Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nümayəndəsi Filippinin Legazpi şəhərində keçirilən nüfuzlu beynəlxalq konfransda əsas natiqlərdən biri kimi çıxış edib.
28-30 yanvar tarixlərində Filippinin Legazpi şəhərində "ASEAN Sinergiyası: Süni intellekt dövründə biliklərin ötürülməsinin, tədqiqatların və akademik fəaliyyətin inkişafı" mövzusunda I ASEAN ERA (Extension, Research, and Academia) beynəlxalq konfransı öz işinə başlayıb. Konfrans regionun aparıcı ali təhsil müəssisələrindən olan Bicol Universiteti, Dasmarinas Milli Universiteti və Rizal Texnologiya Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Tədbirin əsas məqsədi regionda ali təhsil müəssisələri, dövlət qurumları və biznes tərəfdaşları arasında əməkdaşlığı gücləndirmək, eləcə də davamlı innovasiya və inklüziv inkişafı təşviq etməkdir.
Konfransın açılış günü – 28 yanvarda keçirilən plenar iclasda UNEC-in Rus İqtisad Məktəbinin direktor müavini, "Tətbiqi iqtisadiyyat" kafedrasının dosenti Leyla Hacıyeva spiker qismində iştirak edib. O, tədbir iştirakçılarına “Təhsildə süni intellekt: imkanlar, çətinliklər və strateji təsirlər” ("Artificial Intelligence in Education: Opportunities, Challenges, and Strategic Implications") mövzusunda geniş məruzə təqdim edib.
Dosent Leyla Hacıyeva çıxışında süni intellektin müasir təhsil sisteminə inteqrasiyası, yaratdığı yeni imkanlar və bu prosesdə yaranan strateji çağırışlara toxunub. Məruzə konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.