Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, UNEC Xanım Tədqiqatçılar Şurasının rəhbəri, siyasi alim Dr. Nərgiz Hacıyeva İsveçrə Konfederasiyasının nüfuzlu ali təhsil müəssisəsi “ETH Sürix” – Sürix Federal Texnologiya İnstitutunun professoru, Müqayisəli Siyasət beyin mərkəzinin direktoru, siyasi elmlər üzrə Frank Shimmenfennigin dəvətilə 09-12 mart tarixlərində İsveçrə konfederasiyasının Lokarno şəhərində keçirilən "The Changing Boundaries of European Integration" adlı beynəlxalq seminarda çıxış edib.
Nərgiz Hacıyeva seminarda "Reconfiguring Boundaries: Analyzing the Impact of the Ukraine-Russia War 2022 on EU Integration Dynamics" mövzusunda elmi məruzə təqdim edib. Çıxış alimlər tərəfindən böyük maraqla qarşılanıb və Avropa İtrifaqının inteqrasiya dinamikalarının həm coğrafi (horizontal), həm də siyasət (vertikal) aspektlərinə toxunaraq, Azərbaycanın enerji siyasətinin bu proseslərdə oynadığı rolu vurğulayıb.
Tədbirdə dünyanın aparıcı universitetlərindən – ABŞ-ın Corctaun Universiteti və Nyu York Universiteti, Böyük Britaniyanın Oksford Universiteti, King's College London və Kembric Universiteti, İsveçrənin ETH Sürix, Sürix Universiteti, Cenevrə Universiteti və Frayburq Universiteti, Almaniyanın Bremen Universiteti, eləcə də İtaliyanın Avropa Universiteti İnstitutunun professorları və siyasi alimləri iştirak ediblər.
Dr. Nərgiz Hacıyeva bu beynəlxalq elmi tədbirdə Azərbaycandan dəvət olunan ilk siyasi alim kimi çıxış edərək, ölkəmizin elmi ictimaiyyətdə təmsil olunmasına böyük töhfə verib.