Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) idarəetmə strukturunun təkmilləşdirilməsi məqsədi ilə UNEC Elmi Şurasının qərarına əsasən, “Tyutor xidməti” ləğv edilib. Bundan sonra UNEC tyutorları fakültələrin tərkibində fəaliyyət göstərəcək. Eyni zamanda, Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarəedilməsi mərkəzinin “Texnoloji innovasiya və telekommunikasiya” və “Statistika və təhlil” şöbələri ləğv edilərək, mərkəzin nəzdində “Elektron universitet” şöbəsi yaradılıb.Bununla bağlı, UNEC-in rektoru, professor Ədalət Muradov tyutor heyəti ilə görüşüb. Rektor bildirib ki, UNEC-də həyata keçirilən islahatlar idarəetmənin təkmilləşdirilməsini tələb edir. İdarəetmədəki dəyişiklik həm də yeni islahatların gündəmə gətirilməsini bir şərt kimi ortaya qoyur. Rektor bildirib ki, UNEC-də müasir tələblərə cavab verən idarəetmə sistemi qurmaq məqsədilə Ümumi katiblik yaradılıb. Yeni sistemə əsasən, inzibati idarəetmə akademik idarəetmədən tamamilə ayrılacaq. Ümumi katiblik inzibati işləri həyata keçirən qurumların işini koordinasiya edəcək.Görüşdə təhsildə akademik məsləhətçilər olan tyutorların xidmətinin əhəmiyyəti xüsusi vurğulanıb. Təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərə diqqət çəkilərək, bildirilib ki, 2017-ci ildən etibarən UNEC-in bütün tədris binalarında kağız jurnaldan elektron jurnala keçiriləcək. Tyutorlar üçün Elektron Universitet Modelinə dair təlimlərin təşkil ediləcəyi bildirilib. Təlimlərə həmçinin UNEC-in Zaqatala filialı ilə Maliyyə-İqtisad kollecinin əməkdaşlarının da cəlb ediləcəyi qeyd edilib.Görüşdə tələbələrin fərdi tədris planının tərtib edilməsi barədə müzakirələr aparılıb, təkliflər dinlənilib.