konfransının təşkilatçısı Ramil Cabbarov deyir ki, belə tədbirlərdə iştirak tələbələrin kitaba daha çox bağlılığını təmin edir. Onlar gələcəkləri ilə bağlı daha optimist düşünürlər. Eyni zamanda mübarizə aparacağın halda mütləq yaxşı nəticənin əldə olunacağına inanırlar. Ən başlıcası, onlar uğura gedən yolun gerçək hekayətlərini eşidir, o hekayətlərin gerçək qəhrəmanlarını görürlər. Onlarla birbaşa ünsiyyəti yaranır, hətta sual vermək, cavab eşitmək imkanı olur. Ramil Cabbarov bu mənada TEDx konfanslarının təşkilində hər zaman maraqlı olduqlarını deyir. Belə tədbirləri UNEC davamlı olaraq reallaşdıracaq.TED (Technology, Entertainment and Design) hazırda dünyada mövcud olan ən iri fikir platformalarındandır. Layihə 1984-cü ildə ABŞ-da yaradılıb. TED hər hansı bir insanın konkret mövzuya aid maraqlı düşüncələrini bölüşməyə şərait yaradır.İndiyə kimi TED konfranslarında bir çox texnoloji yenilik təqdim olunub. “Macintosh” kompüteri, süni intellekt, SONY istehsalı olan kompakt-disklər ilk dəfə TED səhnəsində nümayiş etdirilib.

Jalə MÜTƏLLİBOVA

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay