UNEC əməkdaşı, gənc doktorant və siyasi tədqiqatçı Nərgiz Hacıyeva Bern şəhərində yerləşən və siyasi elmlər üzrə yeganə assosiasiya olan İsveçrə Siyasi Elmlər Assosiasiyasının Ampirik Tədqiqatlar işçi qrupunun (SPSA Empirical Methods Working Group) direktoru təyin edilib.
N.Hacıyeva işçi qrupunun direktorluğuna Bern, Sürix, Luzern, Lozanna və Bazel universitetlərinin professorlarının səsverməsi nəticəsində seçilib. O, eyni zamanda, İsveçrənin Bazel Universitetində 2023-cü ildə həyata keçiriləcək siyasi elmlər və iqtisadiyyat üzrə beynəlxalq elmi konfransın təşkilat komitəsinin icraçı üzvüdür.
İsveçrə Siyasi Elmlər Assosiasiyasının “Empirik Metodlar” işçi qrupu 2004-cü ildə yaradılıb. Qrup siyasi elm daxilində metod və metodologiya məsələləri ilə, eləcə də siyasi sosiologiya və ya siyasi iqtisad kimi birbaşa əlaqədar tədqiqat sahələri ilə məşğul olan alimlərə mübadilə platforması təqdim edir.
Xatırladaq ki, Nərgiz Hacıyeva İsveçrədə işçi qrupuna rəhbərlik edən ilk Azərbaycanlı gənc siyasi alimdir.