A

azpolitika.info

Azərbaycanda uzun illərdir cəmiyyəti narahat edən əsas problemlərdən biri də təhsilin keyfiyyətidir. Artıq il yarımdır ki, dünyanı bürüyən koronavirus pandemiyası bu problemin bir qədər də artmasına səbəb olub.

Təhlillər, müşahidələr və mütəxəssislərin rəyləri göstərir ki, təhsilin bütün pillələrində mövcud olan keyfiyyət probleminin əsas səbəblərindən biri də qiymətləndirmədə yalnız test üsulundan istifadə olunmasıdır. Orta təhsildə bu özünü daha çox şagirdlərin mütaliə maraqlarının və imkanlarının azalmasında, dünyagörüşlərinin inkişaf etməməsində, əzbərçiliyə meyillənməsində və beləliklə öyrəndiklərini təhlil, tətbiq qabiliyyətlərinin formalaşmamasında göstərir.

Ali təhsildə isə problem daha ciddi şəkildə büruzə verir. Tələbələrin biliklərinin yalnız test üsulu ilə qiymətləndirilməsi onların təfəkkürünün, mühakimə yürütmək qabiliyyətinin, sintez, qiymətləndirmə bacarıqlarının inkişafdan qalmasına səbəb olur.

Qiymətləndirmədə istifadə edilən test suallarının (bir çox hallarda cavabları ilə birlikdə) əvvəlcədən tələbələrə verilməsi isə onların əksəriyyətinin tədris olunan fənlərə belə hazırlaşmamasına, kitablardan ümumiyyətlə istifadə etməməsinə və beləliklə də seçdikləri ixtisaslar üzrə mütəxəssis kimi formalaşa bilməmələrinə gətirib çıxarır. Təsadüfi deyil ki, müxtəlif qurumlar tərəfindən aparılan monitorinqlər bu gün Azərbaycanda ali təhsil müssələrinin bitirənlərin əksəriyyətinin – təxminən 60 faizinin hətta yerli əmək bazarının minimum tələblərinə cavab vermədiyini göstərir.

Başqa sözlə ali təhsil müəssələrimizin hələ də böyük ölçüdə mütəxəssis yetişdirə bilmədiyini, sadəcə diplom verməklə məşğul olduğunu deyə bilərik.

Belə bir vəziyyətin yaranmasının obyektiv səbəblərinin olduğunu, əlbəttə, bilirik. Sovet təhsil sistemindən miras qalan və müstəqilliyin ilk 10-15 ilində daha da güclənən ali təhsildəki rüşvət sisteminin dağıdılması, müəllim-tələbə münasibətlərində şəffaflığın yaradılması baxımından qiymətləndirmədə mərkəzləşdirilmiş test üsulundan istifadə ən optimal seçim olub.

Ancaq məcburiyyətdən seçilmiş bu üsulun uzun müddət davam etdirilməsi yuxarıda qeyd etdiyimiz kimi, cəmiyyətimizi daha ciddi problemlərlə üz-üzə qoymaqdadır.

Buna görə də ali təhsil müəssisələrimizin mərhələli şəkildə qiymətləndirmədə test üsulundan imtina edərək, dünyanın aparıcı universitetlərində olduğu kimi yazılı və hətta qeyri-ixtisas fənləri üzrə sosial şəbəkələr vasitəsilə canlı yayımlanan şifahi imtahanlara keçilməsi zəruridir, günümüzün tələbidir.

Yəni, müəyyən sayda test suallarının cavabını əzbərlədiyi üçün ixtisasından xəbərsiz və ya qeyri-kafi biliklərə malik tələbələrə diplom vermək praktikasına son verilməlidir. Diplomu seçdiyi ixtisası hərtərəfli mənimsəmiş, beynəlxalq əmək bazarının tələblərinə cavab verən, mütəxəssis kimi hazırlanmış tələbələrin əldə etməsini təmin edən tədris və qiymətləndirmə üsullarına keçilməlidir...

Sevindirici haldır ki, artıq ali məktəblərimizdə də bu barədə düşünülür. Konkret olaraq Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yaxın gələcəkdə bu istiqamətdə əhəmiyyətli addımların atılması planlaşdırılır.

Hər halda bir neçə gün əvvəl UNEC rektoru, professor Ədalət Muradovun tələbə təşkilatlarının rəhbərləri ilə görüşündə səsləndirdiyi fikirlər bundan xəbər verir. Səmimi şəraitdə keçən görüşdə tələbə təşkilatlarının rəhbərlərinin bütün suallarını cavablandıran professor Ədalət Muradov Azərbaycanda ali təhsildə mövcud olan problemləri aydın şəkildə göstərərək, UNEC-də artıq xeyli müddətdir ki, onların həlli istiqamətində düşünülmüş bir strategiyanın həyata keçirildiyini vurğuladı.

Son illər universitetdə həyata keçirilən islahatların, kompleks tədbirlərin nəhayi hədəfinin də məhz beynəlxalq əmək bazarının tələblərinə tam cavab verən mütəxəssis hazırlığını reallaşdıra bilmək imkanlarına sahib olmaq, məzunlarına diplom deyil, yüksək bilik vermək olduğunu açıqladı.

Bu məqsədlə UNEC-də reallaşdırılan işləri bir neçə istiqamətə ayırmaq olar:

Birincisi, tədris proqramlarının təkmilləşdirilməsi, UNEC-də tədrisin tanınmış universitetlərdə istifadə olunan proqramlara, sillabuslara uyğun həyata keçirilməsinin təmin edilməsi;

İkincisi, müəllimlərin vaxtaşırı öz ixtisasları üzrə xaricdən cəlb olunmuş tanınmış alimlərin, mütəxəssislərin treninqlərində, təlimlərində iştirakını təmin etməklə, onların hazırlıq səviyyəsinin yüksəldilməsi. Eləcə də xaricdə təhsil almış gənc mütəxəssis və alimlərin UNEC-də tədrisə cəlb olunması;

Üçüncüsü, bütün müəllimlərin (eləcə də tələbələrin) elektron şəxsi kabinetlərinin yaradılması, bununla da onların tədrisi və elmi fəaliyyətlərin şəffaf şəkildə izlənilməsi. Eləcə də hər bir fənnin sillabusunun, müəllimlərin mühazirələrinin, mühazirələr əsasında Power Pointdə hazırlanan təqdimatların, keçirilən mühazirələr üzrə videodərslərin, əlavə olaraq 800-dən çox asinxron videodərs və digər tədris materiallarının şəxsi kabinetlərinə yerləşdirilərək tələbələr üçün əlçatanlığının təmin edilməsi;

Dördüncüsü, tələbələrin seçdikləri ixtisaslar üzrə hazırlığını yüksəltmək üçün onlara tədris olunan qeyri-ixtisas fənlərinin sayının minumuma salınması və beləliklə də əlavə yüklənmələrinin qarşısının alınması;

Beşincisi, böyük kitab bazasına malik elektron kitabxananın yaradılaraq, tələbələrin fasiləsiz olaraq ondan istifadə etməsinə şəraitin yaradılması;

Altıncısı, tələbələrin daha mükəmməl və praktiki biliklər əldə etməsinə şərait yaratmaq üçün maddi-texniki bazanın gücləndirilməsini, fənn kabinetləri və laboratoriyaların yaradılmasını, son kurslarda təcrübəyə ayrılan vaxtın artırılmasını və sairi qeyd edə bilərik.

Eyni zamanda, tələbələrin bir sıra xarici ölklərin tanınmış universitetləri ilə müştərək reallaşdırılan ikili diplom proqramlarında, müxtəlif təqaüd proqramlarında iştirakı üçün hərtərəfli şərait formalaşdırılıb.

Bir sözlə,UNEC-də qısa müddətdə tələbələrin yüksək təhsilə yiyələnməsini təmin etmək baxımından hərtərəfli şəraitin yaradıldığını söyləyə bilərik.

Əlbəttə, pandemiya şərtləri yaradılan şəraitdən tələbələrin tam şəkildə istifadə etməsində müəyyən problem yaradır. Ancaq UNEC-də hələ pandemiyadan əvvəl təhsilin distant formada aparılması istiqamətində xeyli iş görüldüyündən, ötən müddətdə isə lazımi təkmilləşdirmələr həyata keçirildiyindən, müəyyən edilən çatışmazlıqların əksəriyyəti aradan qaldırıldığından, tələbələrin bilik əldə etməsinə hansısa ciddi bir maneənin qaldığını söyləmək mümkün deyil.

Bu baxımdan konkret olaraq İqtisad Universitetində tələbələri öz ixtisaslarına daha dərindən yiyələnmək, mütəxəssis kimi yetişməsinə səbəb olacaq qiymətləndirmə üsullarına keçilməsində obyektiv bir problem mövcud deyil.

Ancaq nə yazıq ki, bu istiqamətdə həyata keçirilən ən kiçik dəyişikliyə belə qeyri-adekvat, yanlış və hətta qərəzli reaksiya verilir. Həm də yalnız test suallarını əvvəlcədən əldə edərək (cavablarını da başqalarından alaraq-müəl.), göz yaddaşı ilə hazırlaşıb qiymət almağa öyrəşmiş, universitetlərə təsdüfən düşmüş, savadlı mütəxəssis olmaq haqqında düşünməyən tələbələr tərəfindən deyil, eyni zamanda obyektiv mövqe sərgiləməli olduğunu ''unudan'' bəzi media orqanları, sözdə yüksək təhsilli cəmiyyət quruculuğundan danışan bəzi populist siyasətçilər, "ekspertlər" tərəfindən də...

Təbii ki, ortalığı qarışdırmağa çalışan fitnəkarlar, yenilikləri həzm edə bilməyən, köhnə sistemin "qoruyucuları", ölkə təhsilinin inkişafında maraqlı olmayan xəyanətkarlar da boş dayanmır. Vəziyyəti bir qədər dramatikləşdirərək, təhsildə mütərəqqi dəyişikliklərin qarşısını almaq üçün hər vasitəyə əl atırlar.

Elə Azərbaycan Dövlət İqtisad Universitetində Elmi Şuranın növbəti moduldan ixtisas fənlərinin suallarının məxfi saxlanılacağına dair qərarından sonra sosial şəbəkələrdə başladılan çirkli kampaniyada, "stəkanda fırtına yaratmağa" cəhd edənlərin xəbis niyyətlərində biz bunu açıq görürük.

Razılaşaq ki, tələbələrin daha dərin biliklər əldə etməsi, savadlı mütəxəssis kimi yetişməsi üçün verilən qərarı onların əleyhinə olan bir addım kimi təqdim etmək cəhdləri xoş niyyətdən xəbər vermir. Bunu bilmiyərəkdən, kimlərinsə təsiri altında edənlər cahil, bilərəkdən edənlər isə millətin, dövlətin açıq düşmənidir. Başqa izahı yoxdur.

Tələbə təşkilatlarının rəhbərlərilə görüşüdə verilən məlumatlardan da məlum oldu ki, sosial şəbəkələrdə qərara qarşı etirazlar təşkil etməklə bağlı çağırışları edənlərin bir çoxu nəinki UNEC-də oxumur, ümumiyyətlə heç tələbə deyil.

Belə çağırışlar edənlərin kimliyini araşdırdıqda içərilərində müxalifət partiyalarının üzvlərinin, etiraz aksiyalarından hesabat hazırlayıb xarici təşkilatlardan pul alan "qht” təmsilçilərinin, başqa ali məktəblərdə oxuyan və ya məzun olmuş gənclərin, həmçinin tələbələrin adı ilə saxta hesablar açmış trollar olduğu ortaya çıxır. Şantaj və təxribatlarla islahatların qarşısını almağa çalışırlar...

Bunların məqsədləri kimi, fikirlərinə haqq qazandırmaq üçün irəli sürdüklərin mülahizələrin heç bir əsası yoxdur. Məsələn, biri deyir ki, bu qərarı müəllimlərin rüşvət yığması üçün verirlər. Halbuki İqtisad Universitetində rüşvətin kökünü məhz indiki rəhbərlik kəsib. Digər tərəfdən imtahanlar yenə mərkəzləşdirilmiş formada test üsuli ilə keçiriləcəksə, hansı sualların seçiləcəyini müəllimlər də bilməyəcəksə, necə rüşvət yığıla bilər? Deməli bu adam ya nə daşıdığını bilmir, ya da qərəzlidir, kimlərinsə sifarişini yerinə yetirir...

Bir başqası yazır ki, onlayn dərslərin keyfiyyəti aşağı, müəllimlərin şəxsi kabinetlərindəki mühazirə materialları yetərsiz olduğundan guya imtahana hazırlaşa bilmirlər. Halbuki cəmi bir neçə ay əvvəı UNEC tələbələrİ arasında Google forum üzərindən keçirilən anonim sorğunun nəticələri bunun tam əksini göstərir. 6270 tələbənin iştirak etdiyi sorğunun nəticəsinə görə, UNEC-də tətbiq edilən onlayn tədrisi 65,7 faiz tələbə 7 və daha yüksək balla qiymətləndirib. Onlayn tədris zamanı 72,8 faiz tələbənin müəllimlərin şəxsi kabinetindəki mühazirə materiallarından, 12 faizinin elektron kitabxana resurslarından istifadə etdiyi açıqlanıb. Əlbəttə, qərarı etiraz edənlər arasında UNEC-də təhsil alanlar da var.

Ancaq birincisi, savad deyil, diplom almaq istəyən kiçik bir qrupun istəyi bütün universitet tələbələrinin mövqeyi kimi təqdim oluna bilməz.

İkincisi, Universitetin Elmi Şurasının verdiyi qərara etiraz etmək üçün obyektiv əsaslar olmalıdır. Belə əsaslar isə mövcud deyil. Sadəcə, "tələbəyə belə rahatdır, belə olmalıdır" deyərək, Elmi Şuranın universitetdə tədrisin və imtahanların təşkili ilə bağlı qərarına etiraz etmək doğru sayıla bilməz. Dünyanın heç bir yerində, heç bir ali təhsil ocağında bu cür qayda mövcud deyil.

İmtahanlar tələbənin rahat formada istədiyi qiyməıti alması üçün deyil, biliyinin obyektiv qiymətləndirilməsi üçün keçirilir. Mövcud qiymətləndirmə obyektivliyi ciddi şübhə doğurduğundan, yeni qaydaları tətbiqi şərtdir, zəruridir. Bunu sübut edən çoxsaylı göstəricilər var ki, (məsələn, hətta əlaçı tələbələrin bir çoxunun öz ixtisasları ilə bağlı elementar biliklərə malik olmaması-müəl.) üzərində geniş dayanmağa lüzum görmürəm.

Bəziləri pandemiyanı əsas gətirərək, bu qərarın tətbiqini təxirə salmağı təklif edirlər. Ancaq əvvala, pandemiyanın nə qədər davam edəcəyi bilinmir. Odur ki, pandemiyanı bəhanə gətirərək, təhsilin keyfiyyətini yüksəltməyə xidmət edən islahatları təxirə salmaq və ya sobataj etmək millətin gələcəyinə xəyanətdir!

İkincisi də verilən qərarda pandemiya çərtləri də nəzərə alınıb. Bildirilib ki, imtahan sualları yalnız sillabusda qeyd olunan mövzular üzrə tərtib olunacaq. İmtahanda sillabusdan kənar sual olarsa, bu zaman apellyasiya qərarı tələbənin xeyrinə həll ediləcək. Sillabusda qeyd olunan mövzular üzrə mühazirələr və əlavə materiallar müəllimlərin elektron kabinetlərində yerləşdirilib, tələbələrin istifadəsinə açıqdır. Eləcədə tələbələrin hansı kitablardan istifadə edə biləcəyi göstərilib və bu kitablar universitetin elektron kitabxanasında yerləşdirilib.

Ən əsası isə yalnız peşə kompetensiyaları tələb edən fənlər, yəni ixtisas fənləri üzrə imtahan suallar məxfi saxlanılacaq, digər fənlər üzrə imtahanlar əvvəlki qaydada təşkil ediləcək. Təkrar imtahanlara görə ödənişlər olmayacaq.

Yəni, universitet öz tələbələrinin seçdikləri ixtisaslar üzrə mükəmməl biliklərə yiyələnməsinə çalışır. Bəs bunun əksinə gedənlər nə istəyir?

Əgər bu suala məntiqli cavabları varsa, istənilən vaxt dinləməyə, müzakirə etməyə hazırıq.

İsmayıl İsmayılov
UNEC-in “Menecement” kafedrasının dosenti,
İqtisad elmi üzrə fəlsəfə doktoru 

TOP XƏBƏRLƏR