A

"525-ci qəzet"

UNEC Kitabxana İnformasiya Mərkəzinin 24/7 Kitabxanası fəaliyyətinə başladığı vaxtdan müxtəlif layihələrin həyata keçirilməsi, təlimlərin təşkili, bir-birindən rəngarəng tədbirlərin təqdimatı ilə həm UNEC-in akademik heyəti, həm tələbələri, həm də həmkar kitabxana mütəxəssisləri tərəfindən rəğbət qazanıb.  

Kitabxana fondunu oxuculara təqdim edən "Həftənin Kitabı" layihəsi, kitabxana qaydalarını, onun fiziki və elektron resurslarından geniş istifadə edilməsi, kitabxananın hər bir oxucu-istifadəçinin həyatındakı əhəmiyyətli rolunu müəyyən edən "Kitabxana mənim üçün..." layihəsi, müəllimlər və tədqiqat işləri ilə məşğul olan alimlər üçün "UNEC kitabxanalarının elektron resurslarından effektiv istifadə" davamlı təlimlər (beynəlxalq koordinatorların və təlimçilərin iştirakı ilə), tələbələrin təşəbbüsü ilə "Yaşıl alma" kimi müxtəlif maarifləndirici tədbirlər, "Qurani-Kərim" kitabı. "Quran"da Elm və Təhsil" başda olmaqla, ən aktual kitabların təqdimatları, həmçinin, dövlət bayramları və hüzn günlərinin kitabxanada yüksək səviyyədə qeyd edilməsi yuxarıda danışılanlara gözəl nümunədir. Bütün bu layihə, tədbir və təlimlərin həyata keçməsində universitetin müəllim-tələbə heyətinin yaxından iştirakını xüsusi vurğulamaq lazımdır. UNEC KİM 24/7 Kitabxanası bir sıra tələbə təşkilatlarının layihələrinə də dəstək verib ki, hazırda bu əməkdaşlıq davam edir.  

COVİD-19 pandemiyası ərəfəsində bütün elmi kitabxanalar kimi, UNEC KİM 24/7 Kitabxanası da onlayn rejimində fəaliyyətinə keçid edib. Təkcə bu dövrdə e-mail və sosial şəbəkələr üzrə 5010 oxucu-istifadəçinin sorğusu cavablandırılıb, akademik heyətin və tələbələrin mövzu üzrə müraciətləri geniş əhatəli e-materiallarla təmin edilib. #EvdəQal #İnkişafdan Qalma aksiyasına dəstək verərək, pandemiyadan qorunmaq, dövrün tələblərinə uyğun yeni gigiyenik qaydalara əməl etmək mövzusunda 12 poster hazırlanaraq paylaşılıb. Təhsilini və elmi araşdırmalarını durmadan davam edənlər üçün rəsmi səhifələrdə 41 açıq elektron bazalardan istifadəyə imkan yaradılıb. Oxucu-istifadəçilərin karantin dövrünün maraqlı keçirməsi üçün dünyanın ən böyük kitabxanalarına virtual səyahət təşkil edilib. Eləcə də, "Məşhurlar hansı kitabları oxuyur" rubrikası altında oxucu-izləyicilərə tövsiyə edilən kitablar haqqında geniş məlumatlar hazırlanıb, rəsmi səhifədə paylaşılıb.  

UNEC KİM 24/7 Kitabxanası kollektivi bu dövrdən də maksimum yararlanmağı üstün tutaraq, özüninkişaf proqramlarına, peşəkar karyeraya dəstək layihələrinə qatılaraq, rəqəmsal kitabxanaların məsafəli təhsildə yeri və əhəmiyyəti, distant təhsilin faydaları, xüsusilə pandemiya dövrünün diktə etdiyi müasir tələblərə cavab verən rəqəmsal akademik kitabxana sistemində kitabxana xidmətlərinin təşkili mövzularında beynəlxalq konfrans və təlimlərdə iştirak edib. Həmçinin, kitabxana qısa zaman kəsiyində əldə etdiyi təcrübəsini bir sıra təlimlərdə həmkar kitabxanaların mütəxəssisləri ilə bölüşüb.

UNEC KİM 24/7 Kitabxanası yeni tədris ilinin başlanması ilə "Sıra Səndə" layihəsinə start verib. Layihənin iştirakçıları sosial şəbəkələrdən kitabxananın fəaliyyətini izləyən oxuculardır ki, sevdiyi kitabları geniş auditoriyaya təqdim edirək, estafeti digərinə ötürürlər. Layihənin məqsədi müəllim və tələbələri profil üzrə gündəmi zəbt edən ən yeni maraqlı akademik kitablar, həmçinin, Azərbaycan və dünya bədii ədəbiyyatı inciləri ilə tanış etməkdir. Kitabxananın əksər layihələrində olduğu kimi, məqsəd burada da zövqlü bədii ortam yaratmaqdır. Qısa bir zaman kəsiyinə baxmayaraq, Ruçir Şarma "Dövlətlərin yüksəlişi və tənəzzülü: Böhrandan sonrakı dünyada güclərin dəyişməsi" ("The Riseand Fallof Nations: Forcesof Changein the Post-CrisisWorld"), Corc S. Kleyson "Babilin ən varlı adamı", Benjamin Qrem, Devid Dodd "Qiymətli kağızların təhlili" ("Security Analysis"), Emre Alkin "İqtisaddan çıxış" ("İktisattan Çıkış"), Xalid Hüseynin "Min möhtəşəm günəş" kimi kitablar olmaqla, layihənin 10-a yaxın buraxılışı geniş müzakirəyə çıxarılıb. Müəllim və tələbələrin həvəslə layihəyə qatılması bu layihənin ən sevindirici tərəfidir.

II Qarabağ müharibəsi dövrü, həmçinin, müharibədən sonrakı informasiya, media savaşı zamanı UNEC KİM 24/7 Kitabxanası aktiv fəaliyyət göstərib. Müharibədə informasiya təhlükəsizliyi barədə məlumatlandırma posterləri, "Qarabağ Azərbaycandır!" həştəqli və digər aktual posterlər hazırlanaraq paylaşılıb.

II Qarabağ müharibəsi dövrü kitabxana daha 2 layihəyə: "Qarabağ tarixi sənədlərdə" və "Qarabağ Kitabxanaları" layihələrinə start verib.

"Qarabağ tarixi sənədlərdə" layihəsinin məqsədi mövcud informasiya savaşında ermənilərin Azərbaycan tarixinə, Qarabağ tarixinə kölgə salan yalançı, saxta tarixi məlumatlarına dürüst tarixi sənədlər, mənbələrlə qarşı çıxmaqdır. Əldə edilmiş materialları həm orijinalda, həm türk, rus və ingilis dillərindən Azərbaycan dilinə çevirərək təqdim etməkdir. Ermənilərə qarşı 1915-ci ildə soyqırımı olmadığını sübut edən Rusiyanın Dövlət Arxivlərindən toplanılmış sənədlər, İvan Şopenin kitablarından seçmələr, Sergey Qlinkanın qeydləri "Ermənilərin Azərbaycana köçürülməsinə dair", G.Th.Koppelin Şuşanın 1824-cü ildəki əhalisi haqqında (George Thomas Keppel, "Personalnarrativeof a journey from Indiato England") və bu kimi istinad sənədləri olmaqla, 7 buraxılış hazırlanıb izləyicilərə təqdim edilib.

"Qarabağ Kitabxanaları" layihəsi UNEC Könüllüləri Təşkilatının təşkilatçılığı ilə ərsəyə gəlib. Layihəyə BDU Kitabxanaçılıq və İnformasiya fakültəsinin III kurs tələbəsi Nabat Əliyeva cəlb edilib. 

Layihənin məqsədi oxucu-izləyicilərə Qarabağdakı kitabxanaların yaranması, işğaldan əvvəlki və işğal dövründəki fəaiyyəti haqqında qısa da olsa məlumat verməkdir.

"Qarabağ Kitabxanaları. Şuşa" layihəsinin birinci buraxılışı Şuşanın işğaldan azad olunması günü 8 noyabr 2020-ci il tarixində və digər Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər kitabxanaları haqqında buraxılışlar oxucu-izləyicilərə təqdim edilib. Hazırda layihə davam edir.

Kitabxananın yeniliklərindən biri də rəsmi @UNECLibrary24_7 Teleqram kanalının açılmasıdır. Ölkədə və universitetdə baş verən mühüm məlumatlar kitabxananın Teleqram kanalı vasitəsilə də izləyicilərə operativ çatdırılır.

Onlayn rejimində belə çalışmağına baxmayaraq, UNEC KİM 24/7 Kitabxanası öz prinsiplərinə sadiq qalaraq, bu gün də akademik heyət və tələbə təşkilatları ilə sıx əməkdaşlıq edir, eləcə də müasir kitabxanaçıların yetişdirilməsinə öz töhfəsini verir.

Arzu MƏMMƏDOVA
UNEC KİM-in 24/7 Kitabxanasının müdiri

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay