A

UNEC-də Əməkdar müəllim, iqtisad elmlər doktoru, professor Alıcan Abbasovun 80 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Tədbirdə İnzibati və təşkilati məsələlər üzrə prorektor, dosent Şaiq Əsgərov yubilyarın alim və pedaqoq kimi 50 illik səmərəli elmi-pedaqoji fəaliyyətindən danışıb. Bildirib ki, ömrünün böyük bir hissəsini milli iqtisadiyyatın tədrisinə, bu sahənin elmi araşdırılması və ixtisaslı kadrların hazırlanmasına həsr edən professor, onlarla dərslik, dərs vəsaiti və kitabın müəllifidir.

Biznes və menecment fakültəsinin dekanı, dosent Mirağa Əhmədov yubilyarın həyat və yaradıcılığından söz açıb. Bildirib ki, A.Abbasov 1967-ci ildə namizədlik dissertasiyasını, Moskva şəhərində “Aqrar-sənaye kompleksi sistemində yeyinti sənayesinin inkişafının perspektiv planlaşdırılması problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Professorun Azərbaycan Respublikası Dövlət Komitəsi yanında Elmi-Tədqiqat İqtisad İnstitutunda sektor və şöbə müdiri, Azərbaycan Texnologiya İnstitutunun “İstehsalın iqtisadiyyatı, təşkili, planlaşdırılması və idarə edilməsi” kafedrasının müdiri vəzifələrində çalışdığını vurğulayıb. 1993-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetində “Sənayenin iqtisadiyyatı” kafedrasının professoru, 2001-2011-ci illərdə “Biznesin idarə edilməsi” kafedrasının müdiri vəzifələrində çalışdığını vurğulayıb.

 “Biznesin idarə edilməsi” kafedrasının müdiri, dosent Məhəmməd Əliyev, “Menecment” kafedrasının müdiri, professor Kamil Şahbazov və yubilyarı yaxından tanıyanlar professor Alıcan Abbasovun iqtisadiyyat sahəsinə  verdiyi töhfələrdən danışıblar, onun keçdiyi şərəfli ömür yolundan söz açaraq, alimlə bağlı xatirələrini bölüşüblər.

Sonda professor Alıcan Abbasov ona ünvanlanan xoş sözlərə və təbriklərə görə tədbir iştirakçılarına minnətdarlığını bildirib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay