UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində (BMDM) “Uğrunda ölən varsa, Vətəndir!” adlı tədbir keçirilib.
Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
BMDM-in direktoru Fariz Əhmədov hər bir ölkənin gələcəyinin onun gənclərinin düşüncə tərzi, intellektual səviyyəsi və milli ruhundan asılı olduğuna diqqət çəkərək, ölkəmizdə gənc nəslin milli ruhda tərbiyə olunmasının dövlətin gənclərlə bağlı siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. F.Əhmədov bu istiqamətdə mütəmadi olaraq maarifləndirmə və təbliğat işlərinin aparılmasının gənclərin mənəvi, fiziki hazırlığının təmin edilməsində, onlarda vətənpərvərlik hisslərinin yüksəldilməsində mühüm rol oynadığını qeyd edib.
Tədbirdə aprel döyüşlərində qəhrəmancasına şəhid olan polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova və aprel döyüşlərinin iştirakçısı, Qarabağ qazisi, polkovnik Elşən Əmirov iştirak ediblər. Aprel şəhidinin cəsur, vətənpərvər bir zabit kimi keçdiyi şərəfli həyat yolundan danışan S.Orucova erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olan qəhrəmanlarımızın ibrətamiz həyatının vətənpərvərlik tərbiyəsində ön plana keçməsini vurğulayıb.
E.Əmirov gəncləri bilik, savad qazanmaqla yanaşı, vətənpərvər və mübariz olmağa səsləyərək, ölkəmizin uğurlu gələcəyinin məhz belə gənclərin əlində olduğunu bildirib. Polkovnik UNEC-in əldə etdiyi uğurları qürurla izlədiyini bildirərək, universitet kollektivinin mütəmadi olaraq cəbhə xəttinə səfər etməsini yüksək qiymətləndirib.
Türk Dünyası İşlətmə Fakültəsinin dekanı Ferruh Tuzcuoğlu, “İqtisadiyyat və idarəetmə” kafedrasının müdiri, professor Yaşar Kəlbiyev və digər çıxış edənlər Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik, vətənpərvərlik ideyalarının bugünkü inkişafımızdakı rolundan, vətənpərvərlik və milli şüurun dərk edilməsi sahəsində gənclərin üzərinə düşən vəzifələrdən danışıblar.
Magistrlərin aprel döyüşlərinə həsr etdikləri videoçarx nümayiş etdirildikdən sonra tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.