Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisad elmləri doktoru, Beynəlxalq Menecment Akademiyasının həqiqi üzvü Natiq Qasımov son 17 ilin uğurlarından söhbət açarkən əvvəlcə ümummilli lider Heydər Əliyevin sosial-iqtisadi fəaliyyəti barədə fikirlərini bildirdi: – Ötən əsrin 80-ci illərinin sonlarında keçmiş SSRİ-də inzibati-amirlik modeli böhranla üzləşmişdi. Bu proses Azərbaycandan da yan keçməmişdi və insanların vətənpərvərlik hisslərindən faydalanaraq təşəbbüsü ələ alan “liderlər” çox cidd-cəhdlə fenomenal, özünü dövlət idarəçiliyinin ən yüksək postunda təsdiqləyən dahi şəxsiyyəti, ulu öndər Heydər Əliyevi bütün vasitələrlə siyasi proseslərdən kənarlaşdırmağa çalışırdılar. Dünyada baş verən prosesləri dərk etmək iqtidarında olmayan AXC–Müsavat cütlüyündə təmsil olunan şəxslər, nəhayət, müstəqillik ideyası ətrafında birləşən cəmiyyətdə qarşıdırma yaratdılar və ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydular. Yalnız bu məqamda öz acizliklərini anlayaraq, eyni zamanda, xalqın qəzəbindən qorxaraq, ulu öndər Heydər Əliyevə üz tutub hakimiyyətdən uzaqlaşdılar.
Həmin dövrdə AXC-Müsavat rəhbərliyinin səriştəsizliyi ucbatından iqtisadiyyatda tənəzzül hökm sürürdü, kənd təsərrüfatının ənənəvi sahələrində, sənaye istehsalında dərin böhran yaşanırdı, inflyasiya min faizlərlə ölçülürdü, bir sözlə, iqtisadiyyat defolt həddə çatmışdı və ölkənin perspektivi, demək olar ki, dəhşətli şəkildə narahatlıq doğururdu. Amma xalqın, dövlətçiliyin böyük təəssübkeşi olan Heydər Əliyev müstəqilliyinə yenicə qovuşan Azərbaycanı qısa vaxtda bu ağır vəziyyətdən çıxardı: makroiqtisadi sabitlik, hiperinflyasiyanın cilovlanması üçün təxirəsalınmaz tədbirlər həyata keçirdi. Bütün bunları isə iqtisadi islahatlar aparmaqla, ölkə iqtisadiyyatında bazar prinsiplərinin bərqərar olmasını təmin etməklə, xarici ticarət əməliyyatlarının liberallaşdırılmasını diqqət mərkəzində saxlamaqla, açıq qapı siyasətinin tətbiqinə üstünlük verməklə reallaşdırdı.
Yeri gəlmişkən, dahi şəxsiyyət bu dövrdə iqtisadi vəziyyəti yaxşılaşdırmaqla bərabər, respublikanı o zamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətdən çıxardı, özbaşınalıq, mənəmlik, xalqın istək və arzularına etinasızlıq, ifrat millətçi və yarıtmaz milli siyasət nəticəsində baş alıb gedən separatçılıq hallarını aradan qaldırdı, ən başlıcası isə erməni təcavüzünün miqyasının genişlənməsinin qarşısını aldı.
Yaşanan ictimai-siyasi gərginliklər fonunda 1994-cü il sentyabrın 20-də iqtisadi siyasətin mühüm istiqaməti olan yeni neft strategiyasının təməli də ümummilli lider Heydər Əliyev tərəfindən qoyuldu: Azərbaycanın müstəqil dövlət kimi öz yeraltı və yerüstü sərvətlərinin şəriksiz sahibi olduğunun rəmzi sayılan “Əsrin müqaviləsi” imzalandı.
Burada bir faktı da xatırlatmaq istərdim. Belə ki, adıçəkilən müqavilənin həyata vəsiqə almasından ötən müddətdə Azərbaycanın neft sektoruna böyük həcmdə investisiya qoyulub ki, bu da neft-kimya sənayesinin inkişafına, Azərbaycan neftinin dünya bazarına müstəqil nəql olunması üçün neft kəmərlərinin çəkilməsinə, neft gəlirlərinin gələcək nəsil üçün toplanmasına və indiki sosial layihələrin həyata keçirilməsinə, yeni texnika və texnologiyaların tətbiqinə və xüsusilə yeni neft yataqlarının kəşf edilməsi, işlənilməsi, qazılmasına yönəldilib. Ümumiyyətlə, “Əsrin müqaviləsi” Azərbaycanın inkişafında mühüm rol oynayıb və ölkəmizin dünya miqyasında əhəmiyyətli mövqeyini yüksəldib.
Onu da xatırladım ki, 1993- 2003-cü illərdə ölkədə həyata keçirilən siyasət iqtisadi islahatların və inkişafın mahiyyət etibarilə yeni Azərbaycan modelinin formalaşmasına zəmin yaradıb. Bu modelin fərqləndirici xüsusiyyətini isə inkişaf üzrə müəyyənləşdirilən istiqamətlərin sahəvi proqramlarla əlaqələndirilməsi, iqtisadi inkişafın obyektiv qanunauyğunluqlarını nəzərə alan, gələcəyə hesablanan və cəsarətli qərarların qəbul olunması, sosialyönümlüyün gözlənilməsi, milli mentalitetin nəzərə alınması və mütərəqqi dünya təcrübəsinə əsaslanması məsələləri təşkil edib.
–Son 17 ilin reallıqları barədə də fikrinizi bilmək istərdik.
–Bu gün xalqımız Heydər Əliyev siyasətin uğurlarını gündəlik həyatında hiss edir, onunla yaşayır və onun irsindən bəhrələnir. Bu müdrik siyasətin icraçısı ulu öndərimizin alternativsiz siyasi varisi cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir.
Ümummilli liderimizin siyasəti Azərbaycanın uğurlarının əsasıdır, gələcəyə istiqamətlənib. Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olunması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan uğurla çıxıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan dərin islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırıb, Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaradıb.
Cənab İlham Əliyev tərəfindən son 17 iidə Azərbaycanın müstəqil dövlətçilik ənənələri formalaşdırılıb, respublikamızın gələcək uğurlarına əsaslı təminat yaradılıb. Ölkəmiz hazırda regionda həyata keçirilən qlobal enerji və kommunikasiya layihələrinin təminatçısına çevrilib, ümumi daxili məhsulun artım tempinə görə dünyanın lider dövlətləri sırasına yüksəlib, respublikada sosial problemlərin həlli – işsizliyin aradan qaldırılması, yoxsulluğun azaldılması, infrastrukturun bütün sahələrdə yeniləşdirilməsi istiqamətlərində önəmli addımlar atılıb, vətəndaşların firavan, azad yaşayışı, insan hüquq və azadlıqlarının təmini, habelə demokratikləşmə yolunda önəmli tədbirlər gerçəkləşdirilib.
–Ötən il Azərbaycanın siyasi, sosial–iqtisadi sahələrində də bir sıra önəmli hadisələr yaşandı...
–Əvvəla onu deyim ki, 2020- ci il bütün dünyada olduğu kimi, ölkəmizdə də koronavirus pandemiyasına qarşı ciddi mübarizə aparıldı. Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edən Azərbaycanın qlobal müstəvidə fəal rolu diqqət çəkdi. Ölkə rəhbərliyinin gördüyü tədbirlər respublikamızda yeni növ virusun törətdiyi xəstəliyə qarşı mübarizəni ən yüksək səviyyədə təşkil etməyə, eyni zamanda, iqtisadi böhranın qarşısını almağa, iqtisadi sabitliyi qoruyub saxlamağa imkan yaratdı. Bunun nəticəsində iqtisadi sahəsində bir sıra əlamətdar hadisələr qeyd edildi. Cənub Qaz Dəhlizinin əsas komponentlərindən biri olan, Azərbaycan qazını Avropaya nəql edəcək 878 kilometrlik Trans-Adriatik qaz boru kəmərinin (TAP) tikintisi tamamlandı və noyabrın 15-də TAP kommersiya əməliyyatlarına başladı. Yeri gəlmişkən, bu ilin əvvəlində isə TAP layihəsi– “Şah Dəniz-2” qaz yatağından təbii qazın Avropaya nəqli reallaşdı və beləliklə, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verdi.
Keçən il taleyüklü bir hadisə isə tarixə qızıl hərflərlə yazıldı. Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin bütün cəbhəboyu genişmiqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Vətən müharibəsinin 44 günü ərzində – sentyabrın 27-dən noyabrın 9-dək rəşadətli Azərbaycan Ordusu 5 şəhəri, 4 qəsəbəni və 286 kəndi erməni işğalçılarından təmizlədi.
Bu müharibədə Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməyəcəyini, iflasa məhkum olacağını anlayan düşmən məğlubiyyətini etiraf etmək məcburiyyətində qaldı, noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən üçtərəfli bəyanat imzalandı. Bununla da 30 ildən artıq davam edən münaqişəyə, torpaqlarımızın işğalına son qoyuldu, Cənubi Qafqaz bölgəsinin gələcək inkişafına yönələn fəaliyyətin yeni formatı şərtləndirildi. Bəyanatın müddəalarına uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların dayandırılması elan edildi. Ötən il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları mərhələ-mərhələ Azərbaycan Respublikasına qaytarıldı.
Artıq tarixi zəfərdən sonra Azərbaycana qovuşan Qarabağımızın bərpası, dirçəldilməsi yolunda Ali Baş Komandanın tapşırıq, göstəriş və tövsiyələri ilə mühüm addımlar atılır. Dövlətimizin başçısının imzaladığı müvafiq fərmanla işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri açılır. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilər üzrə Strateji Fəaliyyət Planı hazırlanır və bütün ərazilərin və şəhərlərin bərpasının vahid konsepsiya əsasında həyata keçiriləcəyi nəzərdə tutulur. Bütün bunlarla bərabər, bu ərazilərdə torpaq islahatının aparılması üçün yeni mexanizm və meyarlar öyrənilir, torpaqların su ehtiyatlarından səmərəli istifadə məsələləri araşdırılır, Qarabağ bölgəsinin yaşıl enerji zonasına çevrilməsi, su mənbələrindən istifadə edilərək su elektrik stansiyalarının tikintisi imkanları nəzərdən keçirilir, həmçinin cənab İlham Əliyevin tapşırığı ilə yaşayış məntəqələrimizin “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında qurulacağı istiqamətində işlər planlaşdırılır, keçmiş köçkün əhalinin öz dəbə-baba yurdlarına qaytarılması ilə əlaqədar xüsusi proqram tərtib olunur.
–Bu il ölkənin iqtisadi həyatı ilə bağlı qarşıda duran vəzifələr barədə nə deyə bilərsiniz?
–Sualınızla bağlı əvvəlcə onu deyim ki, cari ildə iqtisadi artımın bərpa edilməsinə nail olunmalı, inflyasiya meyillərinin qarşısı alınmalı, valyuta ehtiyatlarının səmərəli idarəsi diqqətdə saxlanılmalı, dövlət vəsaitlərinin düzgün istifadəsi üçün maliyyə inzibatçılığının keyfiyyəti yüksəldilməli, maliyyə intizamı daha da gücləndirilməli, nəzarət mexanizmləri sistemi təkmilləşdirilməlidir. Bütün bunlarla bərabər, büdcə xərclərinin optimallaşdırılmasına, qənaət rejiminin tətbiq olunmasına önəm verilməli, artıq və səmərəsiz xərclərə qarşı mübarizə davam etdirilməlidir.
Son illərdə ölkədə qeyri-neft sektorunun tərəqqisinə prioritet istiqamət kimi yanaşılır. Bu baxımdan sənayeləşmə və qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir. Ona görə də iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi önəm verilir, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi istiqamətində sistemli tədbirlər həyata keçirilir. Prezident İlham Əliyev yanvarın 18-də Sumqayıt Kimya Sənaye Parkında təməlqoyma və açılış mərasimlərindən sonra Azərbaycan Televiziyasına müsahibəsində qeyri-neft sektorunun inkişafının əhəmiyyəti barədə deyib: ”Biz hətta dünya bazarlarında neftin qiymətinin aşağı səviyyədə olduğu bir dövrdə də öz dayanıqlılığımızı qoruya bilmişik. Mən bu yaxınlarda ilin yekunları ilə bağlı keçirdiyim müşavirədə qeyd etdim ki, bizim valyuta ehtiyatlarımız azalmayıb, hətta az da olsa, artıb. Nəyə görə? Çünki qeyri-neft sektoru uğurla inkişaf edib. Bütün dünya ölkələrində 2020-ci il iqtisadi tənəzzül ili olmuşdur, bizdə də, həmçinin. Amma bizdə tənəzzül cəmi 4,3 faiz olmuşdur. İnkişaf etmiş bəzi ölkələrdə bu, daha böyük rəqəmlərlə ölçülür. Amma bizdə qeyri-neft sənaye sahəsində artım 12,5 faiz olub, məhz bu kimi müəssisələrin hesabına. Sənaye, kənd təsərrüfatı, qeyri-neft sektoru, ixrac imkanları, idxaldan asılılığın azaldılması - bütün bu amillər bugünkü yeni reallığı yaradıb”.
Sənayeləşmə siyasətinə uyğun olaraq, ölkəmizdə yüzlərlə müasir sənaye müəssisəsi, yeni istehsal sahələri yaradılır, daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artır, ixrac imkanları genişlənir.
Hazırkı dövrdə sənayenin yeni modellərin tətbiqi ilə inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Qlobal çağırışlarla uzlaşan sənaye parkları və məhəllələri, aqroparklar kimi mütərəqqi mexanizmlər ixracyönümlü məhsulların istehsalının genişləndirilməsinə, neft-qaz amilindən asılılığın daha da azaldılmasına, innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin inkişafına və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasına yeni imkanlar açır.
Prezident İlham Əliyevin müvafiq fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılmasında da əsas məqsəd parkların, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi, bu qurumların işinin yeni tənzimləyici və idarəetmə çərçivəsində təşkili, 4-cü Sənaye İnqilabının texnologiyalarının ölkəyə transfer olunmasına əlverişli şərait yaradılması, bütövlükdə qeyri-neft sənayesinin, şaxələndirmənin sürətləndirilməsidir.
Bütün bunlara əsaslanıb qeyd edə bilərəm ki, sənayeləşmə və qeyri-neft sənayesinin inkişafını sürətləndirmək üçün özəl sektorun investisiya layihələrinin maliyyələşdirilməsinə cəlbi daha da gücləndirilməli, dövlət-özəl tərəfdaşlığının təşviqi davam etdirilməli, özəl investisiyaların prioritet sahələrə yönəldilməsi stimullaşdırılmalıdır.
–Natiq müəllim, bu ilin yanvar ayında Azərbaycan Respublikası hökuməti ilə Türkmənistan hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması barədə də fikirlərinizi bilmək maraqlı olardı…
–“Dostluq” yatağı Azərbaycan neftçiləri tərəfindən kəşf olunsa da, Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə uzun illər onun işlənməsi mümkün olmayıb və məsələ ilə bağlı ardıcıl danışıqlar aparılıb. Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında ardıcıl təmaslar, qarşılıqlı səfərlər iki dost ölkə arasında bütün məsələlərin hər iki tərəf üçün qənaətbəxş səviyyədə həlli üçün etibarlı zəmin yaradıb. Azərbaycanla Türkmənistan arasında yüksək səviyyədə əldə olunmuş razılaşmaya əsasən, nəhayət, Aşqabad şəhərində “Azərbaycan Respublikası hökuməti ilə Türkmənistan hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb.
Bu tarixi hadisə Xəzər dənizinin belə demək mümkünsə, birləşməsi ilə bərabər, həm də tarixi etnik-dini ənənələrə söykənən hər iki ölkə arasında dostluq, qardaşlıq əlaqələrinin möhkəmlənməsi deməkdir.
Memorandumun imzalanması bölgə üçün yeni geoiqtisadi perspektivlər açacaq. Sənəd həm də Xəzər dənizi tarixində ilk dəfə olaraq iki ölkənin yatağı birgə istismarı və xarici bazarlara nəql etməsi ilə yadda qalacaq. Bu layihə Azərbaycanın geoiqitsadi mövqeyini möhkəmləndirməklə yanaşı, onun tranzit və nəqliyyat əhəmiyyətini də xeyli dərəcədə gücləndirəcək.
Ümumiyyətlə, deyərdim ki, Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalanması 44 günlük zəfərimizin davamıdır, bu, daha bir qələbəmizdir. Ancaq bu uğur iki qardaş və dost Azərbaycan və Türkmənistan dövlətləri tərəfindən əldə edilib.
Bütün bunlar isə tam əminliklə deməyə əsas verir ki, Prezident İlham Əliyev praqmatik siyasətçidir, hadisələri, prosesləri dəqiq qiymətləndirir, mühüm məsələlərin elmi cəhətdən əsaslandırılmış həlli yollarını təqdim edir, verdiyi bütün vədləri yüksək səviyyədə gerçəkləşdirir.
Müsahibəni qələmə aldı:
Vaqif BAYRAMOV, “Xalq qəzeti”