A

"Xalq qəzeti"

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasət xəttini şəraitin tələblərinə ­uyğun olaraq yeniləşdirməklə davam etdirən Prezident İlham Əliyev son 17 il ərzində respublika həyatının bütün sahələrini əhatə edən dinamik inkişafa, hər bir Azərbaycan ailəsinin rifahının yaxşılaşmasına və təhlükəsizliyinin təmin edilməsinə, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsinə nail olub. 

Azərbaycanda 2004-cü ildən başlayaraq, regionların sosial-iqtisadi inkişafına dair qəbul edilən dövlət proqramları da ölkəmizin tərəqqisində önəmli rol oynayıb. Bu proqramların icrası respublikamızın hərtərəfli inkişafının təmin edilməsinə, paytaxtla bölgələr arasında fərqin azalmasına səbəb olub. Təsadüfi deyil ki, proqramların qəbulundan sonra regionlarda onlarla kiçik, orta və böyük həcmli müəssisələr istifadəyə verilib, müasir infrastruktur yaradılıb, turizm inkişaf edib, aqrar sektorda məhsul istehsalı dəfələrlə artıb.

Dövlətimizin başçısı regional dövlət proqramlarının icrasını daim diqqətdə saxlayıb, ölkənin ən ucqar məntəqələrində yaşayan sakinlərin həyatı, gündəlik qayğıları ilə mütəmadi olaraq maraqlanıb. Prezident İlham Əliyevin bölgələrə ardıcıl səfərləri regional proqramların icrasını sürətləndirməklə bərabər, yeni iş yerlərinin yaradılması və əhalinin həyat səviyyəsinin yüksəldilməsi sahəsində görülən işlərə güclü təkan verib.

Regional proqramlar, eyni zamanda, yerlərdə vətəndaş cəmiyyəti qurulmasında ən mühüm elementlərdən birinə çevrilib. Çünki rayon mərkəzlərinin, qəsəbələrin, ucqar kəndlərin sakinləri hər zaman üzərlərində dövlət qayğısını, ölkə rəhbərinin diqqətini hiss ediblər. Belə bir vəhdətin mövcudluğu isə sözügedən dövlət proqramlarının əhəmiyyətini daha da artırıb, həmin sənədlərdə nəzərdə tutulan tədbirlərin uğurla icrasına diqqəti gücləndirib.

Aparılan geniş təhlillər də göstərir ki, regional dövlət proqramları ölkə iqtisadiyyatında mühüm prioritetə çevrilən əsas inkişaf istiqamətlərinin reallaşdırılmasını sürətləndirir. Bu cür önəmli istiqamətlərdən biri məhz elə iqtisadiyyatın diversifikasiyasıdır. Belə ki, regional proqramlar vasitəsilə Azərbaycanın bölgələrində iqtisadiyyatın ayrı-ayrı sahələri geniş inkişaf edərək, dünya bazarlarına müxtəlif məhsulların çıxarılmasını təmin edir və bununla da qeyri-neft sektorunun güclənməsinə gətirib çıxarır.

“Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ili ölkəmizin tarixinə ən uğurlu illərdən biri kimi düşüb. Bu dövrdə proqramda nəzərdə tutulan bütün tədbirlər yüksək səviyyədə yerinə yetirilib. İcrası planlaşdırılan sosial infrastruktur layihələri yüksək səviyyədə reallaşdırılıb və gələcək inkişaf üçün güclü təməl yaradılıb.

Dünyanın müxtəlif regionlarında gərginlik ocaqlarının mövcud olmasına baxmayaraq, Azərbaycanda uzun illərdir ki, siyasi sabitlik mövcuddur. Belə bir şəraitin fonunda ölkə iqtisadiyyatı dinamik olaraq inkişaf etməkdədir. Bunu statistik göstəricilərdən də aydın görə bilərik. Belə ki, dördüncü regional Dövlət Proqramının icrasının birinci ilində qeyri-neft sənayesinin sürətli inkişafı nəticəsində 98 min yeni iş yeri yaradılıb. Bu, məşğulluq səviyyəsinin yüksəlməsinə, işsizliyin  azalmasına müsbət təsir göstərib.

Ötən il ölkə iqtisadiyyatına 13,5 milyard dollar sərmayə qoyulub ki, bu da ölkə iqtisadiyyatının həm xarici, həm də daxili investorlar üçün cəlbedici olduğundan xəbər verir.İl ərzində makroiqtisadi vəziyyət sabit qalıb. İnflyasiya 2,5 faiz təşkil edib, əhalinin gəlirləri isə 7,4 faiz artıb. Bu dövrdə valyuta ehtiyatları 6,4 milyard dollar artaraq ilin sonuna rekord həddə – 51 milyard dollara çatıb.

Sadalanan uğurların əldə edilməsinə istər siyasi, istərsə də iqtisadi müstəvidə aparılan islahatlar öz müsbət təsirini göstərib və bu, sosial sahədə önəmli yeniliklər üçün əsaslı zəmin hazırlayıb.

Yeri gəlmişkən, ölkə rəhbəri ­sosial məsələlərin həllinə hər zaman böyük diqqət ayırıb. Təkcə ­2019-cu ildə Azərbaycanda 4,2 milyon insanı əhatə edən sosial paketin gerçəkləşdirilməsi ilə respublika əhalisinin rifahı xeyli dərəcədə yaxşılaşıb. Minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz, bəzi müavinətlər 50 faiz, bəziləri isə 2 dəfə artırılıb. Prezident İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 2020-ci il fevralın 6-da imzaladığı sərəncam da pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti mühüm addım kimi rəğbətlə qarşılanıb.

Xatırladım ki, bu sərəncamla bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək 16,6 faiz artırılıb. Bu, Prezident İlham Əliyevin tapşırığı ilə ötən il sosial ödənişlərin artırılması sahəsində inqilabi addımların atılmasını gerçəkləşdirən uğurlu sosial islahatların 2020-ci ildə də davam etdiyini göstərir. Bütün bunlar ölkəmizin əhalisinin sosial vəziyyətinin yaxşılaşması istiqamətində görülən işlərin analoqu olmadığını, həmçinin ölkə rəhbəri möhtərəm Prezident İlham Əliyevin apardığı siyasətin əsasında əhalinin sosial rifahının yüksəldilməsi məsələsinin ilk sırada dayandığını göstərir.

İl ərzində infrastrukturun yenilənməsi sahəsində də əsaslı işlər görülüb. Respublikada 84 məktəb və 60 tibb müəssisəsi tikilib və təmir edilib, 800 meqavat  əlavə elektrik enerjisi istehsal olunub. Bunun 400 meqavatı yeni işə salınan “Şimal-2” stansiyasının hesabına, 400 meqavatı isə itirilmiş güclərin bərpası vasitəsilə reallaşıb. Elektrik enerjisi istehsalı sahəsində ölkəmiz artıq enerji ixracatçısına çevrilib. Bu sahədə ən mühüm məsələlərdən biri də əhalinin qazla təmin edilməsidir. 2003-cü ildə Azərbaycanda qazlaşdırmanın səviyyəsi 51 faiz idisə, hazırda bu rəqəm 96 faizə çatıb. Bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir.

Ötən il ərzində ölkədə 1300 kilometr avtomobil yolu salınıb ki, bu da əvvəlcədən nəzərdə tutulandan 300 kilometr çoxdur. Dünya ekspertlərinin qiymətləndirmələrinə görə, respublikamız avtomobil yollarının keyfiyyəti reytinginə əsasən dünya ölkələri arasında 27-ci yerdə qərarlaşıb. Azərbaycan bu göstəriciyə görə, hətta bir sıra inkişaf etmiş ölkələrdən irəlidədir.

Son illərdə müasir texnologiyaların və qabaqcıl təcrübənin tətbiqi sayəsində respublikada sənayeləşmə sürətlə inkişaf edib, metallurgiya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və digər ənənəvi sənaye sahələri genişləndirilməklə yanaşı, yeni sənaye sahələri yaradılıb, bir sıra sənaye məhsulları üzrə özünütəminetmə səviyyəsi yüksəlib. Əlbəttə, bütün bunlar dövlət başçısının uğurlu iqtisadi strategiyası nəticəsində gerçəkləşib. Təkcə 2019-cu il ərzində sözügedən istiqamətdə ölkə rəhbərinin iştirakı ilə həyata keçirilən tədbirlərə qısa nəzər salmaqla bunu aydın görmək olar. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə ötən il Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunan “SOCAR karbamid”,  yüksəksıxlıqlı polietilen, Pirallahı Sənaye Parkında “Diamed” şpris istehsalı zavodları, Bakıda ­“Şimal-2” elektrik stansiyası istifadəyə verilib.

Keçən il ən mühüm hadisələrdən biri də Trans-Anadolu boru kəməri (TANAP) qaz kəmərinin istismara verilməsi olub. Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunan  müşavirədə bildirib: “2019-cu ildə TANAP qaz kəməri istismara verildi. Hesab edirəm ki, bu, tarixi nailiyyətdir. Çünki TANAP Cənub Qaz Dəhlizinin əsas hissəsidir. Məhz 2012-ci ildə TANAP üzrə imzalanmış sazişdən sonra “Şahdəniz-2” qaz-kondensat yatağının işlənilməsi üçün sanksiya verilib. Əgər TANAP imzalanmasaydı, “Şahdəniz-2”nin işlənilməsi başlamayacaqdı və bu gün biz bu əlavə qaz həcmini əldə edə bilməyəcəkdik. Bu, böyük problemlər yarada bilərdi. Ona görə həm TANAP üzrə sazişin imzalanması, həm də bu qaz kəmərinin vaxtından əvvəl istismara verilməsi və nəzərdə tutulmuş vəsaitə çox böyük qənaət edilməsi, doğrudan da böyük tarixi nailiyyətimizdir. Cənub Qaz Dəhlizinin qalan dördüncü layihəsi də uğurla icra edilir. TAP layihəsinin icra səviyyəsi 90 faizi keçib. Əminəm ki, biz bu il TAP-ın istismara verilməsini də nəzərdə tutulmuş vaxtda qeyd edəcəyik”.

Xatırladım ki, TANAP layihəsi təbii qazın “Şahdəniz”, eyni zamanda, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyır.

Sonda onu da qeyd edim ki, hazırda Azərbaycanda aparılan islahatlar, həyata keçirilən ­mühüm tədbirlər ölkə vətəndaşları ilə yanaşı, beynəlxalq ictimaiyyət tərəfindən də böyük maraqla izlənilir və müxtəlif beyin mərkəzləri tərəfindən yüksək qiymətləndirilir. Düşünülmüş addımların nəticəsidir ki, ölkəmiz “Doing Business – 2019” hesabatında dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilib. Həmçinin Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Bu hesabatda Azərbaycan 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın bir çox dövlətlərini geridə qoymaqla, Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlib.

Əvəz ƏLƏKBƏROV, 
Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və maliyyə institutları" kafedrasının müdiri,
iqtisad elmləri doktoru, professor, BMT-nin sülh səfiri

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay