4-5 may tarixlərində Qazaxıstanın Almatı şəhərində “Rəqəmsallaşma şəraitində dünya iqtisadiyyatının yeni trendləri” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirilib.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Kunayev Universiteti, Almatı Humanitar-İqtisad Universiteti və Qazaxıstan Respublikası Prezidenti yanında İnsan Hüquqları üzrə Komissiyanın birgə təşkilatçılığı ilə baş tutan tədbir rəqəmsal texnologiyaların inkişafı fonunda qlobal iqtisadi transformasiyaların müzakirəsi üçün mühüm platformaya çevrilib. Konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, ABŞ, Çin, İtaliya və digər ölkələrin elmi ictimaiyyətinin, dövlət və biznes qurumlarının nümayəndələri iştirak ediblər.
Beynəlxalq tədbirin açılış mərasimində UNEC-in Rus İqtisad Məktəbinin direktoru, dosent Mənsur Bərxudarov çıxış edərək, universitetin rektoru, professor Ədalət Muradovun salamlarını iştirakçılara çatdırıb. Proqrama uyğun olaraq, Mənsur Bərxudarov "Strateji Menecment" (Strategic Management) mövzusunda geniş məruzə ilə çıxış edib.
Tədbir çərçivəsində iqtisadi artımın innovativ modelləri, insan kapitalının inkişafı, rəqəmsallaşma şəraitində milli iqtisadiyyatların dayanıqlığı və süni intellektin müxtəlif sahələrə inteqrasiyası istiqamətində effektiv müzakirələr aparılıb. UNEC-in dosentləri Leyla Hacıyeva və Lalə Həmidovanın çıxışları konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Aparılan dialoqlar nəticəsində yeni iqtisadi reallıqlara uyğunlaşmaq məqsədilə universitetlərarası əlaqələrin və dövlətlərarası elmi əməkdaşlığın daha da gücləndirilməsinin zəruriliyi vurğulanıb.