Ölkənin ən nüfuzlu təhsil müəssisələrindən olan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) fəaliyyətə başlamasından 92 il ötür.
Bu münasibətlə müəllim-tələbə kontingentini təbrik edən rektor professor Ədalət Muradov universitet kollektivinin fəaliyyətini yüksək qiymətləndirib:
“Prezident İlham Əliyevin mənim və universitetimizin qarşısında qoyduğu "Azərbaycan Dövlət İqtisad Universiteti dünya səviyyəli universitetə çevrilməlidir" vəzifəsinin icrası naminə əzmlə çalışan UNEC ailəsinin böyük zəhməti göz önündədir. Əldə etdiyimiz uğurlar gənclərə yeni bilik və bacarıqlar qazandıraraq, onların həyatında yeni səhifələr açmaqda davam edir. Atılan hər addım, göstərilən səy, çəkilən zəhmət bizə inanan hər bir gəncin gələcək həyatında uğura aparan yolun təməlini qoyur”.
Bununla əlaqədar olaraq Əməkdar elm xadimi, professor Şahlar Əsgərov AzEdu.az-a açıqlamasında UNEC-in bu illər ərzindəki fəaliyyətini dəyərləndirib:
“UNEC-in fəaliyyəti haqqında çox sözlər demək olar. Bu universitet yeni növ ali məktəb formasını təqdim etdi.Həm idarəetmə, həm təhsilin məzmunu, həm də struktur baxımından yenilikləri çoxdur. Nəticə olaraq universitetdə klassik fakültə, dekan, rektor strukturu tamamilə dəyişib. Bütün bu yeniliklərə görə UNEC çox müasir universitet kimi təqdim edilir, nümunəvi ali təhsil müəssisəsidir. Digər universitetlərimiz də UNEC nümunəsindən faydalana bilərlər. Bu ali təhsil müəssisəsi elmi tədqiqatlara, yeni ideyalara çox açıqdır. Bəzi rektorlar var ki, bir çox təklif verilir, ancaq heç birini qəbul etmir. Amma elələri də var ki, bütün yeni ideyaları həvəslə nəzərdən keçirirlər”.
Professor,həçinin universitetin beynəlxalq nüfuzuna da diqqət çəkib:
“Eyni zamanda UNEC Azərbaycan universitetlərinə xas olan bir sıra mənfi xüsusiyyətlərdən, neqativ hallardan özünü qoruya bilib. Əvvəllər “Narxoz” kimi tanınan universitetin bazasında UNEC kimi müasir bir ali təhsil müəssisəsi yaradıldı. Hazırda bu ali məktəbin beynəlxalq nüfuzu təqdirəlayiqdir. Həmçinin Azərbaycan Dövlət İqtisad Universiteti ali məktəblərin beynəlxalq reytinq siyahısında ölkəmizi önə çıxarıb”.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov da AzEdu.az-a açıqlamasında UNEC-in inkişaf yolu barədə ətraflı danışıb:
“Azərbaycan Dövlət İqtisad Universiteti aparılan islahatlar nəticəsində bölgənin ən öndəgələn, aparıcı ali təhsil müəssisələrindən birinə çevrilib. Bu gün ölkəmizin gəncləri də UNEC-də təhsil almaq üçün bir-birilərilə rəqabət aparırlar. İllər öncəyə nəzər saldıqda biz görürük ki, universitetin fəaliyyətilə bağlı çox ciddi narazılıqlar mövcud idi. Burada həm təhsilin keyfiyyəti, həm də müxtəlif neqativ hallar vətəndaşlarımızı narahat edirdi. Amma bu gün UNEC ölkəmizdə ən keyfiyyətli təhsil verən universitetlərdən birinə çevrilib. Burada çalışan müəllimlərin əmək haqqı yaxşı səviyyədədir, tələbələrə yüksək keyfiyyətli təhsil almaları üçün lazımı şərait yaradılıb. Bütün bu islahatların nəticəsidir ki, UNEC sadəcə Azərbaycanın ən yaxşı universitetlərindən biri deyil, eyni zamanda dünya universitetlərinin reytinq siyahısında da özünəməxsus yer tutur”.
“Əlbəttə, qarşıda görülməli işlər çoxdur. Amma hesab edirəm ki, bu günə kimi qazanılan uğurlar da az deyil. UNEC-ə gələcək fəaliyyətində də uğurlar arzulayırıq”-deyə, deputat bildirib.