A

Trend.az

Bilikli, savadlı, vətənə bağlı, dünyaya açıq gənclik müstəqilliyin başlıca təminatıdır. Müasir dünyada bilik və yeni texnologiyalar olmasa, uğur qazanmaq mümkün deyil.

Trend-in məlumatına görə, bunu Prezident Adminstrasiyasının (PA) Qeyri-hökümət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova "Yeni imtahan modeli: islahatlar, nəticələr gözləntilər" mövzusunda konfransda deyib.

Onun sözlərinə görə, qlobal informasiya mühitində insan kapitalı iqtisadi tərəqqi və inkişafın əsas hərəkətverici qüvvələrindən biri hesab olunur.

Bu gün insan kapitalına qoyulan vəsaitlərin dövlətin ən gəlirli investiyalarından biri hesab edildiyini söyləyən S.Yusifova bildirib ki, uzunmüddətli perspektivdə insan kapitalı sosial kapitala çevrilir. Bu isə öz növbəsində iqtisadi inkişafa gətirib çıxarır: "Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə öz çıxışlarında qeyd edib ki, iqtisadiyyatı irəli aparan, ölkənin uğurunu nümayiş etdirən onun təbii ehtiyatları deyil, insanları, təhsili, əhalisinin intelektual səviyyəsidir. Bu gün qlobal anlamda nəsillərin dəyişməsi prosesi gedir. Artıq internetsiz dünyanı təsəvvür edə bilməyən "Zed nəsli" yetişir. Bu nəsil qloballaşma və postmodernizm dövrünü təmsil edən ilk rəqəmsal nəsildir. Onların həyata və dünyaya baxışları internetəqədərki dövrün nəsillərindən köklü sürətdə fərqlənir. Onlar üçün internetdən və rəqəmsal texnologiyalardan istifadə sadəcə həyat tərzidir. Bu isə təbii olaraq təhsil sistemində də köklü dəyişiklikləri, yeni yanaşmaları şərtləndirir".

PA rəsmisi hesab edir ki, bu baxımdan sabahın təhsil sistemi rəqəmsal iqtisadiyyatın inkişafına, yeni orta sinfin formalaşmasına yönələcək.

Onun sözlərinə görə, artıq bu gün gələcəyin bilik cəmiyyətinə xas olan təhsil sisteminin əlamətləri özünü göstərir: "Müasir texnologiyaların tətbiqi, yeni hədəflər, təhsil müəssisələrində çevik təhsil mühitinin formalaşdırılmasını, təhsilin adi xidmətə çevrilməsini, təhsilin fərdləşməsini, biliklərin qiymətləndirilməsini və süni intelektdən isitifadəni şərtləndirir. Onlayn və distant təhsil ən vacib kəşflərdən biri hesab olunur. Passiv təhsildən aktiv təhsilə keçid 2030-cu ilə qədər yekunlaşmalıdır və bu, tipik təhsil modelinə çevriləcək. Qarışıq və mobil təhsil gələcəyin ali təhsil müəssisələrinin rəqabətqabiliyyətliyini və uğurunu müəyyənləşdirən əsas faktorlardan biri olacaq. Böyük həcmdə informasiyanın əlçatan olması, informasiya ilə işləmək və onu seçmək vərdişi tənqidi düşüncənin inkişaf etdirilməsini tələb edəcək".

S.Yusifova qeyd edib ki, informasiya və texnoloji fonun sürətli dəyişməsi nəticəsində təhsil fasiləsiz xarakter alacaq: "Big data"ların toplanması təhsildə fərdi yanaşmanı gücləndirəcək və tanış təhsil formatları yeniləri ilə əvəz olunacaq, diplomları fərdi səlahiyyət profilləri əvəz edəcək, biliklərin qiymətləndirilməsi üçün testlər aktuallığını itirəcək. Onların vərdiş və müəyyən səlahiyyətlərinin olmasını təsdiq edən qiymətləndirmə və sertifikatlaşdırma üzrə internet sistemləri əvəzləyəcək:

"Bilik verən müəllimləri təhsildə motivasiya verən, vərdişləri ötürən mentorlar əvəz edəcək. Biliklərin inteqrasiyası və tətbiqi təcrübəsinə keçid baş verəcək. Gələcək təhsil işəgötürənlər və işəgötürülənlər arasında distansiyanı da aradan qaldıracaq. Təhsil xidmətləri bazarı isə daha çevik olacaq. Akademik və texnoloji mühitin sintezi baş verəcək. Böyük koorporasiyalar dövlətin vasitəçiliyi olmadan müəyyən peşə və vərdişləri sifariş verəcək. Yeni transmilli əmək bazarı formalaşacaq. Lakin iqtisadi potensialını gücləndirməyə hədəfləyən dövlətlər insan kapitalının formalaşmasında aparıcı rolunu qoruyub saxlamalıdırlar. Bu baxımdan təhsil sistemi dəyişikliklərə və texnologiyaların inkişafın adaptasiya olmalı, gələcəyin çağırışlarına çevik reaksiya verməlidir. Təhsil sistemində xüsusi ilə qəbul imtahanlarında rəqəmsal texnologiyalardan istifadə ilə bağlı Azərbaycanın böyük təcrübəsi var. Azərbaycan bu sahədə MDB məkanında pionerdir. Azərbaycanın təhsil sistemində texnoloji yeniliklərin, innovativ prinsiplərin tətbiqi, biliklərin qiymətləndirilməsi mexanizmləri daha da təkmilləşdirilməsi dinamik xarakter daşıyır. Azərbaycanın müasir təhsil sistemi yaddaş məktəbindən təfəkkür məktəbinə keçidi özündə ehtiva edir. Buraxılış və qəbul imtahanlarında yeniliklər də məhz bu konteksdə nəzərdən keçirilməlidir".

İlhamə İsabalayeva

TOP XƏBƏRLƏR